Son günlər Azərbaycan rəsmilərinin müxtəlif beynəlxalq tribunalarda "Zəngəzur dəhlizi" ifadəsini işlətməsi Ermənistan hakimiyyət təmsilçilərinin etirazına səbəb olub.
Bakı Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistandan keçməklə birləşdirəcək marşruta "Zəngəzur dəhlizi" deyir, Yerevan isə bu termini özünə qarşı ərazi iddiası kimi dəyərləndirir.
Azərbaycanın baş naziri Əli Əsədov sentyabrın 29-da Belarusda həmkarları ilə görüşdə deyib ki, "regionda yaranmış yeni reallıqları nəzərə alaraq biz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzrə fəal işləməyə başlayırıq".
AzadlıqRadiosunun erməni xidməti yazır ki, görüşə videobağlantı ilə qatılan Ermənistan baş nazir müavini Mher Qriqoryan buna etiraz edib.
"Azərbaycanın baş naziri Əli Əsədovun çıxışına cavabında baş nazir müavini "Zəngəzur dəhlizi" ifadəsinin istifadəsindən çəkinməyin vacib olduğunu bildirdi. O, ölkələr arasında imzalanmış yüksəksəviyyəli sənədlərə uyğun olaraq... "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) ifadəsinin işlənməli olduğunu əlavə etdi", – Ermənistan hökuməti bəyanatında bildirib.
Paşinyan AŞPA üzvünə iradını bildirib
Baş nazir Nikol Paşinyan da ötən həftəsonu oxşar irad səsləndirib. Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışında demişdi ki, TRIPP Azərbaycanı Naxçıvan eksklavına "Zəngəzur dəhlizi" vasitəsilə maneəsiz birləşdiricək.
Paşinyan deyib ki, bu ifadə ABŞ prezidenti Donald Trampın vasitəçilik etdiyi Vaşinqton razılaşmalarına ziddir və Ermənistanda "ərazi iddiası" kimi qəbul edilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
N.Paşinyan sentyabrın 30-da Strasburqda Avropa Şurası Parlament Assambleyasında (PACE) da "Zəngəzur dəhlizi" ifadəsinin işlənməsinə açıq əsəbiləşib.
"Bu "Zəngəzur dəhlizi" ifadəsini haradan götürmüsünüz? Bu ifadəni harada oxumusunuz? Belə bir ifadə yoxdur, heç vaxt olmayıb və əmin olun ki, Ermənistan və Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə olmayacaq", – o, AŞPA üzvünün sözügedən marşrutla bağlı sualı verərkən həmin ifadəni işlətməsinə etirazını bildirib.
Ermənistanın baş naziri Azərbaycan liderlərinin ritorikasını "artıq razılaşdırılmış suverenliyin qarşılıqlı tanınmasının kobud pozuntusu" adlandırıb.
Türkiyə rəsmiləri də "Zəngəzur dəhlizi" deyir
Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün təmin olunduğunu vurğulayıb. "Azatutyun" yazır ki, onun daxili tənqidçiləri Bakının mövqeyinin bunun əksini göstərdiyini deyirlər.
"Zəngəzur dəhlizi" terminini Türkiyə rəsmiləri də işlədirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışlarında bu ifadədən istifadə edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sentyabrın 30-da Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin 8-ci toplantısında deyib ki, "Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri möhkəmləndirəcək".
Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.