Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:12

Baramaçılıqda geriləmə var. Dövlət proqramı yerinə yetirilmədi?


Məktəbdə barama saxlamaqla iqtisadi inkişaf
Gözlə

No media source currently available

0:00 0:07:45 0:00

Məktəbdə barama saxlamaqla iqtisadi inkişaf (ARXİV. 2021)

Azərbaycanda barama istehsalı 20 faizdən çox azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında bildirilir.

Hesabatda vurğulanır ki, bu ilin səkkiz ayında kənd təsərrüfatında istehsal 0.8 faiz azalsa da, heyvandarlıq sahəsində artım var. Geriləmə, əsasən, bitkiçiliyin payına düşür.

Hesabata görə, 2025-ci ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə 383.9 min ton ət, 1 milyon 493.4 min ton süd, 1 milyard 605.7 milyon ədəd yumurta, 14.3 min ton yun, 186.6 ton barama istehsal olunub. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2.1 faiz, ət istehsalı 1.2 faiz, süd istehsalı 0.3 faiz artıb, yun istehsalı 1.4 faiz, barama istehsalı isə nə az, nə çox düz 22.1 faiz azalıb.

Baramaçılıqda belə geriləmə hökumətin açıqladığı prioritetlərlə üst-üstə düşmür. 2015-ci ildə dünyada neftin qiyməti kəskin ucuzlaşanda hökumətin məqsədlərindən biri də baramaçılığı inkişaf etdirmək idi. Hələ 2017-ci ilin noyabrında dövlət başçısı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nı təsdiq eləmişdi. Proqramda baramaçılığın, ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin olunması məqsədi güdülürdü.

Sənəddə xatırladılırdı ki, SSRİ dönəmində Azərbaycanda yaş barama istehsalı 1970-ci ildə 3.7 min, 1975-ci ildə 4.4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə isə 5.5 min ton olub. 1991-ci ildə isə (Həmin il Azərbaycan müstəqilliyinə qovuşdu) respublikada yaş barama istehsalı 5.9 min tona çatdırılıb. "Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur", - deyə qarşıya məqsəd qoyulurdu.

Bu ilin səkkiz ayında isə, hələlik, ölkədə cəmi 186.6 ton barama istehsal olunduğu açıqlanıb.

Proqram dövründə...

Proqramın qəbulundan bir il öncə Azərbaycanda 70.7 ton barama istehsal edilib. 2017-ci ildə bu rəqəm artıq 245 tona çatmışdı. Proqramın icra olunduğu ilk ildə (2018) istehsal bir qədər də artaraq 514 tona yüksəlib. 2019-cu ildə də artım davam edib.

Amma 2020-ci ildə 2019-cu ilə nisbətdə 30.6 faiz az – 446.6 ton barama istehsal olunub. Bu, koronavirus pandemiyası ilə izah edilib.

2021-ci ildə isə barama istehsalı 497.4 tona qədər artsa da, 2022-ci ildə yenidən kəskin şəkildə - 31 faiz azalaraq 341 tona düşüb.

Ötən il də bu rəqəm 239.4 tona qədər geriləmişdi.

Halbuki son 10 ildə (xüsusilə də 2016, 2017 və 2018-ci illərdə) Azərbaycanda baramaçılığın inkişafına böyük pullar xərcləndiyi bildirilir. Məsələn 2016-2019-cu illər ərzində baramaçılığın yem bazasının bərpa olunması üçün Çin Xalq Respublikasından Azərbaycana 3.5 milyon tut tingi gətirildiyi açıqlanıb. Üstəlik, fermerlərə subsidiya da verilib.

XS
SM
MD
LG