Yekaterinburqda Səfərov qardaşlarının ölümü – əməliyyat faciəyə necə çevrildi?
Nə baş verib?
Azərbaycan və Rusiyanın bəzi media orqanlarının məlumatına görə, iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. H.Səfərovun Azərbaycan, Z.Səfərovun isə Rusiya vətəndaşı olduqları deyilir.
Amma Rusiyanin bəzi media orqanlarinda yer alan iddialara görə, ölümlərdən biri saxlanmadan sonra ürəktutma nəticəsində baş verib.
Yekaterinburqda yaşayan Azərbaycan əsilli insanların verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Yekaterinburqda azərbaycanlıların ölümü ilə nəticələnmiş reydlərə görə Rusiyaya 'kəskin' etiraz bildirilib
İyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində keçirilən əməliyyatlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN bildirir ki, Rusiya tərəfinə iyunun 27-də azərbaycanlıların yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələrinin iki nəfəri qətlə yetirdiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin isə həbs edildiyi reydləri ilə bağlı "kəskin" etiraz bildirilib.
"Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb", - XİN vurğulayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Yekaterinburqdakı saxlamalar cinayət işləri çərçivəsində həyata keçirilib. O, şübhəlilərin Rusiya vətəndaşları olduqlarını sözlərinə əlavə edib.