'AbzasMedia'nın jurnalistləri ölkənin cənubundakı həbsxanaya köçürülüb

AbzasMedia işi ilə bağlı həbs olunan jurnalistlər

Sentyabrın 25-də "AbzasMedia"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımovanın Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürüldükləri bildirilir.

Bu barədə jurnalistlərin yaxınları məlumat verib. Onların sözlərinə görə, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman N.Absalamovaya kobudluq edilib.

Yaxınlarının bildirdiyinə görə, köçürülmə prosesi qəfil olub: "Səhər saat 9-da onlara deyiblər ki, bir saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər".

Habelə vurğulandığına görə, xanım jurnalistlər Bakıdan Lənkərana üç-dörd saatlıq məsafənin yaxınları ilə görüşlər üçün ciddi çətinlik yaratdığını bildirirlər.

Jurnalistin yaxınlarının bu açıqlamasına və orada səslənən iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Paytaxt Bakıdan Lənkəran rayonuna olan məsafə 250-280 km-dir, bu məsafəni də qət etmək avtomobil ilə təqribən 3 saata başa gəlir.

Bundan bir neçə ay əvvəl (iyunun 26-da) "AbzasMedia işi" ilə bağlı həbs edilən digər jurnalistlər də Umbakı qəsəbəsində yerləşən təcridxanaya köçürülmüşdülər. Umbakı həbsxanası və ya rəsmi olaraq Umbakı Penitensiar Kompleksi Bakı şəhərinin mərkəzindən 70 kilometr aralı, Qaradağ rayonunda yerləşir. Həmin müəssisəyə köçürülən jurnalistlər bunu qanunsuz sayırdılar, müdafiə tərəfi vurğulayırdı ki, bu addım hökm qüvvəyə minməmiş atılıb.

Xatırlatma

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki yeddi jurnalistə bu il iyunun 20-də hökm oxunub. Sentyabrın 9-da onların şikayəti ilə bağlı apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz AbsalamovaElnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.

"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında ümumilikdə 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar da ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir.