Bakıda saxlanılan məhbusların azad edilməsi məsələsi Şarm əl-Şeyxdə Azərbaycan tərəfi ilə müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib.
"Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik", – Mirzoyan söyləyib.
Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də, yaxın gələcəkdə bu mövzuda "yaxşı" xəbərlərin olacağına ümidini bildirib.
Oktyabrın 13-də A.Mirzoyan Misirdə Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın isə Azərbaycan prezidenti ilə ayaqüstü söhbəti olub.
Rəsmi məlumatlara görə, Bakı həbsxanalarında 23 erməni məhbus saxlanılır. Onlardan bəziləri müxtəlif ittihamlarla azadlıqdan məhrum edilib. Qarabağın keçmiş separatçı liderlərinin məhkəməsi isə səkkiz aydır davam edir.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
1 oktyabr
Avropa Məhkəməsinin erməni məhbuslar barədə Bakıdan hesabat istədiyi bildirilir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan üzərinə 23 erməni məhbusun saxlanma şəraiti, sağlamlıq durumu barədə noyabrın 4-dək hesabat vermək öhdəliyi qoyub. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Avropa Məhkəməsində erməni məhbusların hüquqlarını müdafiə edən Siranuş Saakyan deyib.
S.Saakyanın sözlərinə görə, iyulda Azərbaycan hesabat vermək öhdəliyinin götürülməsi üçün məhkəməyə müraciət edib. Ermənistan hökuməti və məhbusların təmsilçiləri buna etiraz edib. Məhkəmə Azərbaycanın ərizəsini rədd edib.
"Azatutyun" Bakı həbsxanalarında erməni məhbusların təxminən üç aydır tam təcrid olunduqlarını yazır. Onlara heç bir müstəqil beynəlxalq qurumun baş çəkmədiyi, saxlanma şəraiti, sağlamlıq və psixoloji durumları barədə bilgi olmadığı iddia olunur.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri iyunda erməni məhbusları ziyarət ediblər. Oktyabrın 1-dən bu qurum Bakıda fəaliyyətini dayandırıb.
Azərbaycanda indiyədək 23 erməni məhbusun saxlandığı rəsmən təsdiqlənib. Qarabağdakı keçmiş separatçı rejim təmsilçiləri olan 16 nəfər də onların sırasındadır. Hazırda Bakıda onların məhkəməsi gedir.
AİHM-in Azərbaycan üzərinə bu məhbuslarla bağlı hesabat vermək öhdəliyi qoymasını rəsmi Bakı şərh etməyib.