Müdafiə nazirinin keçmiş müavini – nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olmuş mərhum general Fuad Məmmədov 15 milyon manata yaxın yeyintidə təqsirli sayılıb və ailə üzvlərinə məxsus əmlakların müsadirəsinə qərar verilib. Sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində bu barədə hökm çıxarılıb.
İki ilə yaxındır məhrum general və onunla əlbirlikdə suçlanan şirkət əməkdaşları Fuad Şeydabəyov və Azər Xəlilovla bağlı məhkəmə araşdırmaları gedirdi. Onlar F.Məmmədovun nazir müavini olduğu dövrdə tenderlərdə qiymətlərin şişirdilməsində, sənədlərin saxtalaşdırılmasında və s. yollarla 10 milyondan çox büdcə vəsaitinin yeyintisində suçlanırlar.
Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmlə A.Xəlilova 11 il, F.Şeydabəyova isə 10 il 6 ay həbs cəzası kəsilib. Sabiq nazir müavini F.Məmmədov təqsirli bilinsə də, 2020-ci ildə vəfat etdiyindən haqqındakı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə təqsirli biliniblər.
Məhkəmədə ittihama münasibət bildirərkən A.Xəlilov və F.Şeydabəyov özlərini təqsirli bilmədiklərini, orada yazılanlarla razılaşmadıqlarını söyləyiblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Nazir müavinin oğlu hüquqi varis qismində məhkəməyə qatılıb
F.Məmmədovun hüquqi varisi qismində məhkəməyə qatılan oğlu da atasının ünvanına səslənən ittihamları qəbul etməyib, onun təqsirsiz olduğunu vurğulayaraq atasıyla bağlı cinayət işinə xitam verilməsini istəyib.
Bakı Hərbi Məhkəməsi hökmdə fərqli nəticəyə gəlib.
İstintaq dövründə sabiq nazir müavininin yaxınlarına məxsus bir sıra daşınmaz əmlakın, avtomobillərin üzərinə həbs qoyulmuşdu. Onların arasında Mərdəkanda bağ evi, torpaq sahəsi və s. var.
Bakı Hərbi Məhkəməsi hökmdə həmin əmlakların müsadirə olunmasına qərar verib.
2020-ci ildə dünyasını dəyişən F.Məmmədov 2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
"20 milyon manat nağdlaşdırılıb"
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı məhkəmə proseslərinin birində təqsirləndirilən şəxslərdən nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov öz ifadəsində onun adını çəkərək demişdi: "Beş il ərzində şirkətlər ümumilikdə təxminən 20 milyon manatı nağdlaşdırıb, hissə-hissə gətirib mənə veriblər. Mən də aparıb Baş Qərargah rəisinə vermişəm. O puldan rəhbərliyin tapşırığı ilə 1 milyon 200 min manat maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova vermişəm, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova. 20 milyon manatdan mənə 400 min manat pul çatıb. O da idarənin xərcləri və şəxsi ehtiyaclarımız üçün verilib...".