Yekaterinburqda saxlananlara qətl ilə bağlı ittiham verilib
E1.ru portalı yazıb ki, 2001-ci ildə Yekaterinburqda Azərbaycandan olan Yunis Paşayev mətbəx bıçağı ilə öldürülüb. Bu işdə "Kaspiy" kafesinin sahibləri Hüseyn və Ziyəddin Səfərovlar əsas şübhəli sayılıblar. Bu informasiyanı RBK-yə hüquq-mühafizə orqanları təsdiqləyiblər.
İyunun 29-da Yekaterinburq məhkəməsi Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib, onlara qətllə bağlı ittiham irəli sürülüb. Məhkəmədən fotolarda saxlananlardan birinin üzündə hematoma görünür.
Əhliman Gəncəyev, Şahin Lalayev, Bəkir Səfərov isə 72 saatlıq saxlanıblar. Onlarla bağlı həbs-qətimkan tədbiri daha sonra seçiləcək.
Azərbaycan deputatlarının Rusiyaya səfəri ləğv edilib
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərinə səfəri təxirə salınıb. Həmin nümayəndə heyəti Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməli idi.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.
Məlumatda bildirilir ki, "buna səbəb Rusiyanın Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən etnik zəmində nümayişkaranə, məqsədli, mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsidir".
Rusiyanın Azərbaycanda mədəniyyət tədbirləri ləğv edilib
Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilir.
Bu barədə iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.
"Telefonları əllərindən alınıb"
"525-ci qəzet"in qardaşlarını itirən baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli deyir ki, əməliyyat zamanı başqa yaxın qohumları da saxlanıb, hələ də onlardan bəzilərinin aqibətlərindən xəbərsizdir, cənazələrin təhvil alınması üçün isə danışıqlar gedir: "Evə basqınlar, şəhərin ən müxtəlif nöqtələrindəki məskənlərə basqınlar olanda bütün qadınların, uşaqların telefonları əllərindən alınıb ki, təcrid olunsunlar, əlaqə saxlaya bilməsinlər. Yəni, onları da girova, əsirə çeviriblər. Gecə saat 5-də olub bu basqın... Kənarda qalanlar, telefonu olanlar məlumat verdi. Təəssüf ki, sonradan çox acınacaqlı məlumatlar gəldi. Əvvəlcə, həbs xəbəri, bu cür saxlanma, bu basqın, müsibət xəbəri gəldi, ardınca da itkilərimizlə bağlı məlumat aldıq".
S.Hüseynli deyir ki, hələlik, Rusiya tərəfdən adekvat davranış görmür, ölən yaxınının ürəktutmasından həyatını itirməsi məlumatını isə qəbul etmir. O qeyd edir ki, sözügedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstəyini əsirgəməyib: "Xalqımıza bir gözdağı vermək, diasporumuza divan tutmaq meyli, mənim fikrimcə, burada özünü açıq-aydın göstərir. Heç bir halda, heç bir cinayət əməli - lap tutaq ki, olmuş olsa da, - nəzəri cəhətdən belə davranışa, insanları işgəncə altında öldürməyə əsas vermir".