Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan müdafiə vəkili ilə əməkdaşlıqdan imtina səbəblərini ailəsi vasitəsilə açıqlayıb. O, bunu vəkilin peşəkar fəaliyyət göstərmə şəraitinin olmaması və hüquq normalarının pozulması ilə əlaqələndirib: "21 oktyabr iclası zamanı müdafiə vəkilim Avraam Bermanın xidmətindən imtina etdiyimi bildirdim. Bu, məcburi qərar idi. Beynəlxalq hüquq normalarının və hətta Azərbaycanın məhkəmə-prosessual qanunvericiliyinin kobud şəkildə pozulması bu iclasları aşkar farsa çevirdi. Belə şəraitdə müdafiənin bütün prosessual imkanları tükənib".
R.Vardanyanın vurğulamasına görə, ona işin materialları və iddianamə ilə tanış olmaq üçün heç bir imkan verilməyib: "Materiallara giriş indiyə qədər qadağandır – mən 422 cilddən ibarət öz işimlə tanış ola bilmirəm, məhkəmə əsas prosessual sənədlərin rəsmi tərcüməsini təqdim etməyib".
Onun deməsinə görə, müdafiəçisi ilə məhkəmə iclaslarına hazırlıq üçün sənədlər mübadiləsi apara, heç bir məhdudiyyət və əvvəlcədən nəzarət olmadan danışa bilməyib.
"Mənə ittihamın sübutu kimi təqdim olunan səs və videomateriallara giriş verilməyib", - o qeyd edib.
"Müdafiədən imtinanın digər səbəbi məhkəmənin işin hallarını aydınlaşdıra və müdafiə üçün vacib olan faktları təsdiq edə biləcək şahidləri çağırmaq xahişimi rədd etməsi oldu", - o əlavə edib.
R.Vardanyanın sözlərinə görə, bu "absurd teatrı"nda müdafiə vəkilinin rolu, onun istəyindən və səylərindən asılı olmayaraq, yalnız bu prosesin formal qanuniliyini təmin etməklə məhdudlaşır. "Mən bu farsda iştirakdan imtina edirəm. Mənə müdafiə illüziyası lazım deyil – mən öz prosessual hüquqlarımın əsl qorunmasını tələb edirəm", - o, sonda vurğulayıb.
R.Vardanyanın bəyanatına Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ruben Vardanyanın vəkili AzadlıqRadiosuna danışır: 'Məni Azərbaycana buraxmadılar'
21 oktyabr
Məhkəmə Ruben Vardanyanın vəsatətini təmin edib
Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam edib.
Rəsmi AZƏRTAC agentliyinin xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə o, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Ardınca R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Avraam Berman ilə konfidensial görüşmək istədiyini deyib. Məhkəmə vəsatəti təmin edib və prosesdə qısa fasilə elan olunub.
Xəbərə görə, fasilədən sonra təqsirləndirilən R.Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək müdafiəçisi A.Bermandan imtina etdiyini deyib. O, vəsatətini əsaslandıran zaman əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrar edərək bildirib ki, ümumilikdə məhkəmə prosesindən narazıdır.
Məhkəmənin qərarına əsasən Vardanyanın müdafiəçisi Bermandan imtinası qəbul olunub. Təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçi ilə təmin olunması ilə bağlı qərar Vəkillər Kollegiyasına göndərilib.
Məhkəmə prosesi təxirə salınıb. Növbəti iclas isə oktyabrın 28-nə təyin olunub.
Rəsmi agentliyin xəbərini müstəqil mənbələrlə dəqiqləşdirmək mümkün olmayıb.
Ruben Vardanyanın saxlanması
Daha 15 nəfərin məhkəməsi gedir
R.Vardanyanın məhkəməsi bu ilin fevralında başlayıb. O, təcavüzkar müharibəni planlaşdırma və başlama, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə ittiham edilir. Amma ittihamları rədd edir. Vardanyan həbsinə etiraz olaraq bir neçə dəfə aclıq aksiyası da keçirdiyini açıqlayıb.
R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidenti" olmuş Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və başqalarından ibarət daha 15 nəfərin məhkəməsi gedir. Onlar da müharibə cinayətlərində ittiham edilirlər. İttihamları, əsasən, qəbul etmirlər.
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məhkəmə prosesini tənqid edərək onu "səhnələşdirilmiş" adlandırıb.
BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk rəsmi Bakını onları dərhal azad etməyə çağırıb. "Onlar təxirə salınmadan azadlığa buraxılmalı və ədalətli mühakimə hüququna tam hörmət edilməlidir", - V.Türk deyib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi. Bundan sonra təqribən 4 il bölgədə Rusiya sülhməramlıları olub.
Azərbaycan 2023-cü il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirləri" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin müzakirələrlə həlli vacib sayılır.