Avropa İttifaqı (Aİ) mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur. Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos AzadlıqRadiosuna bildirib. O, Yerevanla Bakının sülh sazişini paraflamasından sonra sərhəddə üçüncü qüvvələrin geri çəkilməsinə dair sualı cavablandırıb.
"Bildiyimə görə, Ermənistan xalqı və hakimiyyəti Avropa İttifaqının Ermənistandakı missiyasını alqışlayır. Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və, əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək", – səfir bildirib.
Saziş Vaşinqtonda paraflanandan sonra hər hansı müzakirə aparılıbmı? Bu sualı cavablandıran Maraqos deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətlərinin dəvəti ilə ölkədədir və gərəkdiyi müddətdə burada qalacaq: "Bu, sülh və tənzimləmə vasitəsidir. Onu tam dəstəkləyirik".
Sülh müqaviləsinin mətninin razılaşdırılmasından beş ay sonra Ermənistan və Azərbaycan avqustun 8-də Vaşinqtonda sazişi paraflayıblar. Sənəddə deyilir ki, qarşılıqlı sərhədə hər hansı üçüncü tərəf qüvvələrini yerləşdirməməlidir.
Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində daha iki il –2027-ci il fevralın 19-dək qalmasına qərar verilib.
Bakı dəfələrlə Aİ-nin Ermənistandakı missiyasını casusluq fəaliyyətində, "binokl diplomatiyası"nda ittiham edib. Aİ missiyası bu ittihamları qətiyyətlə rədd edib.