Əliyev Kopenhagendə Makron və Zelenski ilə görüşüb

İ.Əliyev E.Makron ilə görüşür

Prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Fransa prezidenti Emmanuel Makron ilə bir araya gəlib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

Son illər Azərbaycan və Fransa arasında isə soyuq münasibətlər müşahidə edilirdi. Bakıda bəzi rəsmilər Parisi Azərbaycan -Ermənistan münaqişəsində birtərəfli olmaqda və müstəmlikəçilik siyasətində ittiham edirdi. Hətta yaxın aylara qədər Bakıda həmin ittihamların səsləndiyi bir çox konfranslar da keçirilib. Fransa rəsmiləri isə Azərbaycan Ermənistan münaqişəsində neytral olduqlarını bildiriblər. Hətta Fransanın bəzi rəsmiləri Azərbaycan hakimiyyətinə yaxın olan bəzi qüvvələri onların daxili işlərinə qarışmaqda günahlandırıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azərbaycanlılar orada yaşamaq üçün növbələrə düzülürlər' - Fransa uğursuz dövlətdir?

Oktyabrın 2-də Kopenhagendə İ.Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Əliyev Zelenski ilə görüşür

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Səkkiz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, rəsmi Bakı Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.

Paşinyan ilə görüş olub

Oktyabrın 2-də Kopenhagendə prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə tərəflər ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Habelə bildirildiyinə görə, onlar regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqı (Aİ) liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin (EPC) sammitində bir araya gəlirlər. Belarusu, Rusiyanı və Vatikanı çıxmaqla qitənin hökumət başçılarının eyni məkanda altı-yeddi saatlıq "sürətli siyasi tanışlıq" üçün toplaşdıqları bildirilir.

Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Bu münaqişənin ilk dönəmlərində baş verən hərbi toqquşmalar nəticəsində Azərbaycan ərazilərinin 20 faizinə nəzarəti itirsə də, 2023-cü ilin sonuna doğru buna tam son qoyulub. Daha sonra iki ölkə arasında həm Rusiyanın, həm də Aİ-nin vasitəçiliyi ilə sülh danışıqları aparılırdı.