Keçid linkləri

2025, 06 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

H-1B vizasının qiyməti 100 min dollar olacaq. 'Xarici tələbələrin sayı kəskin azalacaq'


Ağ evin son açıqlamasından sonra viza üçün müraciətlər 100 dəfə artıb.
Ağ evin son açıqlamasından sonra viza üçün müraciətlər 100 dəfə artıb.

Xülasə

  • ABŞ prezidenti Donald Tramp H-1B işçi vizaları üçün 100 min dollarlıq rüsum tələb olunacağını açıqlayıb.
  • "The Financial Times" Trampın açıqlamasının şirkətlərə və işçilərə şok yaratdığını yazır.
  • ABŞ-də 730 minədək H-1B viza sahibinin, onların da himayəsində 550 min nəfərin olduğu bildirilir.
  • CNBC 100 min dollarlıq rüsumun Amerikanın startap məkanına ziyan vuracağını qeyd edir.

ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da H-1B işçi vizaları üçün 100 min dollarlıq rüsum tələb olunacağını açıqlayıb. Hazırda bu viza lotereyasında qeydiyyatdan keçməyin qiyməti 215 dollardır. Viza müraciətinə sponsorluq edən işəgötürəndən isə 780 dollar istənilir.

"The Financial Times" Trampın açıqlamasının şirkətlərə və işçilərə şok yaratdığını yazır. Qəzet bu rüsumun vizaya sponsorluq edən şirkətlərin çoxunu çəkindirəcəyini qeyd edir.

H-1B vizası şirkətlərə IT, səhiyyə, mühəndislik sahələri üzrə müvəqqəti olaraq xarici işçi götürmək icazəsi verir.

Nyu-Yorkda MBA tələbəsi olan hindistanlı Dineş çox çətin duruma düşdüyünü deyib.

730 min viza sahibi + 550 min nəfər

Hazırda ABŞ-də H-1B vizası olan təcrübəli işçilərin 70 faizindən çoxu hindistanlıdır. Bu viza Amerikada karyera qurmaq istəyən hindistanlı məzunlar və peşəkarlar üçün ən arzulanan yollardan biri olub. ABŞ-də 730 minədək H-1B viza sahibinin, onların da himayəsində 550 min nəfərin olduğu bildirilir.

"ABŞ-yə müraciət edən xarici tələbələrin sayı kəskin azalacaq. Onlar astronomik tələbə kreditləri ilə üzləşəcəklər, ABŞ-də işləmək imkanları isə olmayacaq", – bunu "West Coast" texnologiya şirkətinin təmsilçisi deyib.

Ağ ev onu bildirib ki, yeni rüsum fevraldan lotereyaya müraciət edənlərə aid olacaq, yəni, hazırkı viza sahiblərinə deyil.

FT yazır ki, H-1B proqramı ABŞ-də "Alphabet"in sahibi Sundar Piçai, "Microsoft"un baş direktoru Satya Nadella kimi korporativ liderlər yetişdirib. Tramp və tərəfdarları isə Hindistanın və ABŞ-nin texnologiya şirkətlərini amerikalı işçilərin hesabına daha ucuz əmək idxalında ittiham edirlər.

Hindistanın texnoloji nəhəngi olan "Infosys Technologies"in əməkdaşları fasilə zamanı şirkətin baş ofisində hərəkət edirlər.
Hindistanın texnoloji nəhəngi olan "Infosys Technologies"in əməkdaşları fasilə zamanı şirkətin baş ofisində hərəkət edirlər.

Zərbə startaplara dəyəcək

CNBC isə 100 min dollarlıq rüsumun Amerikanın startap məkanına ziyan vuracağını yazır. Məsələ ondadır ki, məhdud illik kvotadan dolayı ABŞ startapları H-1B vizalarını onsuz da çətinliklə əldə edirdilər.

San-Fransiskoda yerləşən, peşəkarlara, digər startaplara immiqrasiya üzrə məsləhətlər verən "Alma" şirkətindən CNBC-yə bildirilib ki, Ağ evin son açıqlamasından sonra müraciətlərin sayı 100 dəfə artıb.

"Müştərilər qorxu və narahatlıq içindədirlər, çünki onların şirkətlərinin ölçüsü 100 min dollarlıq rüsumu ödəməyə, maaş baxımından rəqabətə imkan vermir", – "Alma"nın qurucusu və baş direktoru Ayzada Marat deyib.

"Əsas problem ondadır ki, bu beynəlxalq istedadlar ölkədən getsə, yerli bazarda tələbatı ödəməyə yetərincə kadr varmı?", – Marat sual edir. O deyir ki, startaplar daha çox "kəşf olunmamış" xarici istedadları tapmaqla böyük rəqiblər üzərində üstünlük qazanmağa çalışırlar.

Avropada bir çox bazarlar son illər beyin axınından gileylənirdilər. Təcrübəli və təhsilli işçilər ABŞ kimi ölkələrdə daha yaxşı fürsətlərin dalınca gedirdi. Mütəxəssislərin fikrincə, indi H-1B vizası ətrafında baş verənlər belə istedadlar üçün dönüş nöqtəsi yarada, onlar elə Avropada karyera qurmağı nəzərən keçirə bilərlər.

XS
SM
MD
LG