'QHT işi' üzrə məhkəmələr başlayır

Sizin brauzer HTML5-i dəstəkləmir

'İstəyirlər ki, heç bir institut qalmasın' - Seçkini izləyən QHT liderləri niyə həbsdədirlər?

Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarından bir neçəsi yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

Onlardan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib BayramovNərgiz Muxtarovanın işi üzrə istintaq yekunlaşıb. Adları çəkilən şəxslərin haqqında cinayət işləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Adları çəkilənlərdən B.Süleymanlı həbsdədir, digər ikisinin barəsində isə istintaq dövrü üçün alternativ qətimkan tədbiri seçilib.

Oktyabrın 8-də Q.Bayramovun, bir gün sonra isə B.Süleymanlının işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. N.Muxtarovanın işində isə ilkin iclas oktyabrın 13-nə təyin olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3 və 193-1.3.2 (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər.

Qalib Bayramov hazırda ev dustaqlığında olan iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda ittiham olunub. İstintaqın gedişində ona dini ekstremist materialları hazırlama, saxlama, yayma maddəsiylə ittiham verilib. Amma özü ittihamları qəbul etməyib. Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Nərgiz Muxtarova isə hazırda 9 il həbs cəzası çəkən AzadlıqRadiosu jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həyat yoldaşıdır. O, "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə təqsirli bilinib. F.Mehralızadə və bu cinayət işi üzrə həbs olunmuş digər jurnalistlər ittihamları qəbul etmirlər, araşdırmaçı və tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Nərgiz Muxtarova

İstintaqa 100-dən artıq şəxs cəlb olunub

Baş Prokurorluğun İstintaq İdarəsində "QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olundu. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin ZəkiƏhməd Məmmədzadə haqqında da eyni qərar verildi.

Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı isə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.

  • 2014-cü ilin yayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi başlanmış, ardından ölkədə bir sıra təşkilat rəhbərləri həbs olunmuşdu. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov vardı. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.