Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:12

Əfqanıstan zülmətdə. 'Taliban' rabitə xidmətlərini blokladı


Kabildə evin damında telekommunikasiya antenası.
Kabildə evin damında telekommunikasiya antenası.

"Taliban" Əfqanıstanda rabitə xidmətlərini bütünlükdə bloklayıb. Bununla da ölkənin dünya ilə əlaqəsi kəsilib.

İslamçı qruplaşma sentyabrın 29-da ölkə üzrə fiber-optik internetə çıxışı kəsib. Eyni sistemə bağlı mobil telefon şəbəkələri də, əsasən, bağlanıb.

Bu, Əfqanıstanda xaos yaradıb: uçuşlar pozulub, bank və e-ticarət sistemlərinə, onlayn işlərə, məktəblərə çıxış bağlanıb.

"İnternet tam kəsilib"

"NetBlocks" interneti monitorinq qrupu sentyabrın 29-u axşam saatlarında bildirib ki, Əfqanıstanda internet tam kəsilib.

"Taliban" blokadanı rəsmən əsaslandırmayıb. Amma bir neçə həftə öncə bəzi vilayətlərdə fiber-optik internetə çıxış bloklanmışdı. Qruplaşma məqsədin "əxlaqsızlığı önləmək" olduğunu bildirib.

Tənqidçilər bu qərarı fərdi azadlıqlara, informasiyanın sərbəst axınına genişmiqyaslı repressiyaların tərkib hissəsi sayırlar. "Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirəndən əfqanların, özəlliklə qadınların hüquqlarını ciddi məhdudlaşdırıb. İnternetin bloklanması şəriət qanunları ilə əlaqələndirilsə də, dinşünas alimlər belə bir qadağanın dini əsasının olmadığını deyirlər.

İnternet son illərdə əfqan qadınlar üçün nicat yoluna çevrilib. Çünki "Taliban" 2022-ci ildə qadınların işləməsinə və təhsil almasına da qadağa qoyub.

İqtisadi problemlər dərinləşəcək

Genişmiqyaslı internet blokadası ölkədəki iqtisadi problemləri daha da dərinləşdirəcək. Əfqanıstanda yoxsulluq artır, aclıq yayılıb, işsizlik yüksək həddədir.

"Flightradar24" uçuşları izləmə xidməti bildirib ki, sentyabrın 29-da Kabil Beynəlxalq Hava Limanından uçmalı və ya oraya enməli olan azı səkkiz reys ləğv edilib.

Almaniyada yaşayan əfqan analitik İshak Atmar rabitənin kəsilməsinin geniş təsirlərindən danışır: "Bu, həm Əfqanıstan xalqı, həm də ölkə iqtisadiyyatı üçün böyük itki deməkdir. İnterneti kəsirsənsə, həyat dayandırılır, çünki internetsiz heç nə mümkün deyil".

Fransada yaşayan əfqan jurnalist Harun Bəsir AzadlıqRadiosuna deyib ki, sentyabrın 29-dan Əfqanıstandakı ailəsi ilə əlaqə saxlaya bilmir: "Bu, məni çox incidir. Ölkədən kənarda yaşayan və ailələri ilə əlaqə yarada bilməyən minlərlə əfqan üçün ciddi problemdir".

XS
SM
MD
LG