Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdə problemlərin olduğunu etiraf edib. O, Çinə səfərinin yekununda jurnalistlərin suallarını cavablandırarkən deyib: "Ölkələrarası münasibətlərdə hər zaman mövcud vəziyyətdən, siyasi konyunkturadan yaranan suallar olur. Problemlər var, amma bu gün prezident Əliyevlə salamlaşdıq, iki-üç kəlmə danışdıq. Əsaslı münasibətlər və onları inkişaf etdirməyə qarşılıqlı maraq hər şeyi yerinə qoyacaq".
Peskov: Putinlə Əliyev əl sıxıblar, amma 'substantiv' ünsiyyətləri olmayıb
Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev salamlaşıblar, amma substantiv ünsiyyətləri olmayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Açıqlamanı "İnterfaks" yayıb.
"Onlar Əliyevlə salamlaşıb, əl sıxıblar, amma bu dəfə hər hansı substantiv ünsiyyət olmayıb", – Peskov jurnalistlərə deyib.
"İnterfaks" "substantiv" sözünü belə izah edir: müəyyən məzmunlu və praktik nəticələrə yönəlmiş.
Əliyev, Putin və bir sıra ölkələrin liderləri avqustun 31-i və sentyabrın 1-də Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə, sentyabrın 3-də isə Pekində İkinci Dünya müharibəsinin 80-ci ildönümünə həsr olunmuş parada qatılıblar.
Sammit çərçivəsində Putin və Əliyev ayrı-ayrılıqda müxtəlif görüşlər keçiriblər. Onların Çində bir araya gələcəyi ehtimalı səslənirdi. Elə D.Peskov da belə bir görüşü istisna etməmişdi.
İ.Əliyev mayın 9-da Moskvaya Putinin keçirdiyi Qələbə paradına getməmişdi.
Son aylar Azərbaycanla Rusiya arasında siyasi əlaqələr pisləşib. İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma ardınca da müxtəlif şəhərlərdə Azərbaycan diasporunun təmsilçiləri həbs olunmağa başlayıb və bu prosesin hələ də davam etdiyi vurğulanır.
Azərbaycanda isə narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.