Noyabrın 5-də Milli Şura və Müsavat Partiyasının üzvü, iki ilə yaxındır həbsdə olan Tofiq Yaqublunun işinə baxılıb. Prosesə siyasətçinin özü də qatılıb.
Məhkəmə prosesinə sədrlik edən hakim İlqar Qılıcov T.Yaqubludan çıxış etmək fikrinin olub-olmadığını soruşarkən, siyasi fəal çıxış etmək istədiyini söyləyib.
Hakim bildirib ki, Ali Məhkəmə işlərə aşağı instansiya məhkəmələrində baxılan zaman prosessual pozuntulara yol verilib-verilmədiyini araşdırır və bu üzdən, təqsirləndirilən şəxslərin burada geniş çıxış etmək imkanı olmasa da, T.Yaqubluya çıxışına şərait yaradılacaq: "Bu günə çox məhkəmə prosesi təyin olunub, vaxt problemi var. Ona görə də növbəti iclasın vaxtını müəyyənləşdirib təyin edərik, siz də həmin gün ətraflı çıxış edərsiniz".
T.Yaqublu cavab verib ki, əgər çıxışda səsləndirilən arqumentlərə, təqsirsizliyini sübut edən faktlara əhəmiyyət verilməyəcəksə, heç məhkəmə prosesini təxirə salmağa ehtiyac yoxdur: "Əgər aşağı instansiyalardakı kimi davranacaqsınızsa, prosesi təxirə salmağa ehtiyac yoxdur, qərarı elan edin, bitsin. Mənim sizdən də ədalət gözləntim yoxdur. Çox yox, 0.1 faiz ədalət və ləyaqət istəyirəm. Bunlar olsa, mənim təqsirsiz olduğumu qəbul edib, barəmdəki cinayət işinə xitam verərsiniz".
Prosesdə T.Yaqublunun vəkili Nemət Kərimli və prokuror çıxış etməyib.
Hakim bu iş üzrə məhkəmənin növbəti üç həftə ərzində keçiriləcəyini, vaxt dəqiqləşəndə tərəflərə məlumat veriləcəyini deyib.
Xatırlatma
T.Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib. Siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib.
Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
T.Yaqublu özünü təqsirli bilmir və qurama ittihamla şərlənərək həbs olunduğunu bildirir.
Siyasi fəal daha öncə də dəfələrlə uzun müddət həbsdə olub.
Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək deyirlər ki, adları siyasi məhbus siyahılarında yer alan şəxslər törətdikləri əmələ görə mühakimə olunublar.