Dünya xəbərləri
Tramp HƏMAS-a 'sonuncu xəbərdarlıq' edib

ABŞ prezidenti Donald Tramp sentyabrın 7-də ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı HƏMAS qruplaşmasına "sonuncu xəbərdarlıq" edib. O həmçinin deyib ki, HƏMAS-ın əlindəki bütün girovların buraxılmasını təmin edəcək Qəzza sazişi tezliklə əldə oluna bilər.
"Çox yaxşı ola biləcək həll üzərində işləyirik. Bu haqda çox tezliklə eşidəcəksiz. Bunun başa çatmasına, girovların qaytarılmasına çalışırıq", – Tramp Vaşinqtonda jurnalistlərə deyib. "Reuters" onun əlavə detal vermədiyini yazır.
Bundan öncə Tramp yenə detallı danışmadan HƏMAS-a xəbərdarlıq edib ki, razılaşmada onun şərtlərini qəbul etsin.
"İsraillilər mənim şərtlərimi qəbul ediblər. İndi HƏMAS-ın da qəbul etməsinin vaxtı çatıb. HƏMAS-a razılaşmamağın fəsadları haqda xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq!", – Tramp vurğulayıb.
Təkliflər HƏMAS-a çatdırılıb
HƏMAS daha sonra bildirib ki, vasitəçilər ABŞ-dən Qəzzada atəşkəs razılaşmasına dair bəzi təklifləri çatdırıblar, həmin təkliflərin inkişaf yolları müzakirə edilir. Qrup mümkün razılaşma ilə bağlı əlavə bilgi açıqlamayıb.
HƏMAS onu da bəyan edib ki, bütün girovları bir halda etməyə hazırdır ki, müharibənin sona çatdığına dair "aydın" açıqlama verilsin və İsrail qüvvələri anklavdan tam çıxarılsın.
Şənbə günü İsrailin "N12 News" kanalı yazıb ki, Tramp HƏMAS-a yeni bir atəşkəs təklifi irəli sürüb. Razılaşmaya əsasən, atəşkəsin ilk günündə İsraildə saxlanılan minlərlə fələstinli məhbusun azadlığa buraxılması qarşılığında HƏMAS qalan 48 girovun hamısını azad edəcək; anklavda atəşkəs müddətində müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılacaq.
Bir israilli rəsmi Trampın təklifinin ciddi şəkildə nəzərdən keçirildiyini deyib, lakin ayrıntılı danışmayıb.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.
Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan təxminən 20-si sağdır.
Yaponiyanın baş naziri istefa verib

Yaponiyanın baş naziri Siqeru İsiba istefaya getdiyini açıqlayıb. Buna hakim Liberal Demokrat Partiyasının (LDP) parlamentin yuxarı palatası – Müşavirlər Palatasına seçkilərdə uduzması səbəb olub. Partiya son 70 ildə ilk dəfə palatada çoxluğu itirib.
68 yaşlı İsiba iyulda seçkilərdən dərhal sonra vəzifəsində qalacağını bildirmişdi. Amma bazar günü Tokioda mətbuat konfransında o deyib ki, qərarı ABŞ-la ticarət sazişi üzrə danışıqları başa çatdırmaq istəyi ilə bağlı olub. Saziş əldə edilib və o, "estafeti yeni nəslə vermək" qərarına gəlib.
Yaponiya mediası yazır ki, İsiba partiyada parçalanmanı önləməkdən ötrü bu addımı atmalı olub. Partiyanın bir hissəsi populyarlığını itirmiş baş nazirin istefasını tələb edirdi.
İsiba hökumətə bir ildən də az müddətə rəhbərlik edib. İndi LDP baş nazir postuna namizəd verməlidir. İsibanın istefasından sonra partiyadaxili səsvermə keçiriləcək və yeni lider bilinəcək. Ovaxtadək İsiba baş nazir səlahiyyətlərini icra edəcək.
"Reuters" yazır ki, hakim partiyanın yeni lideri postuna mümkün namizədlər sırasında ötən il partiya seçkilərində İsibaya uduzan Sanae Takaiti və keçmiş baş nazir Cuniçiro Koyzuminin oğlu, hazırda nazir olan Sindziro Koyzumi var.
LDP Yaponiyanın ən böyük partiyasıdır, 1955-ci ildə qurulandan kiçik fasilələrlə hakimiyyətdədir. Ötən il liberal-demokratlar aşağı palatada çoxluğu itirsələr də, koalisiya tərəfdaşlarının dəstəyi ilə hakimiyyətdə qala biliblər. Bu ilin iyulunda LDP Müşavirlər Palatasında da çoxluğu itirib, buna seçkilərdə ifrat sağçı "Sanseyto" partiyasının gözlənilməz uğuru səbəb olub.
ABŞ Rusiya ilə həmsərhəd müttəfiqlərinə hərbi yardım proqramını kəsir

ABŞ Şərqi Avropa ölkələri üçün hərbi təlim proqramını maliyyələşdirməyi dayandırır. Söhbət Rusiya ilə münaqişə halında ön cəbhədə olacaq ölkələrdən gedir. Bu haqda "The Financial Times" mənbələrə istinadla yazır.
"Section 333" adlı proqram çərçivəsində Pentaqon bütün dünyada müttəfiqlərinə təlim keçir, onları təchiz edir. Avropada bu ölkələr Estoniya, Latviya və Litvadır.
Rusiyanın Norveç, Finlandiya ilə və Kalininqrad vilayəti vasitəsilə Polşa ilə ümumi sərhədi var.
2018-2022-ci illər ərzində ABŞ regiondakı tərəfdaşlarına 1.5 milyard dollardan çox vəsait ayırıb. Bu, "Section 333" xətti ilə bütün dünya üzrə xərclərin təxminən üçdə birinə bərabər olub.
"The Financial Times" yazır ki, ABŞ Müdafiə Nazirliyi maliyyələşdirmənin dayandırılması haqda Avropa diplomatlarını ötən həftə bilgiləndirib. Nəşrin mənbələri bildiriblər ki, avropalılar bu qərardan "sarsılıb". Avropa İttifaqı bu qərarın təhlükəsizliyin əsas elementlərinə necə təsir edəcəyini qiymətləndirir.
ABŞ prezidenti Donald Tramp dəfələrlə vurğulayıb ki, Avropa ölkələri öz müdafiələrinə daha çox sərmayə qoymalı və Vaşinqtona güvənməməlidir.
ABŞ Şərqi Avropa ölkələri üçün hərbi təlim proqramını maliyyələşdirməyi dayandırır. Söhbət Rusiya ilə münaqişə halında ön cəbhədə olacaq ölkələrdən gedir. Bu haqda "The Financial Times" mənbələrə istinadla yazır.
"Section 333" adlı proqram çərçivəsində Pentaqon bütün dünyada müttəfiqlərinə təlim keçir, onları təchiz edir. Avropada bu ölkələr Estoniya, Latviya və Litvadır.
Rusiyanın Norveç, Finlandiya ilə və Kalininqrad vilayəti vasitəsilə Polşa ilə ümumi sərhədi var.
2018-2022-ci illər ərzində ABŞ regiondakı tərəfdaşlarına 1.5 milyard dollardan çox vəsait ayırıb. Bu, "Section 333" xətti ilə bütün dünya üzrə xərclərin təxminən üçdə birinə bərabər olub.
"The Financial Times" yazır ki, ABŞ Müdafiə Nazirliyi maliyyələşdirmənin dayandırılması haqda Avropa diplomatlarını ötən həftə bilgiləndirib. Nəşrin mənbələri bildiriblər ki, avropalılar bu qərardan "sarsılıb". Avropa İttifaqı bu qərarın təhlükəsizliyin əsas elementlərinə necə təsir edəcəyini qiymətləndirir.
ABŞ prezidenti Donald Tramp dəfələrlə vurğulayıb ki, Avropa ölkələri öz müdafiələrinə daha çox sərmayə qoymalı və Vaşinqtona güvənməməlidir.
İsrail Qəzza şəhərinin 40 faizinə nəzarət etdiyini bildirir

İsrailin Müdafiə Ordusu (SAXAL) Qəzza şəhərinin 40 faizinə nəzarət edir, yaxın günlərdə əməliyyat genişlənəcək. Bunu SAXAL-ın rəsmi təmsilçisi Efi Defrin bildirib.
Şəhərin yüz minlərlə sakininin təxliyəsi üçün infrastruktur hazırlanır. Son iki həftədə 70-80 min nəfərin təhlükəsiz zonalara köçürüldüyü bildirilir.
İsraildə onu da bəyan edirlər ki, ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HAMAS Fələstin qruplaşması təxliyəyə mane olur, mülki şəxslərdən canlı qalxan kimi yararlanır, təbliğat kampaniyası aparır.
HƏMAS isə hərtərəfli razılaşma təklif edib: bütün israilli girovlar fələstinli məhbuslarla dəyişdirilsin, müharibə dayandırılsın, İsrail qoşunları çıxarılsın, humanitar yardım üçün keçidlər açılsın, sektor üzərində müstəqil idarəçilik qurulsun. Təklifdə HƏMAS-ın tərksilahı yer almayıb.
İsrail hakimiyyəti təklifi rədd edib. Baş nazir Benyamin Netanyahunun ofisi vurğulayıb ki, müharibə yalnız bütün girovların azad edilməsi, HAMAS-ın tam tərksilahı, sektorun demilitarizasiyası və təhlükəsizliyə İsrail nəzarətinin təmin olunması ilə başa çata bilər.
ABŞ prezidenti Donald Tramp HAMAS-ı bütün sağ girovları dərhal qaytarmağa çağırıb və müharibənin tezliklə bitəcəyini vəd edib.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.
Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan təxminən 20-si sağdır.
İtalyan modelyer Corco Armani 92 yaşında vəfat edib

İtalyan modelyer və işadamı Corco Armani 92 yaşında vəfat edib. Bu barədə sentyabrın 4-də onun təsis etdiyi şirkət məlumat yayıb.
Armani iyunda səhhətindəki problemlərə görə Milandakı Kişi Moda Həftəsində öz brendinin nümayişində iştirakdan imtina etməli olmuşdu. O, karyerasında ilk dəfə idi belə bir tədbirə qatılmırdı.
“Reuters” yazır ki, Armani müasir italyan dəbi və zərifliyinin təcəssümü idi. O, illik dövriyyəsi 2,3 milyard avro olan şirkətə rəhbərlik edirdi.
Dizayner “Re Giorgio” (Kral Corco) ləqəbi ilə tanınırdı. O, kolleksiyasındakı hər bir detalı, biznesinin bütün aspektlərini nəzarətdə saxlayırdı – reklamdan tutmuş, modellərin podiuma çıxmazdan əvvəl saç düzümünə qədər, “Reuters” belə yazır.
“Armani Group” bildirir ki, şənbə və bazar günləri Milanda vida mərasimi təşkil olunacaq. Dəfn mərasiminin tarixi hələ dəqiqləşməyib və ictimaiyyət üçün qapalı olacaq.
ABŞ məhkəməsi Harvardın dövlət maliyyəsinin kəsilməsini qanunsuz sayıb

Boston Dairə Federal Məhkəməsi Harvard Universitetinə dövlət maliyyəsinin 2.6 milyard dollardan çox kəsilməsini qanunsuz sayıb. Bu barədə "The Associated Press" məlumat yayıb.
Dairə hakimi Ellison Berrouzun qərarında deyilir ki, maliyyələşmənin azaldılması qanunsuz addımdır, təhsil ocağının Donald Tramp administrasiyasının universitetin idarəetmə sistemi və siyasətində dəyişiklik tələbini yerinə yetirmədiyinə görə atılıb.
Tramp administrasiyası daha əvvəl Harvard rəhbərliyindən tələb etmişdi ki, işə qəbul, tələbə qəbulu, universitetin idarə olunması sistemində ciddi islahatlar aparsın, maliyyələşmənin bərpa olunması qarşılığında "müsbət ayrıseçkilik" (positive discrimination) adlı tənzimləyici tədbirdən imtina etsin.
Universitetin prezidenti Alan Qarber bu tələbləri yerinə yetirməkdən imtina edib. 2025-ci ilin aprelində Harvard məhkəmədə iddia qaldırıb, federal maliyyələşmənin dondurulması haqda qərarın qüvvəyə minməsinin dayandırılmasını istəyib. Universitet bu qərarı "qanunsuz və hökumətin səlahiyyətlərini aşan" addım adlandırıb. Təhsil ocağı Tramp administrasiyasını ABŞ Konstitusiyasının birinci düzəlişini və federal qanunları pozmaqda ittiham edib. Harvard onu da bildirib ki, dövlət maliyyələşməsinin itirilməsi tibb sahəsindəki tədqiqatlara, yeni dərmanların hazırlanmasına mənfi təsir göstərəcək.
Tramp administrasiyası Prinston və Kolumbiya universitetlərinə də oxşar tələblər irəli sürərək onların maliyyələşməsini dayandırıb.
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2200-ü keçib
Əfqanıstanda avqustun 31-ində baş vermiş 6 bal gücündə zəlzələdə ölənlərin sayı 2 min 200-ü keçib. Bu haqda "Taliban" hökuməti məlumat verib.
Ən son məlumatlara görə, ölənlərin sayı 2 min 217-dir, təxminən 4 min nəfər xəsarət alıb. Ən böyük itki Pakistanla sərhəddə yerləşən dağlıq Kunar vilayətində qeydə alınıb. Xilasetmə işlərinin davam etdiyi bildirilir. Əfqanıstan hakimiyyətləri beynəlxalq ictimaiyyətdən yardım istəyib.
"Xeyli sayda adam həyatını, evini itirib, bizə yardım lazımdır", – Səhiyyə Nazirliyinin sözçüsü Şarafat Zaman "Reuters"ə deyib.
Rusiyadan başqa heç bir ölkə "Taliban" hökumətini rəsmən tanımır. Yardım qrupları isə de-fakto hakimiyyətin qadağalarına baxmayaraq, əlaqələr qurmağa çalışıblar.
"Amnesty International" təcili humanitar yardım çağırışı edib. Londonda yerləşən bu təşkilat "Taliban"ı xilasetmə əməliyyatlarını çətinləşdirdiyinə görə tənqid edib. Qurum həmçinin Pakistanı 2 milyonadək əfqan qaçqını məcburi repatriasiya etdiyinə görə pisləyib, bu addımın durumu daha da ağırlaşdırdığını bildirib.
6 ballıq zəlzələ Pakistanla sərhədə yaxın Cəlalabad şəhəri ətrafında baş verib.
Tramp: Putin və Zelenski 'hələ görüşə hazır deyillər'

ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində deyir ki, Ukraynadakı müharibəni dayandırmaq niyyətində qalır. Amma onun Ukrayna və Rusiya liderləri arasında danışıqların təşkilinə yönəlmiş səyləri, hələlik, nəticəsiz qalır.
"Nə isə baş verməlidir, amma onlar, hələlik, [birbaşa danışıqlara] hazır deyillər. Amma nə isə baş verməlidir. Məqsədimizə çatacağıq", – Tramp deyib.
ABŞ prezidenti Rusiya-Ukrayna münaqişəsinin həllinin son zamanlar üzləşdiyi digər məsələlərlə müqayisədə "bir qədər daha çətin" olduğunu etiraf edib.
Tramp deyib ki, onun Rusiya və Ukrayna, yaxud digər münaqişə ölkələri ilə diplomatik danışıqlara yanaşması belədir: liderləri bir otağa toplayıb onları canlı yayımda, çox vaxt öz rəhbərliyi altında razılığa gəlməyə məcbur edir, bu, baş verməyincə heç bir variantı çıxdaş etmir.
Sentyabrın 4-də Parisdə Ukraynanın müttəfiq ölkələrindən ibarət "istəklilər koalisiya"sının sammiti keçirilir. Avqustun 18-də bu ölkələrin müdafiə nazirlərinin Vaşinqtonda hazırladıqları razılaşmaların təsdiqlənəcəyi gözlənilir.
"Biz, avropalılar, sülh imzalandığı gün Ukraynaya zəmanətlər verməyə hazırıq", –Fransa prezidenti Emmanuel Makron deyib. "Hazırlıq işləri başa çatıb. İndi təsdiqlənəcək. Bu, bizə möhkəm əsas yaradır. Görüşlər və müzakirələrdən sonra deyə biləcəyik ki, Ukrayna və avropalılar üçün möhkəm və uzunmüddətli sülhə hazırıq".
Sammitə Ukrayna prezidenti Vladimir Zelenski də qatılıb.
Aİ Naxçıvanda nəqliyyat infrastrukturunun bərpasına maraq göstərir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Maqdalena Qrono sentyabrın 3-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.
Yerevanda keçirilən görüşdə tərəflər Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladıqları birgə bəyanatı, yaradılacaq iqtisadi imkanları müzakirə ediblər.
Tərəflər regional kommunikasiya kanallarının açılmasından, Aİ-Ermənistan əlaqələrindən də danışıblar.
M.Qrono ötən həftə Azərbaycanda olub, prezident İlham Əliyevlə Vaşinqton səfərinin nəticələrini müzakirə edib. Aİ təmsilçisi Naxçıvana da səfər edib, prezidentin bölgədə xüsusi təmsilçisi Fuad Nəcəfli ilə görüşüb.
"Nəqliyyat infrastrukturu ilə yerində, Aİ-nin onun işinin bərpasında mümkün iştirakı kontekstində tanış oldum", – o yazıb.
Rəsmi məlumata görə, M.Qrono İ.Əliyevlə görüşdə blokun nəqliyyat dəhlizinin gerçəkləşdirilməsinə dəstək verməyə hazır olduğunu deyib. Xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir. "Tramp yolu" Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi marşrutdur. Yerevan "dəhliz" termini qəbul etmir.
Bəzi təhlilçilər Aİ-nin Cənubi Qafqazda daha uzunmüddətli maraqları və mövcudluğunu nəzərə alaraq, bloku bu prosesə cəlb etməyin vacib olduğunu deyiblər.
Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də tərəflər ABŞ-ın vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.
Lissabonda funikulyor relsdən çıxıb, azı 15 nəfər həlak olub

Sentyabrın 3-də Lissabonda "Gloria" funikulyorunun vaqonu relsdən çıxaraq evə dəyib, azı 15 nəfər həlak olub, 20-dək insan xəsarət alıb. Beş nəfərin vəziyyəti ağırdır.
Qurbanlar arasında əcnəbilər də var. Funikulyor turistlər arasında populyardır, amma ondan yerli sakinlər də istifadə edir.
Portuqaliyada birgünlük matəm elan edilib.
İlkin məlumata görə, qəzaya hərəkət kabelinin qırılması və ya boşalması səbəb ola bilər.
Funikulyor 1885-ci ildə açılıb, 1915-ci ildə elektrikləşdirilib. O, hər il təxminən 3 milyon nəfəri daşıyır. Yerli media "Gloria"nın 2022-ci ildə əsaslı təmir olunduğunu yazır.
Rusiyanın Konstantinovkaya zərbələrindən 9 nəfər həlak olub

Sentyabrın 3-də Rusiya qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərinə zərbələr endirib, 9 nəfər həlak olub, 7 nəfər yaralanıb. Məlumatı vilayət başçısı Vadim Filaşkin yayıb.
Səhər saatlarında Rusiya ordusu şəhəri artilleriya atəşinə tutub: 8 nəfər həlak olub, 6 nəfər yaralanıb. İki çoxmərtəbəli bina, bir fərdi ev, mağaza, ticarət mərkəzi və beş ticarət pavilyonuna ziyan dəyib.
Rusiya hərbçiləri gün ərzində iki dəfə FPV-dronlarla mülki avtomobillərə hücumlar ediblər. Nəticədə bir qadın həlak olub, bir nəfər yaralanıb.
V.Filaşkin vilayət sakinlərini Rusiya hərbçilərinə "bu ölümcül oyunda" kömək etməməyə, təhlükəli yerlərdən təxliyə olunmağa çağırıb.
Ukraynanın Donetsk vilayətinin təxminən 70 faizi Rusiyanın nəzarətindədir.
Biznesmen İlham Rəhimov Avstraliyanın sanksiya siyahısında

Böyük Britaniya və Avstraliya sentyabrın 2-də Rusiyaya qarşı sanksiya siyahılarını genişləndiriblər.
Böyük Britaniyanın sanksiya siyahısına Çeçenistan rəhbərinin anası Aymani Kadırova, Əhməd Kadırov Fondu salınıb. Siyahıda həmçinin hökumətyönlü gənclər təşkilatları olan "Birincilər Hərəkatı", "Qələbə Könüllüləri", Tatarıstanın baş nazir müavini Leyla Fazliyeva, Çeçenistan Daxili İşlər Nazirliyinin Kadırov adına Xüsusi Təyinatlı Polis Alayının komandiri Zamid Çalaev, daha bir neçə məmur da yer alıb. Onlar Ukrayna uşaqlarını qaçırmaqda və onlara Rusiyada rəsmi ideologiya aşılamaqda günahlandırılırlar.
Avstraliyanın xarici işlər naziri Penni Vonq isə sentyabrın 2-də 14 rusiyalıya qarşı sanksiyalar elan edib. Avstraliya onların Ukraynada müharibənin davam etməsinə dəstək verdiyini, siyasi müxalifətin sıxışdırılmasında əli olduğunu bildirir.
Siyahıya Vladimir Putinə yaxın azərbaycanlı biznesmen İlham Rəhimov, Ural Dağ-Metallurgiya şirkətinin həmtəsisçisi Andrey Koziçin, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, Moskva merinin müavini Maksim Liksutov, media meneceri Kristina Potupçik salınıb. Siyahıda olan şəxslərin maliyyə sanksiyaları və səyahət qadağalarına məruz qalacağı bildirilir.
İ.Rəhimova 2023-cü ildə Kanada da sanksiya tətbiq edib, onun Rusiyanın Ukraynada apardığı müharibəni maliyyələşdirən sektorlara töhfə verdiyi bildirilib.
ABŞ Karib dənizində narkotiklə dolu gəmini məhv edib [Video]

Sentyabrın 2-də ABŞ hərbçiləri Karib dənizinin cənub hissəsində içində böyük partiya narkotik maddələr olan sürətli kateri məhv ediblər. Bu haqda prezident Donald Tramp məlumat verib.
Prezident katerdə "Tren de Araqua" cinayətkar qruplaşmasının 11 üzvünün olduğunu, narkotikin ABŞ üçün nəzərdə tutulduğunu söyləyib. Tramp sosial şəbəkədə yazıb ki, zərbə terrorçular neytral sularda olanda endirilib.
"Tren de Araqua" qruplaşması Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısındadır. Dövlət katibi Marko Rubio deyib ki, zərbə Venesueladan çıxan narkotik gəmisinə endirilib.
Pentaqon insidentin videosunu yayıb.
Şərhçilər bu hadisənin ABŞ-nin ənənəvi yanaşmasından kəskin fərqləndiyini qeyd edirlər. Belə ki, Vaşinqton indiyədək narkotiklərin ələ keçirilməsinə, narkobanda üzvlərinin məhkəmə qaydasında mühakiməsinə üstünlük verirdi. "The New York Times" administrasiyanın yüksəkrütbəli rəsmisinə istinadla yazır ki, gələcəkdə də narkokartellərin qayıq, yaxud gəmilərinə belə zərbələr endiriləcək. Prezident Tramp bu əməliyyatı ABŞ-yə narkotik daşımağı planlaşdıranlara xəbərdarlıq adlandırıb.
Kəşfiyyat: Şimali Koreya Rusiyaya daha 6 min əsgər göndərəcək

Şimali Koreya Rusiyaya əlavə olaraq 6 min əsgər göndərməyi planlaşdırır. Bu haqda Cənubi Koreyanın "Yonhap" agentliyi ölkənin kəşfiyyatına istinadla xəbər verir.
Agentlik qeyd edir ki, bu, Şimali Koreya ordusunun Rusiyaya göndərəcəyi üçüncü hərbi qrup olacaq, məqsəd Ukraynadakı müharibədə Rusiya qoşunlarını dəstəkləməkdir. Agentlik ötən ildən bəri Şimali Koreyanın Rusiyaya təxminən 13 min hərbi qulluqçu göndərdiyini yazır. Cənubi Koreya kəşfiyyatının hesablamasına görə, onların təxminən 2 mini Rusiyanın Kursk vilayətində döyüşlərdə həlak olub.
Şimali Koreya lideri Kim Çen In sentyabrın 2-də Pekinə gedib, orada Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin ilə birgə tədbirlərə qatılıb. Sentyabrın 3-də liderlər İkinci Dünya müharibəsinin 80-ci ildönümünə həsr olunmuş paradda tribunada yanaşı dayanıblar.
Prokuror Serj Sarkisyandan 4 milyard dram müsadirə olunmasını istəyir

Sentyabrın 2-də keçirilən məhkəmə iclasında prokuror Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan barəsində mülki iddia irəli sürüb.
O, Serj Sarkisyanı və digərlərini mülki cavabdeh kimi tanımağı, S.Sarkisyanın dövlətin xeyrinə təxminən 4 milyard dram (10 milyon 200 min dollar) məbləğində kompensasiya ödəməsini tələb edib.
Üçüncü prezident 20 il əvvəl, müdafiə naziri olduğu dövrdə bağladığı sazişlə əlaqədar ittiham olunur. İttiham aktına əsasən, Yerevanda İsakov prospektinə və “Yerablur” panteonuna bitişik torpaq sahəsi bazar qiymətindən aşağı qiymətə satılıb. Prokurorluq iddia edir ki, S.Sarkisyan bu addımı torpağı “Toyota-Yerevan” şirkətinə vermək məqsədi ilə atıb. Bu şirkətin 30%-i Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana məxsusdur.
2018-ci ildə Ermənistanda Nikol Paşinyan baş nazir seçiləndən sonra keçmiş prezidentlər və siyasi müttəfiqlər olan Koçaryan və Sarkisyana bir sıra ittihamlar irəli sürülüb.