Belaruslu keçmiş diplomatın ötən həftə Türkiyədə yoxa çıxması onun oğurlanmasını Minskin təşkil edə biləcəyi sarıdan narahatlıqlar yaradıb.
Anatoli Kotov avqustun 21-də itkin düşüb. O, mühacirətdə yaşadığı Varşavadan İstanbula eniş etdikdən az sonra yoxa çıxıb.
Türkiyənin İHA xəbər agentliyinə görə, o, yerli vaxtla saat 13:49-da İstanbula çatıb, oradan daxili reyslə Trabzona yollanıb. Kotov həmin gün saat 18:35-də Türkiyə sularını gəmi ilə tərk edib, bir neçə saat sonra onunla bütün əlaqə kəsilib, - agentlik yazır.
44 yaşlı Kotov avqustun 24-də Varşavaya qayıtmalı idi. Onun ailəsi Türkiyə polisinə itkin düşməsi ilə bağlı müraciət edib.
Belarusun keçmiş təhlükəsizlik əməkdaşlarının mühacirətdə yaratdığı BELPOL qrupu Türkiyənin Belarus hakimiyyətinin opponentləri üçün təhlükəli bir yer olması barədə xəbərdarlıq edib. Ötən il Kotov qiyabi mühakimə olunmuş, "ekstremizm" və "sui-qəsd" ittihamları ilə 12 il həbs cəzasına məhkum edilmişdi.
BELPOL təmsilçisi Vladimir Jixar "Current Time"a bildirib ki, Belarus təhlükəsizlik xidmətləri Türkiyədəki həmkarları ilə sıx əlaqə saxlayır.
"Ola bilər ki, siyasi baxımdan aktiv olan, barəsində qiyabi hökm çıxarılmış belaruslu Türkiyəyə daxil olduqda yerli orqanlar onu dərhal həbs etməsin. Amma onun gəlişi ilə bağlı məlumat Minskə ötürüləcək", – o bildirib.
Qeyri-rəsmi ekstradisiya?
Kotov hazırda Belarus İdman Həmrəyliyi Fondunda (BSSF) çalışır. Bu təşkilat xaricdəki belaruslu aktivistləri və müxalifləri dəstəkləyir.
BSSF-in icraçı direktoru Aleksandr Apeykin AzadlıqRadiosunun Belarus xidmətinə bildirib ki, Türkiyə hakimiyyətinin Kotovu rəsmən deportasiya etməsi inandırıcı görünmür.
"Belə bir proses üçün hüquqi prosedurlar, sənədləşmə, ictimai nəzarət tələb olunur ki, bu da prosesi dayandıra bilərdi. Daha inandırıcı görünən isə qeyri-rəsmi ekstradisiyadır, onu saxlayaraq zorla ölkədən çıxarmış ola bilərlər", – Apeykin deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'
"Əgər bu könüllü olsaydı, Trabzon üzərindən gedib dəniz yolu ilə ölkəni tərk etməyə ehtiyac qalmazdı. Minskə və Moskvaya birbaşa uçuşlar var. Onun davranışında nə qeyri-sabitlik, nə də yoxa çıxmaq planının hansısa əlaməti olub", – o əlavə edib.
Belarusun İstanbuldakı səfirliyi "Current Time"ın Kotovun taleyi ilə bağlı sorğusuna şərh verməkdən imtina edib.
Varşavanın himayəsində olan şəxslərə görə məsuliyyət daşıyan Polşanın Türkiyədəki konsulluğu sualları Polşanın Xarici İşlər Nazirliyinə yönləndirib. Nazirlikdən dərhal cavab verilməyib.
İnsayderdən dissidentliyə
1980-ci ildə Minskdə anadan olan Anatoli Kotov diplomat təhsili alıb, təxminən 10 il Belarusun Polşadakı səfirliyində çalışıb. O, sonradan Belarusun Milli Olimpiya Komitəsində yüksələrək qurumun baş katibi də olub. 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.
2020-ci ildə o, Aleksandr Lukaşenkonun prezident administrasiyasında yüksək vəzifə tutub. Həmin ilin avqustunda, Lukaşenkonun yenidən prezident seçildiyi elan edilməsindən sonra ölkədə görünməmiş etiraz dalğası fonunda vəzifəsindən istefa verib.
Belarus vətəndaşları, Qərb hökumətləri və beynəlxalq insan haqları qurumlarında həmin seçkinin nəticələrinin saxtalaşdırıldığını deyirlər.
Kotov etirazçılara qarşı polis zorakılığını pisləyən belaruslu atletlərin imzaladığı açıq məktuba qoşularaq Polşaya qaçıb.
Kotov itkin düşəndə Varşavada özəl agentlikdə çalışır, müstəqil Belarus mediasına şərhlər verirdi.
Kotov xaricdə itkin düşən yeganə Belarus müxalifətçisi deyil. Martın 25-də müxalif Koordinasiya Şurasının sözçüsü Anjelika Melnikova da Polşadan çıxdıqdan sonra itkin düşüb. O, qızları ilə birlikdə Avropa İttifaqı xaricinə səfərdən qayıtmayıb. Aparıcı müxalifət nümayəndəsi Pavel Latuşko bildirib ki, onun telefonu martın 19-dan bəri Belarus ərazisində aktivdir.
İtkin düşənlər: Viktor Qonçar, Anatoli Krasovski, Yuri Zaxarenko
1990-larda Belarusda itirdilər
Lukaşenkonun hakimiyyətinin ilk illərində, 1990-cı illərdə müxalifət fiqurları Belarusun içində itkin düşürdü.
Belarusun keçmiş daxili işlər naziri Yuri Zaxarenko 1999-cu ilin mayında Minskdə evinin yaxınlığında qaranlıq bir avtomobilə zorla mindirilib.
Viktor Qonçar isə 1999-cu ilin sentyabrında Belarus paytaxtında hamamdan çıxandan sonra yoxa çıxıb.
Onları o vaxtdan bəri görən olmayıb.
İnsan haqları təşkilatları, Qərb hökumətləri bu qaçırılmaların təşkilinə görə Belarusun yüksəkvəzifəli rəsmilərini ittiham ediblər.
Avropa İttifaqı və ABŞ keçmiş baş prokuror Viktor Şeyman, keçmiş daxili işlər naziri Yuri Sivakov və Daxili İşlər Nazirliyinin çevik qüvvələrinin komandanı Dmitri Pavliçenkoya sanksiyalar tətbiq edib.
Məqaləni AzadlıqRadiosunun aparıcı müxbiri Merhat Şaripjan radionun Belarus xidməti, "Current Time" layihəsi ilə birlikdə hazırlayıb.