Oktyabrın 1-i və 2-sində Avropa liderləri Kopenhagenə yığışırlar. İki ayrı sammit Danimarkanın paytaxtı və Olborq şəhərində dronların hava məkanını pozmasından sonraya təsadüf edir.
İsveç və Almaniya qonşularını dronlara qarşı əlavə qoruma ilə təmin edib.
İlk sammitdə Ukraynaya dəstək verməklə Avropanın müdafiəsinin gücləndirilməsi müzakirə olunacaq. Avropa İttifaqının 27 üzv dövlətinin liderləri sammitdə iştirak edəcək.
Avropa Komissiyasının müzakirəyə yolladığı sənəddə blokun növbəti beş ildə üstünlük verəcəyi hərbi layihələr qeyd edilir. Oktyabrın sonunda daha ətraflı yol xəritəsi razılaşdırılmalıdır. AzadlıqRadiosunun da gördüyü sənəddə qitənin müdafiəyə dərhal və daha çox vəsait ayırmasının vacibliyi vurğulanır. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzü, kiberhücumlardan hava məkanının pozulmasına qədər üzv dövlətlərə qarşı məsuliyyətsiz təxribatların artdığı bildirilir.
Sənəddə Brüsselin maliyyələşdirməli olduğu dörd əsas layihə qeyd olunur: Avropa Dron Divarı, Şərq Cinaha Nəzarət, Hava Müdafiə Qalxanı və Müdafiə Kosmik Qalxanı. İlk iki layihənin vacibliyi, sürətlə irəli aparılmalı olduğu vurğulanır.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sentyabrın 30-da komissiyanın Ukraynanın dron istehsalına 2 milyard avro ayırmağa razılaşdığını deyib.
Altı-yeddi saatlıq "sürətli siyasi tanışlıq"
Oktyabrın 2-də isə Aİ liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin (EPC) sammitində bir araya gələcəklər. AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak bu birliyin nadir hallarda qərarlar qəbul etdiyini yazır. Belarusu, Rusiyanı və Vatikanı çıxmaqla qitənin hökumət başçıları eyni məkanda altı-yeddi saatlıq "sürətli siyasi tanışlıq" üçün toplaşırlar.
Ukrayna prezidenti Volodimir Zelenskinin də sammitdə olacağı gözlənilir. Bu, Aİ-nin rəsmi toplantısı olmadığı üçün Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə də dəvət göndərilib. Ötən ilin oktyabrında Gürcüstanda mübahisəli parlament seçkilərindən sonra Brüssel Tbilisi ilə yüksəksəviyyəli siyasi əlaqələri kəsib.
Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın da toplantıda olacağı gözlənilir.
Avropa Siyasi Birliyinin 6-cı sammiti bu ilin mayında Albaniya paytaxtı Tiranada keçirilib. Gələn ilin yaz sammitinin Ermənistanda, 2028-ci ilin yazında isə Azərbaycanda keçirilməsi planlaşdırılır.