Xaricdə yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən bloqerlərdən daha biri – Məhəmməd Mirzəli haqqında qiyabi hökm çıxarılıb. Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin çıxardığı hökmlə ona qiyabi şəkildə 6 il 6 ay həbs cəzası kəsilib.
Fransada yaşayan bloqer Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmamağa çağırış) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar) maddələriylə təqsirli bilinib. Onun sosial şəbəkələrdəki paylaşımları "dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar" kimi qiymətləndirilib.
2017-ci ilin fevralında Azərbaycanı tərk edərək Fransada oturum icazəsi alan M.Mirzəli özünü təqsirli bilmir. O, Azərbaycan hökumətini tənqid etdiyinə görə təqib olunduğuna diqqət çəkir.
AzadlıqRadiosunun bilgisinə görə, M.Mirzəlinin işi üzrə istintaqa onun qohumları - əmisi və bibisi oğlu da cəlb edilərək dindirilib. Onlar uzun illərdir M.Mirzəlini görmədiklərini, onunla heç bir əlaqələrinin olmadığını, hətta çıxışlarına da baxmadıqlarını deyiblər.
M.Mirzəli siyasi mühacir kimi Fransada yaşadığı son illərdə iki dəfə hücuma məruz qalıb. O, öncə bıçaqlanıb, daha sonra odlu silahla sui-qəsd hədəfinə çevrilib. Bloqerə hücum edənlər tapılaraq cəzalandırılıb. İddia olunub ki, Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə M.Mirzəliyə qarşı sui-qəsd gerçəkləşdirməkdən ötrü xaricdən Fransaya xüsusi adamlar göndərilib.
Xatırlatma
M.Mirzəlidən öncə xaricdə yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən bloqerlərdən Qabil Məmmədov haqqında da qiyabi hökm çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Almaniyada yaşayan bloqerə qiyabi şəkildə 16 il həbs cəzası kəsilib.
Q.Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir. Söhbət dövlət əleyhinə, eləcə də kütləvi iğtişaşlara çağırışlar və başqa qanunsuz əməllərdən gedir. Q.Məmmədov ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib edildiyini deyir.
Dövlət əleyhinə açıq çağırışlar ittihamıyla haqqında qiyabi hökm çıxarılanlardan biri də İmaməddin Əlimanovdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 7 il həbs cəzası kəsilib.
Baş Prokurorluqda haqqında araşdırma gedən mühacirlər sırasında Qurban Məmmədov, Süleyman Süleymanlı, Elşad Abdullayev və digərləri var. Onlar dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanırlar. Bəzilərinə dövlət sirrini yayma, dələduzluq və başqa ittihamlar da irəli sürülüb.
Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.