Bakıda məhkəmədə Paşinyanın şahid kimi dindirilməsi xahiş edilib

Separatçılar bu binada mühakimə olunurlar

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.

APA agentliyinin xəbərinə görə, təqsirləndirilən David Manukyan (general) Ermənistanın baş naziri Nikol Paşinyanın şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını xahiş edib.

Qarabağda özünü buraxmış separatçı qurumun keçmiş "xarici işlər naziri" David Babayan da “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan (tanınmayan qurumun milli assambleyasinin prezidenti) isə vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - Muradov, Kosabokov, Anaşkin, Volkov, LentsovKulakovun şahid qismində cəlb olunmasını məhkəmədən istəyib.

“Mənim onlara bir sıra suallarım var. Onlar burda olan 15 nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz”, - deyə o əlavə edib.

Vasatətlər yerinə yetirilməyib

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin sənədləri tədqiq olunur.

Habelə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən də verilmiş vəsatətlərin rədd olunması haqqında qərar qəbul edib.

Hələlik, məhkəmədə səslənən fikrilərə Ermənistanın sözü gedən rəsmilərinin, habelə başqa aiddiyyatı qurum və şəxslərin münasibətini almaq mümkün olmayıb.

Hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidentiləri" olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, "dövlət naziri" Ruben Vardanyan, "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və başqalarından ibarət 15 nəfərin məhkəməsi gedir.

Mühakimə olunan bu şəxslərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslərin bəziləri özlərini qismən təqsirli bilsə də, digərlər ittihamları qəbul etmirlər.

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk rəsmi Bakını onları dərhal azad etməyə çağırıb. "Onlar təxirə salınmadan azadlığa buraxılmalı və ədalətli mühakimə hüququna tam hörmət edilməlidir", - V.Türk deyib.

  • Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.Bundan sonra təqribən 4 il bölgədə Rusiya sülhməramlıları olub.
  • Azərbaycan 2023-cü il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirləri" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
  • Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
  • Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb.Nəhayət bu il avqustun 8-də tərəflər ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayiblar.
  • Bu münaqişədə uzun illər ATƏT-in Minski qrupu vasitəçilik edib.Artıq buraxildğı açıqlanan bu quruma ABŞ,Rusiya və Fransa həmsədrlik edib.