'Ətrafındakı hər kəs puluna, vəzifəsinə görə Əliyevə baş əyir...'

Sizin brauzer HTML5-i dəstəkləmir

ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır

“Toplum TV” internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Əli Zeynalov deyir ki, hazırda ölkədə demokratiya və insan haqları tələb etmək terrorçuluğa bərabər cinayət kimi cəzalandırılır.

“Tamah niyyətiylə qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar dəstə biz deyilik, bizim həbsimizin siyasi sifarişini verənlərdir”, - Ə.Zeynalov sentyabrın 22-də məhkəmə ifadəsində belə deyib.

“Toplum TV” işi üzrə təqsirləndirilən 9 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslər arasında internet televiziyasının qurucusu, media hüquqçusu Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvlərindən Ruslan İzzətli, jurnalistlər Fərid İsmayılov, Müşfiq Cabbarov və digərləri var.

Sentyabrın 22-dəki məhkəmədə öncə R.İzzətli ifadə verib. Sağlamlığında ciddi problemlər olsa da, saxta sənədlərlə hərbi xidmətə yararlı göstərilməsindən, 4 ay sonra əməliyyat edilməsindən danışan R.izzətlinin sözlərinə görə, Azərbaycanda hakimiyyət siyasi rəqiblərə qarşı ordudan da cəza vasitəsi kimi yararlanır.

Buna da bax: Ələsgər Məmmədli: 'Bizi insan yerinə qoymurlar, adi arayışı vermirlər...'

Cinayət işinin materiallarında iddia edilir ki, ötən il martın 8-də saxlandığı gün R.İzzətlinin evindən 4 min 800 avro pul tapılıb. O bunu yalanlayır və deyir ki, həmin pulu evinə axtarışı aparan polislərin özləri atıb.

“İstərdim ki, çıxışım qanun və ədalət naminə olsun, amma...”

R.İzzətli martın 6-da digərləri ilə birlikdə saxlanıb, az sonra buraxıldığını, ancaq 2 gün sonra sonra – martın 8-də tutulduğunu da xatırladır və vurğulayır ki, əgər evində pul olsaydı, bu iki gün ərzində çıxarardı. Üstəlik, mənzilinin ipoteka kreditinə görə borcu yarandığından, evində pul vardısa, onu ödəyərdi.

Azərbaycan hakimiyyətinin öz tənqidçilərini Stalin üsullarıyla susdurmağa çalışdığını, xalqı qorxu altında saxlayıb, ölkənin sərvətlərini taladığını söyləyən R.İzzətli məhkəmədən də ədalətli qərar gözləntisi olmadığını vurğulayıb: “Bu ölkədə məhkəmə sistemi sifarişə, şərə xidmət edir, korrupsiyaya bulaşıb, nə gözləntim olacaq?”.

O, ifadəsindən sonra prokurorun suallarını cavablandırmaqdan imtina edib.

Ardından Ə.Zeynalov da ifadəsinə başlarkən, hakimlərin ədalətinə ümidsizliyini dilə gətirib: "İstərdim ki, çıxışım qanun və ədalət naminə olsun, amma önümdə qanunun aliliyini əsas tutan bir məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur deyə, hüquqi müstəvidə müdafiə qurub özümü aldatmayacağam. Bu səbəbdən də çıxışımı qanun naminə yox, tarix üçün edirəm”.

Ə.Zeynalov deyir ki, ictimai-siyasi fəaliyyətə 2014-cü ildə, 18 yaşında NİDA Vətəndaş Hərəkatına üzv olmaqla başlayıb, o dövrdə hərbi xidmət zamanı özbaşınalıq nəticəsində həyatını itirən 18-19 yaşlı gənclərin ölümünə etiraz olaraq keçirilən aksiyalara qatılıb. Onun sözlərinə görə, ardından hökumətin ölkədə gənc fəallara, vətəndaş cəmiyyətinin təmsilçilərinə, müstəqil jurnalistlərə qarşı repressiyalarının şahidi olub. 2016-cı ildən Demokratik Təşəbbüslər İnstitutunun təşkil etdiyi jurnalistika təlimlərində iştirak edib və bu sahədə fəaliyyətə başlayıb.

“İlham Əliyevin ətrafında möhkəm iradəli insanlar, səmimi dostluq münasibətləri yoxdur. Ətrafındakı hər kəs ona puluna, gücünə, vəzifəsinə görə “hörmət edir”, baş əyir. Hamısının fürsət gözlədiyini, ən xırda ayaq büdrəməsi ilə ətrafında hamının ondan üz döndərəcəyini, onun sahib olduqlarını ələ keçirmək üçün hər şey edəcəklərini bilir, bu təşvişlə yaşayır. Məhz bu səbəbdən onun bizim kimi insanları görməyə dözümü yoxdur, bizə həsəd apardığı üçün şərləyir, həbsə atdırır”, - Ə.Zeynalovun sözləridir.

Sentyabrın 22-dəki məhkəmədə təqsirləndirilən şəxslərdən hüquqşünas Ələsgər Məmmədli də ifadə verib. O, ictimai fəaliyyətindən, media sahəsində gördüyü işlərdən danışıb. “Toplum TV”nin də fəaliyyətindən söz açan Ə.Məmmədli deyir ki, cinayət işinin materiallarında onun “qanunsuz fəaliyyət göstərən media orqanı” kimi tanıdılması yanlışdır. O, vəsatət qaldırıb ki, sorğu göndərilsin, “Toplum TV”yə qeydiyyatdan keçməməsi ilə bağlı hər hansı xəbərdarlıq olunması, yaxud barəsində bununla əlaqəli məhkəmə qərarı çıxarılması kimi məsələlər dəqiqləşdirilsin.

“Toplum TV” işi üzrə məhkəmə sentyabrın 29-da davam edəcək.

Xatırlatma

“ToplumTV” işi üzrə həbslər ötən ilin martından başlanıb və bu işlə bağlı 7 nəfər, o cümlədən Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs olunub. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, F.İsmayılov 2025-ci ilin yanvarında həbs edilib.

Fevralda həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilib, ancaq həmin ayın sonunda ev dustaqlığına buraxılıb. Onun barəsində cinayət işi ayrılıb.

“ToplumTV” işi üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlər hamılıqca ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddiasına görə, adı həmin siyahılarda olanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.