Sentyabrın 24-də Ağ ev federal agentliklərə gələn həftə mümkün şatdaun (hökumətin bağlanması) üçün kütləvi ixtisar planları hazırlamağı tapşırıb. "Reuters" yazır ki, öncəki şatdaunlarda işçiləri müvəqqəti məzuniyyətə göndərirdilər, bu dəfə tamam fərqli proses gözlənilir.
Ağ evin Büdcə və İdarəetmə İdarəsi (OMB) çərşənbə günü federal qurumlara memorandum göndərib. Onlardan xahiş olunur ki, Konqres federal hökumətin fəaliyyətini maliyyələşdirəcək qanunu qəbul etməsə, oktyabrın 1-də könüllü maliyyələşməsi kəsiləcək proqramları, layihələri və fəaliyyət sahələrini müəyyən etsinlər. O da vurğulanır ki, maliyyəsi məcburi sayılmayan proqramlar hökumətin bağlanmasından daha çox təsirlənəcək.
Agentlik qeyd edir ki, Ağ evin şatdaundan yararlanaraq federal hökumətin işçilərinin sayını kəskin azaltmağa çalışdığı, yoxsa demokratları respublikaçıların maliyyə qanunvericiliyini qəbul etməyə vadar etmək istədiyi aydın deyil.
Qurumlara ixtisar planlarını OMB-yə təqdim etmək, işçilərə isə bildiriş göndərmək tapşırılıb.
Tramp görüşə getməyib
Tramp sentyabrın 23-də Konqresin Demokratlar Partiyasından olan yüksəksəviyyəli liderləri ilə planlaşdırılan görüşü ləğv edib. Onlar hökumətin maliyyələşdirilməsini müzakirə etməliydilər. Bu isə gələn həftədən hökumətin qismən bağlanması riskini artırır. Respublikaçılar və demokratlar bu duruma görə bir-birini günahlandırırlar.
Yanvarda ikinci dönəm prezidentliyə başlayan Tramp 2.4 milyon nəfərlik federal işçi qüvvəsini azaltmaq kampaniyasına başlayıb. O, bu sistemi şişirdilmiş, qeyri-effektiv sayır.
ABŞ Kadrlar İdarəsinin direktoru Skott Kupor avqustda "Reuters"ə deyib ki, bu ilin sonunadək təxminən 300 min federal mülki işçi işdən çıxarılacaq.
ABŞ-də maliyyə ili sentyabrın 30-da bitir. Nümayəndələr Palatası federal fəaliyyətin noyabrın 21-dək davam etməsi üçün müvəqqəti maliyyələşdirmə planı qəbul edib. Amma Senatdakı demokratlar tələb ediblər ki, respublikaçılar danışıqlar masasına gəlsinlər, büdcə paketinə "Əlçatan Tibbi Sığorta Qanunu" subsidiyalarının uzadılması da salınsın. Söhbət COVID-erasına aid "Obamacare" subsidiyalarından gedir, onların müddəti bu ilin sonu bitir. Nümayəndələr Palatasından respublikaçı liderlər buna razılaşalar, sağ qanaddan onlarla səsi itirə bilərlər.
"Qorxutma cəhdi"
Senatda demokrat azlığın lideri Çak Şumer "Politico"ya deyib ki, OMB-nin memorandumu qorxutma cəhdidir: "Bu, yeni bir şey deyil, hökumətin maliyyələşdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Bu lüzumsuz işdən çıxarılmaları ya məhkəmə ləğv edəcək, ya da administrasiya həmin işçiləri yenidən işə götürəcək".
"The Washington Post" isə "Heç kəsin istəmədiyi, amma hər kəsin istədiyi şatdaun" adlı redaksiya məqaləsində yazır ki, öncəki illər media iki partiya arasında danışıqların alınmadığını yazırdı. Bu dəfə şatdaunu önləmək üçün danışıqlar heç baş tutmayıb.
Qəzet yazır ki, şatdaun respublikaçılara demokratları prosesi əngəlləyən kimi göstərmək üçün fürsətdir: "Hökumətin böyük hissələri bağlanmağa məcbur qalsa, prezident bundan faydalana bilər. Bu, administrasiyaya hansı agentlikləri bağlamaq, hansı işçiləri evə göndərmək və hansı xərcləri prioritetləşdirmək üçün daha çox sərbəstlik verər. Bu, demokratların heç vaxt kəsilməsinə səs verməyəcəyi proqramları boğmaq üçün bir fürsətdir".
Demokrat liderlər isə martdakı büdcə mübarizəsinin təkrarlanmasını istəmirlər. Onda Ç.Şumer daxil bir neçə demokrat respublikaçıların qanununa səs verdilər. Çünki ehtiyat edirdilər ki, şatdaun Trampın federal bürokratiyanı ixtisar etməyə imkan verər.