Keçid linkləri

2025, 27 Sentyabr, şənbə, Bakı vaxtı 07:05

Azərbaycan xəbərləri

‘Abzas Media işi’ üzrə ibtidai istintaq bitib

“Abzas Media işi” üzrə müttəhimlər
“Abzas Media işi” üzrə müttəhimlər

“Abzas Media işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir. Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.

Onun sözlərinə görə, bu gün, sentyabrın 9-da istintaq orqanı yekun protokolu elan edib.

Vəkil qeyd edib ki, jurnalistlər Cinayət Məcəlləsinin 7 maddəsi üzrə ittiham olunur:

"192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci ,320.2-ci və 213.2.1-ci maddələri ilə ( külli miqdarda gəlirlə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstənin cinayət yolu ilə əldə etdiyi xeyli miqdarda pulu leqallaşdırma, mütəşəkkil dəstənin qaçaqmalçılığı, sənəd saxtalaşdırma... və mütəşəkkil dəstə halında vergidən yayınma) ittiham verilib”.

Z. Sadıqova qeyd edib ki, növbəti mərhələdə vəkillər işin materialları ilə tanış olacaqlar: "Cinayət işi 20 cilddən ibarətdir". Daha sonra iş baxılması üçün məhkəməyə göndərilməlidir.

Hələlik, işlə bağlı istintaq qurumu olan Daxili İşlər Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.

“Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə bu iş üzrə təqsirləndirilən şəxslərdir.

Əvvəlcə ötən il noyabrın 21-də Ülvi Həsənli və Sevinc Vaqifqızı daha sonra isə digərləri həbs ediliblər. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Bütün xəbərləri izləyin

Prokuror Tural Sadıqlının əmisinə 3 il həbs istəyib

Xaricdəki 7 bloqer haqqında həbs qərarı: 'Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Bu gün, sentyabrın 26-da qanunsuz olaraq döyüş sursatı gəzdirdiməkdə təqsirləndirilən, bloger Tural Sadıqlının əmisi Elmir Sadıqova prokuror 3 il həbs cəzası istəyib.

Avqustun 25-dən Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə başlayan prosesdə onunla bağlı cinayət işinin məhkəmə təhqiqatı davam edir.

Elmir Sadıqovun qardaşı Əlövsət Sadıqlı bildirib ki, məhkəmə prosesində vəkilin verdiyi çoxsaylı vəsatətlərin heç biri təmin olunmayıb. Elə ilk iclasda vəkil Nazim Musayev vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdi. Məhkəmə vəsatəti təmin etməmişdi. Sonradan da müdafiə tərəfinin bir sıra vəsatətləri təmin edilməyib.

Elmir Sadıqov aprel ayında saxlanıb. İttihama görə, onun maşınından əl qumbarası tapılıb. E. Sadıqova Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah,... əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb. İlkin istintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Amma onun yaxınları bu işi qurama sayıb. Hazırda xaricdə olan bloqer Tural Sadıqlı da əmisinin ondan qisas almaq məqsədilə şərləndiyini açıqlamışdı.

Amma həmin iddiaya, nə sözü gedən məhkəmədən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub. Bununla belə rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları qəbul etmirlər.

  • Hazırda mühacirətdə olan T.Sadıqlı hakimiyyətə sərt tənqidləri ilə tanınır. Son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı həbsdə də olub. Onlar saxlanma və həbsi T.Sadıqlıya görə şərlənmələri ilə izah ediblər. Amma hüquq-mühafizə orqanları belə dəyərləndirmələri qəbul etməyiblər.
  • Bu ilin mart-aprel aylarında isə Baş Prokurorluğun müraciəti əsasında xaricdəki bir sıra bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb. Mayın 31-də də Binəqədi rayon Məhkəməsi Tural Sadıqlı haqqında belə bir qərar vermişdi. Almaniyada yaşayan T.Sadıqlı dələduzluq, kütləvi iğtişaşlara çağırış, saxta sənəd hazırlama kimi əməllərdə suçlanır. O, özünə qarşı ittihamları da qəbul etmir.

'İlham İsmayıldan polisdə izahat alınıb'

İlham İsmayıl
İlham İsmayıl

Haqqında dələduzluq əməlinə görə saxlanılması ilə bağlı məlumatlar yayılan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl evindədir.

Yaxınları yerli medialara bildirib ki, onun haqqında yayılan məlumatların əksəriyyəti həqiqətəuyğun deyil və əsassızdır.

Onlar vurğulayıb ki, İ.İsmayıl heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır.

Onlar əlavə edib ki, İ.İsmayıldan polisdə izahat alınıb və yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

APA-nın xəbərinə görə isə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə İ.İsmayıl barəsində həbs növündə olmayan digər qətimkan tədbiri seçilib. Bu məlumatı da məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.

25 sentyabr

İlham İsmayıl saxlanıbmı?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın saxlandığı bildirilir.

Bu barədə yerli saytlar məlumat verib.

Həmin məlumatlarda onun dələduzluqda ittiham olunduğu qeyd edilir.

Hələlik, bu iddialara nə Daxili İşlər Nazirliyi, nə də İ.İsmayılın ailəsi və vəkilindən münasibət almaq mümkün olub.

İlham İsmayıl kimdir

İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtər rayonunun Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sistemində xidmət edib. DTK-nın Gəncə şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (Azərbaycan müstəqillik əldə etdikdən sonra DTK Milli Təhlükəsizlik Nazirliyi adlanıb) Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin özündə şöbə rəisi olub.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Vaxtaşırı təhlükəsizlik məsələləri ilə bağlı mətbuata açıqlamalar verir.

MTN 2015-ci ildə ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

Əliyev: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

İlham Əliyev
İlham Əliyev

"Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, əsas səbəb iqlim dəyişmələri deyil.

Azərbaycan dövlət başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. "Azərbaycan həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır",-o əlavə edib.

Ekspertlər Xəzər dənizinin su səviyyəsinin azalmasının səbəbləri kimi iqlim dəyişikliyi, həmçinin insan fəaliyyətinin artması və bunun nəticəsində hidrometeoroloji amillərin dəyişməsini göstərirlər. Onlar vurğulayırlar ki, əsas qidalandırıcı çayların axını azalıb: "Volqa və Ural kimi Xəzəri qidalandıran çayların su axınının azalması, bölgədəki iqlim dəyişiklikləri və hidroenerji məqsədilə istifadənin artması ilə əlaqədardır".

Müxtəlif açıqlamalar görə, son bir neçə ildə Xəzər dənizinin səviyyəsi 40 santimetrə qədər azalıb.

Xəzər dənizi yoxa çıxır
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da öz işinə başlayıb.

Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Yüksəksəviyyəli debatlar sentyabrın 23-ü başlayıb.

Əziz Orucov azadlığa buraxılmadı. Azadlığa çıxmasına 2 ay qalır

Əziz Orucov
Əziz Orucov

Bu gün, sentyabrın 25-də Suraxanı rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılıb.

Bu barədə Ə.Orucovun ailəsindən məlumat verilib.

Ailənin açıqlamasına görə, hakim prosesdə həbsxana rəhbərliyinin verdiyi müsbət rəyə və Ə.Orucovun müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasını təmin etməyib.

Bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.

Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb.

Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamı ilə həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.

Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.

Xatırlatma

2023-cü ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", "ToplumTV", meclis.info, "MeydanTV" kimi çoxsaylı media orqanının 30-dan çox əməkdaşı, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalistlər ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Bir çox hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 370 civarında siyasi məhbus var. Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırır.

Ombudsman Aparatı: Yeni qaydalar qiymətlərin artırılmasına... səbəb olur

Taksi
Taksi

Heydər Əliyev Beynəlxalq Aeroportunda bu il sentyabrın 10-dan tətbiq edilən yeni tarif siyasəti ölkə Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

Bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının apardığı monitorinqin nəticələri ilə bağlı məlumatında bildirilir.

"Yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur", - məlumatda vurğulanır.

Dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.

Hələlik, bu açıqlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) və başqa aidiyyəti qurumların münasibəti bəlli deyil.

Xatırlatma

Son həftələr yerli saytlarda yayılan məlumatlara görə, Bakı aeroportundan sərnişindaşımalar ilə bağlı yeni qaydalar qəbul edilib. Vurğulandığına görə, hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Əlavə edilirdi ki, bununla bağlı taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlərin isə yüksək olduğu deyilirdi. Bildirilirdi ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, vurğulandığına görə, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir.

Qeyd olunub ki, yeni qaydaların icrasında əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir.

Əliyev TRIPP barədə: 'Azərbaycan bu marşrutun reallaşması üçün bütün səylərini səfərbər edib'

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

"İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq". Bu sözlər prezident İlham Əliyevin "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda müraciətində öz əksini tapıb.

Əliyev vurğulayıb ki, onlar Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmiryol və digər logistik infrastruktura böyük investisiyalar yatırıblar: "Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır".

Prezidentin sözlərinə görə, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb: "Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) əsasını qoydu".

Onun fikrincə, TRIPP gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər: "Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib".

Xatırlatma

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz - Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhliz 2017-ci ildə fəaliyyətə başlayıb.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə (onilliklər boyu münaqişədə olublar) arasında Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb

Alen Berse və İlham Əliyev
Alen Berse və İlham Əliyev

Sentyabrın 23-də prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.

Rəsmi AZƏRTAC agentliyinin məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Amma rəsmi agentlik qeyd edilən əməkdaşlığa aid müzakirələrin detallarını açıqlamayıb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququ bir ildən çoxdur (ötən ilin əvvəlində) dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan hakimiyyəti qurum qarşısında insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.

BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da öz işinə başlayıb.

Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Yüksəksəviyyəli debatlar dünən, sentyabrın 23-ü başlayıb.

Rəsmi: Ağdamda mina partlayıb, ölən var

Tovuz sakini: 'Azərbaycanın öz minasına düşmüşəm'
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşəlli kəndi ərazisində mina partlayıb, bir nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Yerli saytların məlumatına görə, keçmişdə kəşfiyyatçı olmuş S.Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.

Rəsmi açıqlamaya S.Əhmədovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasından sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 300-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon (Ağdam rayon mərkəzi və bəzi kəndləri daxil) işğal olunmuşdu. Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında birgünlük əməliyyatlarla bütün ölkədə suverenliyini bərpa edib.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Sənəddə onların biri-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandıracaqları əks olunurdu.

Rusiyanın gözətçi gəmisi Bakı limanına gəlib

Rusiya Federasiyasının "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakıda
Rusiya Federasiyasının "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakıda

Bu gün, sentyabrın 23-də Rusiya Federasiyasının "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəlib

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.

Xidmət bunu onlarla Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planı ilə izah edib.

"Səfər çərçivəsində... Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub", - məlumatda vurğulanır.

Son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik hökm sürür. Bu ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan tərəfi hesab edir ki, təyyarə Rusiya ərazisində vurulub, 30-dan çox insan həlak olub. Rəsmi Bakının mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib.

Bu il iyunun 27-də isə Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirdi, bu zaman iki şəxs həlak oldu, 10-a yaxın şəxs də saxlandı. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonradan da Azərbaycan diasporunun bir çox təmsilçiləri müxtəlif ittihamlarla həbs edildilər. Başqa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxladı. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə etdilər.

Amma son həftələr iki ölkə arasında münasibətlərin nisbətən normallaşdığı bildirilir.

Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşüblər

Bayramov-Mirzoyan görüşü (Foto arxiv)
Bayramov-Mirzoyan görüşü (Foto arxiv)

Sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

"Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər", - məlumatda əlavə edilib.

BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da öz işinə başlayıb.

Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Yüksəksəviyyəli debatlar bu gün, sentyabrın 23-ü başlayır.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü il sentyabrında birgünlük əməliyyatlarla bütün ölkədə suverenliyinin bərpa olunduğunu açıqlayıb.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Sənəddə onların biri-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandıracaqları əks olunurdu.

Tərəflər bu sazişin tam icrasına zəmanət verirlər və onun icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edirlər.

Şahin Mustafayev İran prezidenti ilə görüşüb

Biləsuvar
Biləsuvar

Sentyabrın 22-də İran prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ş.Mustafayev həmçinin İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə də görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev elə sentyabrın 22-də İrana gedib.

İran və Azərbaycan sərhəddə birgə sənaye parkı quracaqlar

Gələn həftə Tehranda İran-Azərbaycan birgə iqtisadi komitəsinin iclası olacaq. Bunu İran-Azərbaycan Ticarət Palatasının rəhbəri bildirib. "Tasnim" xəbər agentliyi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin iclasda iştirak edəcəyini yazır.

Hüseyn Pirmoazen deyib ki, sərhəddə Biləsuvar azad ticarət və sənaye zonasında birgə logistika mərkəzi və sənaye parkının yaradılması müzakirə olunacaq. Bu məsələ İran prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfəri zamanı razılaşdırılıb.

Pirmoazenin sözlərinə görə, hər iki tərəf park üçün İranda və Azərbaycanda bərabər torpaq sahəsinin ayrılmasını təklif edib. Ərdəbil vilayəti isə lazımi su, elektrik və qaz infrastrukturunu təmin etməyə hazırdır.

Çəkilməsi planlaşdırılan Ərdəbil-Bakı dəmir yolu isə İranın şimal-qərbindən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında dönüş yarada bilər, çünki bu halda nəqliyyat xərcləri azalar, - İran rəsmisi belə deyib.

Pirmoazen sərhəd ticarətindən danışaraq deyib ki, yük maşınlarının sərhəddə gözləmə müddəti bir həftədən 48 saata enib. 24 saatlıq gömrük xidməti Biləsuvar postundan keçən yük maşınlarının sayını daha da artıra bilər. Hazırda həmin postdan gündə təxminən 220 yük maşını keçir.

Son zamanlar İran-Azərbaycan diplomatik münasibətlərində yaxınlaşma müşahidə olunur. Bu il İran prezidenti Peşezkian Azərbaycana iki dəfə səfər edib.

Ancaq öncəki illərdə Bakı və Tehranın bir-birinin sərhədinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurub. 2023-cü il yanvarında isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşları arasında ölən və yaralananlar olub. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi. Yalnız ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.

Azərbaycanda karantin 2025-ci ilin sonuna kimi uzadıldı

Pandemiya da bitdi: Azərbaycan sərhədləri niyə hələ də qapalı saxlayır?
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Azərbaycanda xüsusi karantin 2025-ci ilin sonuna kimi davam edəcək. Bu barədə bu gün, sentyabrın 22-də baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2026-cı il yanvarın 1-i saat 06:00-dək uzadılıb.

Sonuncu dəfə xüsusi karantin rejimi 2025-ci il oktyabrın 1-i, saat 06:00-dək uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından xüsusu karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə məhdudlaşdırmalar saxlanıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-dən koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Bir sıra müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Ölkə başçısı isə Nazirlər Kabinetinin açıqlamasına baxmayaraq, son illər sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozub.

  • 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir.
  • Azərbaycanda isə 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.
  • ÜST 2023-cü il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah da ötən il fevralın 2-dən koronavirusla bağlı ənənəvi məlumatlarını dayandrıb.

2030-cu ilədək Azərbaycanda Formula 1 yarışları keçiriləcək

Arxiv fotosu
Arxiv fotosu

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin müqaviləsinin müddəti uzadılıb. Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib. Anlaşmaya əsasən, yarış 2030-cu ilədək keçiriləcək.

Azərbaycanda Formula 1 yarışları 2016-cı ildən keçirilir. Bu il isə həmin yarışlar Bakıda sentyabrın 19-u 21-i arasında keçirildi. Həmin günlər Bakıda bəzi orta məktblərdə dərslər onlayn tədris edildi.

Ötən il dövlət büdcəsindən “Formula 1” Azərbaycan Qran-Prisi üçün 168 milyon manat vəsait xərclənib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabata istinadla bildirilib.

Nəticə etibarı ilə 2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bu yarışların təşkilinə milyonlarla manat vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları və ümumi məbləği ictimaiyyətə açıqlanmır.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir.

Ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.

Bir sıra müxalifət partiyaları isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.

Bakı Təhlükəsizlik Forumu keçirilib

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bakı Təhlükəsizlik Forumunun (BTF) gedişi ilə bağlı, hələlik, Azərbaycanın rəsmi qurumları məlumat yaymayıb. Amma rəsmi saytlar prezident İlham Əliyevin forum iştirakçılarına müraciətinin mətnini dərc ediblər.

Müraciətdə qeyd edilir ki, qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

BTF-ni ilk dəfə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ildə keçirib. Ötən il isə onun hər il keçirilməsinə qərar verilib.

Forum bu il “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların, eləcə də qlobal xarakterli texnogen qəza və ekoloji fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusuna həsr olunub.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) yalnız sentyabrın 22-i III Bakı Təhlükəsizlik Forumu ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, forumda 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edib.
Azərbaycan DTX-nin rəisi Əli Nağıyev forumda çıxış edərək vurğulayıb ki, beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanları vacib rol oynayır.O, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib.Amma sənədin detalları açıqlanmır.

Ermənistan MTX-nin direktoru Bakıya gəlir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərlik etdiyi heyət sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumuna qatılacaq.

Andranik Simonyan
Andranik Simonyan

Ermənistan MTX-nin məlumatında təfərrüatlar açıqlanmır.

Azərbaycanla Ermənistan 35 ildən çox münaqişə şəraitində olub. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

SOCAR-ın keçmiş məsul şəxsinin həbs olunduğu bildirilir

Adnan Əhmədzadə
Adnan Əhmədzadə

İşadamı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb.

Ölkənin hökuməyönlü media qurumları bildirirlər ki, sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnvestisiya Departamentinin sabiq rəhbər müavini A.Əhmədzadə barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İddialara görə, işadamı iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunub.

Hələlik, məlumatın özünü sözügedən məhkəmə və başqa rəsmi qurumlardan təsdiqlətmək mümkün olmayıb.

Ayrı-ayrı media orqanlarında yer alan məlumatlarda habelə iddia edilir ki, A.Əhmədzadə "Azeri Light" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur.

Həbs xəbərinə, habelə bu iddialara A.Əhmədzadə və onun vəkillərindən münasibət almaq mümkün olmayıb.

Bu ilin iyulunda Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlandığı bildirilirdi. O zaman xam neftin ixrac olunduğu Bakı-Tbilisi-Ceyhan kəmərində hərəkətin dayandırıldığı iddia olunsa da, kəmərin operatoru BP bunu təkzib etmişdi.

Adnan Əhmədzadə kimdir?

A.Əhmədzadə 1978-ci ildə Bakıda doğulub. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib. O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə "Azertrans" MMC-nin baş direktoru olub.

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib.

Davamı

XS
SM
MD
LG