Oktyabrın 4-də Rusiya qüvvələri Ukraynanın şimal-şərqindəki Şostkada sərnişin qatarını vurub. Qatarlara, dəmiryol infrastrukturuna hücumlar ölümlərə, iqtisadi və hərbi ziyana, işin pozulmasına səbəb olur.
"Rusiyanın arzusu aydındır: Ukraynanın logistikasını iflic etmək. Hərbi yüklər daxil olmaqla karqonun əsas hissəsi dəmiryol ilə daşınır", – ölkənin keçmiş infrastruktur naziri Volodimir Omelyan AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.
Ukraynada dəmiryol şəbəkəsinin hələ də işlək durumda olması dörd ilə yaxındır gedən müharibədə milli iftixar mənbəyidir, iqtisadi, humanitar nəqliyyat baxımından həyati əhəmiyyətlidir.
Rusiyanın gündəlik dron və raket zərbələrinə baxmayaraq, qatarlar öz işindədir – hərbi avadanlıq, əsgər, humanitar yük daşıyır.
Ölkə iqtisadiyyatının təxminən 60-65 faizi dəmiryol xətləri ilə hərəkət edir. Hətta dünya liderlərinin bəziləri Ukraynaya məhz qatarla gedib.
Müharibənin əvvəlində Ukraynada dəmir yollarına, əsasən, toxunmurdular. Təhlilçilərin fikrincə, Rusiya, ola bilsin, müharibənin tez bitəcəyini düşünüb, vacib infrastruktura gərəksiz yerə ziyan vurmaq istəməyib.
2022-ci ildə Kramatorska ölümcül zərbəni isə dünya pisləyib.
Sistematik kampaniya
Ukrayna rəsmiləri bu il dəmir yollarına qarşı sistematik kampaniya başladığını deyirlər.
Şostkaya hücumdan bir neçə saat sonra baş nazir Yuliya Sviridenko sosial mediada yazıb ki, "rusiyalılar barbarlığın yeni mərhələsinə qədəm qoyublar". O, son iki ayda dəmiryol infrastrukturuna 220 zərbə endirildiyini yazıb.
Odessada Rusiyanın hücumu zamanı anbarda vurulmuş qatar.
Dəmiryol qovşaqları xüsusilə hədəfdə olub.
Ukrayna dəmiryol şəbəkəsinin təxminən yarısı elektrikləşdirilib. Rusiyanın zərbələri nəticəsində elektrik enerjisinin kəsilməsi elektrik lokomotivlərinin işləməsini mümkünsüz edir. Üstəlik, ölkədə dizel mühərrikli qatar lokomotivlərinin ehtiyatı məhduddur və köhnədir.
Ukrayna hökuməti avqustda büdcə komitəsi vasitəsilə ehtiyat fondunun genişləndirilməsini təsdiqləyib. Bu fond hökumətə təcili təmir işlərini maliyyələşdirməyə, dəmir yollarının əməliyyat ehtiyaclarını sürətlə qarşılamağa imkan verir.
İqtisadi, hərbi ziyan, üstəlik qorxu
Rusiyanın hücumları Ukraynaya həm hərbi, həm də iqtisadi ziyan vurur.
Ukraynaya idxal olunan hərbi texnika dəmiryol vasitəsilə daşınır. Ölkənin şərqində şiddətli döyüşlər gedən yerlərdə yolların vəziyyəti çox pisdir. Ona görə dəmiryol əlaqələri logistikada həlledici rol oynayır.
Dəmir yolu ilə metallar və dəmir filizi, taxıl daşınır. Bunların hamısı strateji məhsullardır.
Bu hücumlar dəmiryol ilə səyahət edən ukraynalılar, həm də ölkəyə gələn Qərb siyasətçilərinə risk yaradır.
"Bu, insanlarda xof yaradır. Sərnişindaşımalarda davamlı pozuntulara səbəb olur", – Kiyevdə yerləşən Nəqliyyat Strategiyaları Mərkəzinin rəhbəri Sergiy Vovk AzadlıqRadiosuna deyib.
Oktyabrın 8-də isə "Ukrayna Dəmir Yolları" hücumlar nəticəsində bir çox qatarın gecikdiyini, ləğv edildiyini və ya marşrutlarının dəyişdirildiyini bildirib.