Avropa İttifaqı (Aİ) 2026 və 2027-ci illərdə Ukraynanın müdafiə ehtiyaclarını daha çox qarşılamağın yollarını araşdırır. ABŞ bunu uzun müddət etməyə hazır olmayacağına işarə vurub. AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak Brüsseldə çoxluğun müharibənin davam edəcəyini ehtimal etdiyini yazır.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sentyabrın əvvəlində Avropa Parlamentindəki illik çıxışında "reparasiya krediti" ilə bağlı təklif verib.
Bu kredit necə işləyəcək? Avropa Komissiyası bununla bağlı blok üzvlərinə birsəhifəlik sənəd təqdim edib. AzadlıqRadiosunun gördüyü sənədi sentyabrın 26-da Aİ səfirləri qısaca müzakirə ediblər.
Fon der Lyayen bu sənədi oktyabrın 1-də Kopenhagendə Aİ-nin qeyri-rəsmi sammitində təqdim etməyə hazırlaşır. Ukrayna prezidenti Volodimir Zelenski də sammitə qatıla bilər. Aİ-nin maliyyə nazirləri isə gələn həftə Lüksemburqda bu məsələni detallı müzakirə edəcəklər.
Kredit mexanizminin bəzi əsas konturları aydındır.
Ukraynaya veriləcək istənilən kredit Rusiyanın başlatdığı genişmiqyaslı işğaldan sonra Aİ-də dondurulmuş Rusiya aktivlərinə əsaslanacaq. Kredit həmin vəsaitlərə toxunulmadan veriləcək və Ukrayna bu pulu Rusiya müharibə zərərlərini ödədikdən sonra geri qaytaracaq.
Bu reparasiya krediti təsdiqlənsə, bir neçə problemi aradan qaldıra bilər.
Ən vacibi, Ukraynaya gərəkən maliyyə dəstəyi veriləcək, Macarıstan və Slovakiya kimi tərəddüd edən üzv ölkələri ona veto qoya bilməyəcək.
Bununla Aİ-dəki Rusiya aktivlərinin taleyi aydınlaşacaq, Aİ büdcəsinə təzyiq azalacaq.
Mümkün əngəllər
Bu, yekun qərar deyil, bəzi əngəllər qalır.
Məsələn, Rusiya dondurulmuş aktivlərindən başlayaq. Aİ-də bu vəsaitlərin təxminən 176 milyard avro (207 milyard dollar) olduğu bildirilir. Onlar Belçikadakı "Euroclear" mərkəzləşdirilmiş qiymətli kağızlar depozitari şirkətində saxlanılır.
Əsasən Baltikyanı ölkələr çoxdan bu pulların müsadirə olunmasını – ya birbaşa Ukraynaya verilməsini, ya da Avropanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf olunmasını istəyirlər. Arqument sadədir: Kremlin müharibəsinin xərclərini niyə Avropa vergiödəyiciləri çəkməlidir?
Amma Qərbi Avropanın bir çox ölkələri bu pulların birbaşa müsadirəsinə qarşıdır.
Belçika Moskvanın bu aktivlərlə bağlı həm onun özünə, həm də "Euroclear" şirkətinə güclü hüquqi iddia qaldıra biləcəyindən ehtiyatlanır.
Avropa Mərkəzi Bankı (ECB) narahatdır ki, müsadirə qərarı avronun dünyada ikinci ən böyük ehtiyat valyutası statusuna zərər verə bilər. Axı, belə bir addım üçüncü ölkələri ehtiyatlarını başqa valyutalarda saxlamağa yönəldə bilər.
Böyük Avropa ölkələrinin mövqeyincə, bu pullar elə dondurulmuş qalmalıdır, müharibədən sonra Moskva təzminat ödəməkdən imtina edərsə, Ukraynanın bərpasına sərf olunmalıdır.
Amma dondurulmuş aktivlər artıq Ukraynaya gəlir gətirir. Həmin vəsaitlərdən əldə edilən rüblük əlavə gəlirlər –təxminən 1.5 milyard avro (1.75 milyard dollar) dərhal Ukraynaya köçürülür.
"İstəklilər koalisiyası"?
Avropa Komissiyası təklif edir ki, "Euroclear" sistemində dondurulmuş aktivlərin bir hissəsi və ya hamısı "xüsusi məqsədli qurum"a (SPV) köçürülsün. Qarşılığında Avropa Komissiyası 0 faizli istiqrazlar buraxsın. Bu istiqrazlara Aİ üzvlərinin daxil olduğu "istəklilər koalisiyası", ola bilsin, G7 qrupuna üzv digər sənayeləşmiş ölkələr zəmanət versin.
SPV-yə yönləndirilən vəsaitlər 2026 və 2027-ci illərdə, yaxud daha uzun müddət Ukraynaya kredit şəklində veriləcək. Ukrayna isə bu pulları yalnız Rusiya müharibə təzminatlarını ödədikdən sonra geri qaytarmalı olacaq.
Bu yanaşmanın müsbət tərəfi veto risklərindən azad olmasıdır. Ötən ilin əvvəlində Aİ 2024–2027-ci illər üzrə 50 milyard avroluq (59 milyard dollar) "Ukrayna fondu"nu təsdiqləyəndə Macarıstan öncə buna mane olmuşdu.
Bu 50 milyardın təxminən 32 milyard avrosu (37 milyard dollar) artıq Kiyevə çatdırılıb.
Rusiya aktivləri yalnız Aİ-nin qərar verdiyi müddətdə dondurulmuş qalır. Brüssel bu qərarı ildə iki dəfə – yanvarda və iyulda verir.
Ölkələr zəmanət verərmi?
Avropa Komissiyası təklif edir ki, gələcəkdə sanksiyaların müddətinin uzadılması barədə qərar xüsusi çoxluqla qəbul edilsin. Buna bütün və ya əksər dövlət, hökumət başçılarının yüksək səviyyəli siyasi razılığının tələb olunacağı da yazılıb.
Macarıstanın baş naziri Viktor Orban, Slovakiyanın baş naziri Robert Fitso kimi liderlərin belə bir qərarı asanlıqla dəstəkləyərmi?
Yaxud zəmanətlər məsələsində neçə ölkə "istəklilər koalisiyası"na qoşular?
Bu koalisiyaya nə qədər çox ölkə qoşulsa, ayrı-ayrı ölkələrin üzərinə düşəcək zəmanət yükü bir o qədər az olar. Amma bir çox üzv ölkələrdə qərarları parlamentlər təsdiqləyir. Büdcə kəsiri ilə mübarizə aparan ölkələrdə siyasətçilərin çoxu belə zəmanət öhdəliklərinə ehtiyatla yanaşa bilər.
"Euroclear" şirkətinin isə tam və güclü zəmanətlər tələb edəcəyi gözlənilir. Həm də tələb edə bilər ki, digər maliyyə institutlarında dondurulmuş Rusiya aktivləri varsa, bu sxemə töhfə versinlər.