Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan prezidenti İlham Əliyevin bu ölkənin Sədri Si Cinpin ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, Çin lideri prezident Əliyevi onun dəvətini qəbul edərək "ŞƏT plyus" formatında Zirvə toplantısında, həmçinin "Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi" münasibətilə keçiriləcək hərbi paradda iştirakına görə təşəkkürünü bildirib.
O, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Bakı-Pekin əməkdaşlığının möhkəmləndiyini deyərək Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.
Çin Xalq Respublikasının Sədri bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir.
Azərbaycan Tayvan və Sincan-Uyğur məsələlərində Çini dəstəkləyir
Azərbaycan prezidenti İ.Əliyev ölkəsinin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu deyib. O, Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib.
Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Çində uyğur türklərinin saxlandığı düşərgədən görüntülər
Tayvan, Honkonq və Sincan-Uyğur...
ABŞ və Çini son illərdə dəfələrlə qarşı-qarşıya gətirmiş Tayvan ixtilafının kökləri ötən əsrin ortalarına qədər uzanır. 20 ildən çox (1927-1949) davam edən Çin Vətəndaş müharibəsinin yekununda kommunist qüvvələrin məğlub etdiyi milliyətçi güclər Kontinental Çini tərk edərək ölkənin cənub-şərqində yerləşən kiçik Tayvan adasına sığınıblar. Çin imperiyasının süqutundan sonra Sun Yatsenin rəhbərliyi altında 1912-ci ildə qurulan Çin Respublikası varlığını Tayvan adasında bugünə qədər faktiki olaraq davam etdirməkdə və özünü hələ də bütün Çinin (bugünkü Çin Xalq Respublikasının idarəçiliyi altında olan əraziləri nəzərdə tutulur) tək legitim hakimi kimi görməkdədir. Tayvanın (rəsmi adı Çin Respublikasıdır) müstəqilliyi hazırda dünyanın sadəcə 10-dan çox dövləti tərəfindən tanınır. Pekin Tayvanın müstəqilliyini qəbul etmir
Coğrafi baxımdan əlverişli mövqedə yerləşən Honkonqu Böyük Britaniya 1841-ci ildə tutub. Honkonq 1997-ci ildə Çinin suverenliyinə qaytarılsa da, "Bir dövlət, iki sistem" kursu çərçivəsində 2047-ci ilə kimi xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam etməlidir.
Sincan-Uyğur Muxtar Rayonu isə Çin Xalq Respublikasında inzibati-ərazi vahididir, 1955-ci ildə yaradılıb. Bəzi iddialara görə, Çində Uyğur türkləri qısnamaya, etnik təmizləməyə məruz qalır. Amma Çin rəsmiləri belə iddiaları təsdiq etmirlər.
Xatırlatma
Azərbaycan prezidenti dünən, Avqustun 30-da Çinə səfər edib. Avqustun 31-dən sentyabrın 1-nə kimi Çinin şimalında, Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Azərbaycan bu qurumun üzvü olmasa da, onunla əməkdaşlıq edir. Ötən il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Həmin vaxt da prezident İ.Əliyev Çinə səfər etmişdi.
Eyni zamanda, Azərbaycan rəsmiləri Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəklədiklərini açıqlayıblar. Çin hökumətinin 2013-cü ildə qəbul etdiyi həmin layihə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədi daşıyan infrastruktur inkişafı strategiyasıdır.
Bu il isə Azərbaycanla Çin arasında vizasız gediş-gəliş sazişi imzalanıb.
Azərbaycan müxalifəti hökumətin Çin və Rusiya kimi ölkələrə yaxınlaşmasını tənqid edir, Qərbə inteqrasiyanı vacib sayırlar.