Keçid linkləri

2025, 06 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:58

Dünya xəbərləri

FSB terror aktlarının, kütləvi qətllərin qarşısının alındığını bildirib

FSB
FSB

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi 75 regionda xəbərdarlıq xarakterli profilaktik tədbirlər apardığını bildirib. Məqsədin "gənclər arasında zorakılıq ideologiyasının, kütləvi qətllərin və intiharların yayılmasının önlənməsi" olduğu açıqlanıb.

Krasnoyarsk və Orlovsk vilayətlərində, Rusiya ordusunun nəzarətində olan Donetsk və Mariupolda kütləvi qətllərə hazırlaşmaqda şübhəli bilinən beş Rusiya vətəndaşının saxlandığı bildirilir.

FSB-nin versiyasına görə, Çelyabinskdən üç yeniyetmə nəqliyyat infrastrukturu obyektində terror aktı hazırlayırmış.

FSB həmçinin "neonasist və terrorçu ideologiyasını yayan" 59 Telegram-kanal və çat administratorunun fəaliyyətini dayandırdığını açıqlayıb. Saxlanılan şəxslərin telefonlarında partlayıcı hazırlamaq üçün təlimatlar, diversiya fəaliyyəti ilə bağlı materiallar, xarici kuratorlarla yazışmaların aşkarlandığı iddia olunur.

Doqquz nəfərə terror aktına hazırlıq, terror təşkilatında iştirak, partlayıcı maddələrin qanunsuz saxlanılması və ekstremizmə açıq çağırışlarla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi isə Çelyabinsk, Orenburq, Bryansk vilayətləri və Başqırdıstanda yeniyetmələrin saxlanıldığını bildirib. Onların arasında Blaqoveşenskdə kütləvi qətllərlə bağlı materialların yayılmasında və terror təşkilatının fəaliyyətinin təbliğində ittiham olunan 14 yaşlı Başqırdıstan sakini də var.

Orenburq vilayətində isə pul qarşılığında əmlaka od vurmağı, neonasistyönlü qraffiti çəkməyi və avtomobil şinlərini zədələməyi təklif etdiyi deyilən 15 yaşlı yeniyetmə saxlanılıb.

"Mediazona" yazır ki, FSB-nin yaydığı videoya əsasən, saxlanılanların bir hissəsinin "Kolumbayn" və "Qatil Kultu Manyakları" hərəkatlarına bağlı olduqları ehtimal edilir. Rusiyada bu hərəkatlar terrorçu təşkilatlar kimi tanınır.

ABŞ-nin müdafiə naziri: 'Kök general, admiral görmək qəbuledilməzdir'

Pit Heqset
Pit Heqset

Pentaqonun yeni missiyası yalnız hərbi əməliyyatlar aparmaq olacaq. Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniyanın Kuantiko şəhərində dəniz piyadaları bazasında çıxışında deyib. O, pasifizmi "saf və təhlükəli" adlandırıb.

"Müdafiə Nazirliyinin dövrü bitdi. Düşmənlər bizə meydan oxumaq qərarına gəlsələr, amansızlıq, dəqiqlik, hiddətlə darmadağın olunacaqlar", – Heqset deyib.

Müdafiə nazirinin sözlərinə görə, indiyəcən hərbi idarəçilik "siyasi korrektlik və zəhərli ideoloji tullantılara yoluxub".

İnklüzivlik siyasətindən imtina, xarici görünüş və fiziki hazırlıqla bağlı tələblərin sərtləşdirilməsi, "yüksək kişi standartlarına dönüş" – Heqset ordunun inkişaf konsepsiyasını belə görür. O deyib ki, orduda "daha paltarlı kişilər olmayacaq", "kök general və admiral görmək qəbuledilməzdir".

Nazir onunla razılaşmayanlara istefa təklif edib.

Pentaqonda komanda strukturlarının böyük konsolidasiyası üzrə planlar açıqlanandan aylar sonra rəhbərliyin toplantısı çağırılıb.

ABŞ prezidenti Donald Tramp da həmin tədbirdə çıxış edib. O, 2026-cı ildə ABŞ ordusuna bir trilyon dollardan çox vəsait ayrılacağını deyib. Bu, ölkə tarixində rekord göstəricidir. 2025-ci il üçün isə müdafiə büdcəsi 895 milyard dollar idi.

Tramp bildirib ki, Amerika ordusu döyüşən və qalib gələn bir maşına çevrilməlidir. Prezident Hərbi Dəniz Qüvvələri üçün 19 yeni gəminin hazırlanması planlarını yada salıb. Buraya sualtı qayıqlar, esmineslər, hücum gəmiləri daxildir. O əlavə edib ki, "çirkin gəmilər xoşuna gəlmir".

Müdafiə naziri generalların sayının 20 faiz azaldılmasını, 1789-1947-ci illərdə istifadə olunan tarixi "Müharibə Nazirliyi" (Department of War) adının qaytarılmasını tapşırıb.

Tramp hələ avqustda Pentaqonun adının dəyişdiriləcəyini açıqlayıb, yeni adın "güc və qələbə" simvolu olduğunu deyib. Sentyabrın 5-də isə "Müharibə Nazirliyi"nin əlavə rəsmi ad kimi istifadəsinə dair fərman imzalayıb.

Amma nazirliyin adı yalnız Konqresin qərarı ilə dəyişdirilə bilər.

ABŞ-də şatdaun başlayıb

ABŞ Konqresi
ABŞ Konqresi

Oktyabrın 1-dən ABŞ-də federal hökumətin bağlanması (şatdaun) prosesi başlayıb. Respublikaçılar və demokratlar hökumətin maliyyələşdirilməsi üzrə razılığa gələ bilməyiblər.

Bu, 2019-cu ildən bəri ilk şatdaundur.

Respublikaçılar demokratlardan mövcud maliyyələşdirməni yeddi həftə uzatmağı tələb edirlər. Demokratlar isə Senatda hər hansı maliyyələşdirmə layihəsinə səs vermək üçün güzəştlər istəyirlər. Əsas tələb milyonlarla amerikalı üçün bu ilin sonu bitəcək səhiyyə imtiyazlarının uzadılmasıdır. Respublikaçılar bu məsələyə ayrıca baxılmalı olduğunu deyirlər.

CNN yazır ki, senatorlar 30 sentyabr axşamı Kapitolini dərin qeyri-müəyyənlik içində tərk ediblər. Şatdaunun nə qədər çəkəcəyi bilinmir.

Oktyabrın 1-də Senat yenidən respublikaçıların eyni layihəsini səsverməyə çıxaracaq. Onlar deyirlər ki, hökuməti yenidən açmaq üçün yetərincə demokrat səs verməyənəcən bu plan gündəmdə qalacaq.

Federal hökumətin bağlanması yüz minlərlə federal işçinin məzuniyyətə göndərilməsi deməkdir. Vacib sayılan işçilər işə çıxacaqlar, amma çoxu şatdaun bitənəcən maaş almayacaq. Konqresdən illik ayırmalarla maliyyələşməyənlər isə maaşlarını alacaqlar.

Bu, 1981-ci ildən bəri 15-ci şatdaundur.

Hökumətin bağlanması nəticəsində sentyabr üçün məşğulluq hesabatı yayımlanmaya bilər. Hava səyahətinin azalacağı, elmi tədqiqatların təxirə düşəcəyi gözlənilir. ABŞ hərbçilərinin maaşı ödənməyə, 750 min federal işçi məzuniyyətə göndərilə bilər ki, bu da günə 400 milyon dollara başa gələr.

Federal hökuməti köklü dəyişdirmək istəyən Donald Tramp administrasiyası dekabradək 300 minədək işçini ixtisar etməyi planlaşdırır. Tramp Konqresdəki demokratlara xəbərdarlıq edib ki, şatdaun daha çox iş və proqramların kəsilməsi kimi "qarşısıalınmaz" addımların yolunu aça bilər.

Müstəqil təhlilçilər bu dəfə şatdaunun əvvəlkilərdən daha uzun çəkə biləcəyini deyirlər.

ABŞ tarixində ən uzun şatdaun 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarınadək – 35 gündən artıq çəkib. Trampın ilk prezidentliyi dövründə sərhəd təhlükəsizliyi ilə bağlı mübahisə yaranmışdı.

Bu həftə ABŞ-dən 120 iranlı deportasiya olunur

Miqrantların qarşısını almaq üçün ABŞ-Meksika sərhədində polad divar
Miqrantların qarşısını almaq üçün ABŞ-Meksika sərhədində polad divar

İran bu həftə ABŞ-dən 120-dək iranlının deportasiya olunduğunu bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) parlament və konsulluq işləri üzrə baş direktoru Hüseyn Nuşabadi "Tasnim" xəbər agentliyinə danışıb. O deyib ki, ABŞ immiqrasiya orqanları ümumilikdə 400-dək iranlını deportasiya etməyi planlaşdırır. Onların çoxu, əsasən, Meksika vasitəsilə ABŞ-yə qanunsuz daxil olmuş şəxslərdir.

Nuşabadi vurğulayıb ki, deportasiya edilənlərin bəzilərinin ABŞ-də qanuni yaşayış icazəsi olub. Amma onlar da deportasiya siyahısına salınıblar, repatriasiya üçün razılıqları alınıb.

"The New York Times" qəzeti sentyabrın 29-da yazmışdı ki, ABŞ-nin Luiziana ştatından təxminən 100 iranlını daşıyan bir təyyarə havaya qalxıb və Qətərdən keçərək ertəsi gün İrana çatacağı gözlənilir. Məqalədə adları açıqlanmayan İran rəsmilərinə istinad olunurdu.

Nuşabadi iranlıların ölkəni qanuni şəkildə tərk etdiyini, onların İrana qayıdışını "məmnuniyyətlə" qarşıladıqlarını, tam konsulluq dəstəyi göstəriləcəyini bildirib.

İnsan haqları müdafiəçiləri isə ABŞ-nin belə deportasiya siyasətini tənqid edirlər. Çünki bu halda miqrantlar insan haqları pozuntularının geniş yayıldığı ölkələrə qaytarılır.

İranda insan haqlarının durumu ağırdır. Siyasi dissidentlər, hüquq müdafiəçiləri, dini azlıqlar və LGBTQ şəxslər geniş təqib olunurlar. Tənqidçilərin fikrincə, ABŞ administrasiyası həssas miqrantları belə riskli şəraitə qaytarmaqla onların həyatını təhlükəyə atır.

Son illər çoxsaylı iranlı digər miqrantlarla birlikdə ABŞ-nin cənub sərhədindən ölkəyə qeyri-qanuni yolla keçib və sığınacaq üçün müraciət edib. Onların çoxu islam respublikasında siyasi və ya dini baxışlarına görə təqib olunduqlarını əsas gətiriblər.

Amma deportasiya anına qədər əksər sığınacaq müraciətləri ya rədd edilib, ya da heç araşdırılmayıb.

Putin son 9 ilin ən böyük payız çağırışına sərəncam verib

Hərbi hissəyə göndərilməzdən əvvəl çağırışçılar.
Hərbi hissəyə göndərilməzdən əvvəl çağırışçılar.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da bu ilin sonunadək 135 min nəfərin hərbi xidmətə çağırılması barədə sərəncam imzalayıb. "The Moscow Times" bunun son 9 ilin ən böyük payız çağırışı olduğunu yazır.

2016-cı ilin payızında Putin orduya 152 min nəfərin çağırılmasını əmr etmişdi. 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonrakı üç ildə hər payız orta hesabla 127 min nəfər xidmətə çağrılıb.

Rusiyada ildə iki dəfə hərbi çağırış keçirilir. 18-30 yaş arası kişilər bir il müddətində məcburi xidmət keçirlər.

Adətən yaz çağırışı daha geniş olur, çünki bu dövrdə məktəbi və ya universiteti bitirənlərin sayı çoxalır.

Çağırışçılar yalnız Rusiyanın daxilindəki hərbi hissələrdə xidmət etməlidirlər.

Kreml və Müdafiə Nazirliyi çağırışçıların döyüşə göndərilmədiyini iddia edir. Amma Ukrayna dəfələrlə Rusiya ordusunda çağırışçıların əsir alındığını bildirib.

Putin də 2022-ci ildə müharibənin əvvəlində bəzi çağırışçıların səhvən cəbhəyə göndərildiyini etiraf etmişdi.

Rusiya Ukraynadakı müharibəyə yüz minlərlə müqaviləli hərbçi cəlb edib. Onlara yüksək maaşlar, bonuslar təklif olunur.

Putinin göstərişi ilə 2026-cı ilədək Rusiya ordusunda 1.5 milyon aktiv hərbi qulluqçu olmalıdır.

Rusiyadakı azərbaycanlılar daha bir sərt qanunla üzləşə bilərlər
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Rusiyada orduya çağırış ilboyu aparılacaq

Dövlət Duması ötən həftə ilk oxunuşda qəbul etdiyi qanun layihəsində gələn ildən ilboyu hərbi çağırış sisteminə keçid nəzərdə tutulub.

Qanun hərbi komissarlıqlara imkan verəcək ki, ilboyu çağırışçılarla bağlı tibbi müayinələr və psixoloji seçim aparsın, çağırış komissiyalarının iclaslarını keçirsin. Çağırış vərəqələri də konkret ayla bağlı olmadan göndəriləcək. Bu, çağırış məntəqələrinə düşən yükün bərabər paylanmasına, çağırışın keyfiyyətinin artırılmasına imkan yaradacaq, - qanun layihəsinin izahında belə deyilir.

Çağırışçıların hərbi hissələrə əvvəlki kimi ildə iki dəfə – yazda və payızda göndəriləcək.

Qanunun 2026-cı il yanvarın 1-də qüvvəyə minəcəyi gözlənilir.

Daşkənddə 2 minədək uşağın süd məhsullarından zəhərləndiyi ehtimal olunur

Özbəkistanda uşaq bağçası
Özbəkistanda uşaq bağçası

Daşkənd vilayətində uşaq bağçalarında uşaqlar kütləvi zəhərlənib. Bu barədə gazeta.uz nəşri yazıb. Sanitar-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekov 1900-dən çox uşaqda zəhərlənmə simptomlarının müşahidə olunduğunu, onlardan 900-dən çoxunun xəstəxanaya yerləşdirildiyini deyib. Uşaqlarda hərarət, susuzluq, qusma halları qeydə alınıb.

Zəhərlənmə ötən həftə baş verib. Bukin, Pskent, Bekabad, Akkurqan, Kuyiçirçik rayonlarında valideynlər uşaqları uşaq bağçalarından xəstəxanalara aparıblar. Sentyabrın 26-da səhər xəstəxanalarda 961 pasiyent uşağın 941-nin vəziyyəti yüngül, 22-nin vəziyyəti orta ağır qiymətləndirilib. Pskent rayonundakı yoluxucu xəstəliklər xəstəxanası dolduğundan bəzi xəstələri qonşu şəhər və rayonlardakı tibb ocaqlarına köçürüblər.

İnternetdə Daşkənd vilayətindəki tibb ocaqlarından yayılan videoların birində tibb işçisi həmkarlarından yardım istəyir, tibb bacılarının pasiyent axınının öhdəsindən gələ bilmədiyini deyir.

Uşaqların kütləvi zəhərlənməsi ilə bağlı yeddi nəfər saxlanılıb. Onların arasında süd məhsulları istehsal edən şirkətin üç təmsilçisi, eləcə də autsorsinq şirkətlərinin vəzifəliləri var.

Sanitariya qanunvericiliyinin və ya epidemiya əleyhinə qaydaların pozulması üzrə cinayət işi açılıb.

Rusiya Sumıda yaşayış evini vurub, bir ailə məhv olub

Sumıya zərbələr. Foto arxiv
Sumıya zərbələr. Foto arxiv

Sentyabrın 30-na keçən gecə Rusiya ordusu Ukraynanın Sumı vilayətində yaşayış evinə dron zərbəsi endirib. Ev Krasnopol rayonunun Çernetçina kəndində yerləşir.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorovun dediyinə görə, həmin evdə iki azyaşlı uşaqları olan ailə yaşayırmış və sağ qalan olmayıb. Xilasedicilər dağıntılar altından valideynlərin, 6 və 4 yaşlı oğlanların meyitlərini çıxarıblar.

"Bu, bütün icma və vilayət üçün dəhşətli və əvəzolunmaz itkidir. Çernetçinada ailənin ölümünü heç vaxt unutmayacaq, bağışlamayacağıq", – o deyib.

Rusiya ilə sərhəddə yerləşən Sumı vilayəti Rusiya ordusunun daimi atəşi altındadır. Bir gün öncə Konotop rayonunda yaşayış məskəni vurulub, bir nəfər xəsarət alıb.

Ukrayna hakimiyyəti, beynəlxalq qurumlar mülki binalara hücumları Rusiyanın hərbi cinayətləri sayırlar. Rusiya rəhbərliyi isə təcavüzkar müharibədə Ukraynanın mülki infrastrukturuna, əhalisinə qəsdən zərbələr endirilmədiyini bildirir.

Saakaşvili və keçmiş mühafizə xidmətinin başçısı büdcəyə 3.3 milyon dollar qaytarmalıdır

Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və onun keçmiş mühafizə xidmətinin başçısı Teymuraz Canaşiya dövlət büdcəsinə təxminən 3.3 milyon dollar (9 milyon lari) qaytarmalıdırlar. Bu barədə Tbilisi şəhər Məhkəməsi sentyabrın 29-da qərar çıxarıb.

Onlar büdcə vəsaitlərinin mənimsənilməsinə dair "pencək işi" üzrə təqsirli bilinmişdilər.

Saakaşvilinin vəkili Beka Basilaya qərarın siyasi sifarişli olduğunu bildirib, məhkəmə sisteminin hakim partiyaya tabe olduğunu iddia edib.

Bu ilin martında Saakaşviliyə 8 il həbs, Canaşiyaya 300 min lari cərimə cəzası kəsilib. Bundan sonra Maliyyə Nazirliyi 9 milyon lari məbləğində büdcə vəsaitinin qaytarılması üzrə mülki iddia qaldırıb.

Sentyabrın 29-da bu iş üzrə apellyasiya məhkəməsi keçirilir. Prokurorluq Canaşiyaya da həbs cəzası tələb edir.

Əvvəlki hökmlərə əsasən, Saakaşvili 2034-cü ilin aprelinədək həbsdə qalacaq. O və tərəfdarları bütün işlərin siyasi motivli olduğunu deyir.

Moskvaətrafına dron hücumu iki nəfərin həyatına son qoyub

Voskresensk
Voskresensk

Rusiyanın Müdafiə Nazirliyi səkkiz region üzərində Ukraynanın 78 dronunun vurulduğunu bildirib.

Moskva vilayətinin rəhbəri Andrey Vorobyovun dediyinə görə, hava hücumundan müdafiə qüvvələri Voskresensk və Kolomna üzərində dörd dron vurub. Voskresenskdə fərdi evdə başlayan yanğın 76 yaşlı qadın və onun 6 yaşlı nəvəsinin həyatına son qoyub.

Bir neçə evin pəncərələri və fasadıma ziyan dəyib.

Müdafiə Nazirliyi həmçinin Bryansk vilayəti üzərində 24 dronun vurulduğunu açıqlayıb. "Supernova+" və "Astra" Telegram-kanalları bildirir ki, Karaçevdəki "Elektrodetal" zavodu hücuma məruz qalıb. Bu zavod "Radioelektron Texnologiyalar" konserninin tərkibindədir, hərbi sənayedə də istifadə olunan elektrik birləşdiriciləri istehsal edir.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz dron hücumunu, zavodda yanğını şərh etməyib. Amma dron hücumundan xəsarət alan olmadığını, operativ və fövqəladə xidmətlərin ərazidə fəaliyyət göstərdiyini bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Belqorod vilayətində 21, Voronej və Smolensk vilayətlərinin hərəsində 9, Orlov vilayətində 3, Kursk vilayətində isə bir dron vurulub.

ABŞ-də şatdaun riski. Tramp Konqres liderləri ilə görüşməlidir

ABŞ Konqresi
ABŞ Konqresi

Oktyabrın 1-dən ABŞ hökumətinin bağlanma (şatdaun) riski Asiyada səhmlərin həftəyə ehtiyatla başlamasında özünü göstərir. Mümkün şatdaun sentyabrın əmək bazarı hesabatı və digər əsas iqtisadi məlumatların dərcini də təxirə sala bilər.

Prezident Donald Tramp sentyabrın 29-da Konqres liderləri ilə hökumətin maliyyələşdirilməsini müzakirə edəcək. Tərəflər razılığa gəlməsə, çərşənbə günü – oktyabrın 1-dən şatdaun başlaya bilər.

Həmin gün ABŞ-nin ağır yük maşınları, dərmanlar və digər məhsullara yeni tarifləri qüvvəyə minəcək.

"Bank of America" analitikləri qeyd edir ki, bir həftəlik şatdaun iqtisadi artımı 0.1 faiz azalda bilər. Amma ixtisarlar istehlakçı inamına və əmək bazarına ciddi zərbə vura bilər.

Ağ ev sentyabrın 24-də federal agentliklərə bu həftə mümkün şatdaun üçün kütləvi ixtisar planları hazırlamağı tapşırmışdı. "Reuters" yazırdı ki, öncəki şatdaunlarda işçiləri müvəqqəti məzuniyyətə göndərirdilər, bu dəfə tamam fərqli proses gözlənilir.

Bazar ertəsi – sentyabrın 29-da Asiya bazarlarında "S&P 500" və "Nasdaq" fyuçersləri 0.2 faiz, Cənubi Koreya indeksi isə 1.2 faiz artıb.

Dollar indeksi sabit qalıb.

Neft bir qədər ucuzlaşıb. Səbəb İraqın muxtar Kürdüstan bölgəsindən Türkiyəyə xam neft axınının iki il yarımdan sonra bərpa olunmasıdır.

Digər yandan, "Reuters" xəbər verir ki, OPEC+ oktyabrın 5-nə gözlənən iclasda gündəlik hasilatı azı 137 min barel artırmağa razılıq verə bilər.

"Brent" markalı neft 0.8 faiz ucuzlaşaraq bir barel üçün 69.57 dollar, ABŞ xam nefti isə 0.9 faiz azalaraq 65.14 dollar olub.

İrana sanksiyalar bərpa olunub

BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

Avropa üçlüyü (E3) – Britaniya, Fransa və Almaniya sentyabrın 28-də İrana "snapback" sanksiyalarının bərpa olunduğunu açıqlayıblar.

ABŞ sanksiyalarının təsiri altında olan İranda milli valyuta dollara qarşı 1.12 milyon rial səviyyəsinə enərək tarixi rekord vurub.

E3 Tehrana sanksiyalara qarşı hər hansı bir "gərginləşdirici" addım atmaması üçün xəbərdarlıq edib, onu xüsusilə ABŞ ilə danışıqlara qayıtmağa çağırıb.

"BMT sanksiyalarının bərpası diplomatiyanın sonu deyil", – E3-ün xarici işlər nazirləri birgə bəyanatda bildiriblər.

Bəyanatda deyilir ki, İran nüvə obyektlərinə BMT müfəttişlərinin (BAEA) girişini bərpa etməyib, yüksək həddə zənginləşdirilmiş uran ehtiyatına dair hesabat hazırlayıb agentliyə təqdim etməyib.

Rubionun çağırışı, Tehranın mövqeyi

ABŞ dövlət katibi Marko Rubio BMT üzvlərini Tehrana sanksiyaları dərhal tətbiq etməyə çağırıb. O, həmçinin İranı birbaşa danışıqları "yaxşı niyyətlə, yubatmadan" qəbul etməyə səsləyib.

Tehran E3-ün sanksiyaları bərpa etməsini "qanunsuz" adlandırıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə Nyu-Yorka BMT Baş Assambleyasına yığışan üzv ölkələri Tehrana qəsddə ittiham edib.

"Nyu-Yorkda gördüklərim dialoqun uğursuzluğunun təsadüfi olmadığını göstərir", – deyən nazir sanksiyaların bərpasına hər hansı bir cəhdin "keçərsiz və etibarsız" olduğunu bildirib.

Avropa ölkələri İranın 2015-ci il nüvə sazişini pozduğunu deyərək sanksiyaların bərpasından ötrü 30 günlük geri sayım başlatmışdılar. Həmin sazişin məqsədi İranın nüvə silahı hazırlamasını önləmək idi.

Polşada 20 nəfər saxlanılıb – Belarus və Rusiyaya 600 bahalı avtomobil satılıb

Systema Luxury cars
Systema Luxury cars

Polşada Belarus və Rusiyaya sanksiyalardan yan keçərək təxminən 600 bahalı avtomobil satışına görə 20 nəfər saxlanılıb. Məlumatı Polşa polisinin Mərkəzi İstintaq Bürosu yayıb.

Saxlanılan şəxslərin 2021-2025-ci illərdə Polşa, Çexiya, Litva, Almaniya və Avropanın digər ölkələrində fəaliyyət göstərən mütəşəkkil cinayət qrup üzvləri olduğu bildirilir. İstintaqa görə, onlar saxta şirkətlərdən yararlanıblar.

BMW, "Mercedes", "Porsche", "Lexus" və "Range Rover" kimi lüks avtomobilləri salonlardan alıb, başqa şirkətlərə satıb, sonra isə Avropa İttifaqı ölkələrində alıcılara paylayıblar. Avtomobillər yenidən Polşaya gətirilib və, əsasən, Belarus, Azərbaycan və Qazaxıstan şirkətləri vasitəsilə Rusiyaya və Belarusa satılıb.

Polisin bilgisinə görə, qrup üzvlərinin nəzarətində olan şirkətlərə 40 milyon zlotidən (11 milyon dollar) çox məbləğdə ƏDV əsassız olaraq geri qaytarılıb.

Saxlananlar mütəşəkkil cinayətkar qrupa rəhbərlik və onda iştirak, azı 17 milyon zloti (3 milyon dollar) dəyərində saxta ƏDV fakturaları yazmaq, pul yumaq, Rusiyaya və Belarusa sanksiyalardan yayınmaqda ittiham olunurlar. 20 nəfərdən ikisinə 3 aylıq həbs kəsilib.

Axtarış zamanı polis saxlananların aktivlərini, zinət əşyalarını, müxtəlif valyutalarda nağd pul vəsaitlərini müsadirə edib. Şübhəlilərin bank hesablarında 10 milyon zlotidən (2.7 milyon dollar) çox vəsait dondurulub.

Latviyada isə Rusiyaya bahalı avtomobillərin tədarük kanalı bağlanıb. Avtomobillər sanksiyalardan yan keçərək Belarus vasitəsilə göndərilirmiş.

Qazaxıstanda həbs xəbəri yayılmış XİN başçısı prezidentin köməkçisi təyin olunub

Murat Nurtleu
Murat Nurtleu

Sentyabrın 26-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xarici İşlər Nazirliyində (XİN) kadr dəyişiklikləri aparıb.

Murat Nurtleu xarici işlər naziri vəzifəsindən azad edilib və prezidentin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin olunub.

Ermek Koşerbayev yeni xarici işlər naziri vəzifəsinə təyin olunub. O, 2025-ci ilin fevralından baş nazirin sosial məsələlər üzrə müavini idi. Daha əvvəl Şərqi Qazaxıstan vilayətinin hakimi, Qazaxıstanın Rusiyadakı səfiri və XİN-də məsul katib vəzifələrində çalışıb.

Tokayev beynəlxalq məsələlər üzrə köməkçisi Erjan Kazıxanı da vəzifəsindən azad edib. Onu ölkəsinin BMT-nin Cenevrədəki təmsilçiliyi və digər beynəlxalq qurumlar yanında daimi nümayəndə təyin edib.

Sentyabrın əvvəlində orda.kz onlayn nəşri xarici işlər naziri M.Nurtleunun, Milli Təhlükəsizlik Komitəsinin (KNB) bir neçə yüksək vəzifəlisinin və işadamı Hacı Hacıyevin istintaq altında olduğunu yazıb. İddiaya görə, qanlı yanvar hadisələrindən sonra qısa müddət KNB sədrinin müavini işləmiş Nurtleu Hacıyevin köməyi ilə xüsusi xidmət orqanı daxilində gizli struktur yaradıb. Bu struktur Nurtleunun maraqları daxilində izləmə, dinləmə və bəzi şəxslərin təqibi ilə məşğul olub.

Amma Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, daha sonra digər rəsmi kanallar Nurtleunun saxlanılması xəbərini təkzib edib. Orda.kz isə iddiasında israr edib.

Sentyabrın 6-da Qazaxıstan XİN M.Nurtleu ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı barədə açıqlama yayıb. İki gün sonra Nurtleu prezident Tokayevin müraciəti öncəsi parlament binasına gəlib. O, jurnalistlərə özünün guya həbs olunması ilə bağlı şayiələri "yalan və absurd" adlandırıb.

Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb

R.T.Ərdoğan və D.Tramp
R.T.Ərdoğan və D.Tramp

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib ki, Türkiyənin Ukraynadakı müharibəni bitirmək üçün edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almağı dayandırmaqdır.

Tramp Ağ evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb ki, həm Putin, həm də Zelenski Ərdoğana hörmət edir: "O, istəsə, Ukraynadakı müharibəyə böyük təsir göstərə bilərdi, amma bitərəf qalmağı üstünlük tutur".

ABŞ prezidenti dəfələrlə NATO və Avropa İttifaqı ölkələrini Rusiyadan neft və qaz almağı dayandırmağa çağırıb və söz verib ki, bunu etsələr, Çin də daxil olmaqla, Rusiya enerji resurslarını almağa davam edən ölkələrə qarşı sərt sanksiyalar qoyacaq.

NATO ölkələri arasında Türkiyə Rusiya karbohidrogenlərinin ən böyük idxalçısıdır (26 faiz). "Energy Intelligence"in məlumatına görə, iyunda Türkiyə gündə 300 min bareldən çox Rusiya nefti alıb.

Avqustda prezident Tramp Rusiyadan neft aldığı üçün Hindistana 25 faizlik rüsum tətbiq edib. Yeni Dehli üçün ümumi tarif 50 faizdir. Buna baxmayaraq, Hindistan OPEC+ ölkələrindən daha aşağı qiymətlərlə xam neft idxalını davam etdirir.

Dövlət katibinin verdiyi şam yeməyinə Gürcüstanı çağırmayıblar

Maka Boçorişvili və Mixeil Kavelaşvili
Maka Boçorişvili və Mixeil Kavelaşvili

Sentyabrın 24-də ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda transatlantik şam yeməyi təşkil edib. Aİ və NATO üzvü olan ölkələrin xarici işlər nazirləri, həmçinin İsveçrə, Ukrayna, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tədbirə dəvət olunublar. AzadlıqRadiosunun gürcü xidməti Gürcüstan təmsilçilərinin yeməyə dəvət olunmadığını yazır.

ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında deyilir ki, M.Rubio şam yeməyində transatlantik tərəfdaşlığın sülh və rifahın təmin olunmasında rolunu vurğulayıb. O, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik əlaqələrin, Çinin zərərli təsirinə qarşı mübarizənin, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün əməkdaşlığın vacibliyindən danışıb. Dövlət katibi İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyin əhəmiyyətini qeyd edib. O, ABŞ prezidentinin Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhə nail olunması yönündəki uğurlarını da vurğulayıb.

Gürcüstan prezidenti Mixeil Kavelaşvili, xarici işlər naziri Maka Boçorişvili və digər rəsmilər də BMT Baş Assambleyasında iştirak edirlər. Onları Gürcüstan müxalifəti və ictimaiyyətinin bir hissəsi legitim saymır.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin bu haqda sualına cavabında deyib ki, "prezident ABŞ-yə şam yeməyinə yox, işə görə gedib".

"ABŞ prezident tərəfindən idarə olunan dövlətdir. Gürcüstan prezidenti ABŞ prezidentinin verdiyi qəbulda iştirak edib, onunla ünsiyyət qurmaq imkanı olub. Bu, bizim üçün önəmlidir", – o əlavə edib.

M.Kavelaşvili bir sıra həmkarları ilə qısa söhbətlər apardığını bildirib. O, Azərbaycan, İsveçrə və Polşa liderləri ilə söhbət edib, Slovakiya və Serbiya prezidentləri ilə də görüşüb.

Davamı

XS
SM
MD
LG