"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalist, o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.
Qərara əsasən, jurnalistlərin verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. "AbzasMedia"nın təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), "Turan" informasiya agentliyinin redaktoru Hafiz Babalı və AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalovun isə 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə minib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədov bu qərarı elan edəndə təqsirləndirilən jurnalistlərdən S.Vaqifqızı, N.Absalamova və E.Qasımova əllərində plakatlar qaldırmaqla buna etiraz ediblər. Plakatlarda "İlham Əliyev, gəlirlərini bəyan et!", "Jurnalistika cinayət deyil, korrupsiya cinayətdir!" və s. şüarlar yazılıb. Jurnalistlər orada yazılanları özləri də səsləndiriblər.
Konvoylar və nəzarətçilər jurnalistlərin əllərindən plakatları almağa çalışıb və bu zaman məhkəmə zalında qarışıqlıq yaşanıb. Həmçinin icra məmurları məhkəmə prosesini izləməyə gələnləri də zaldan çıxarıblar. Bu üzdən məhkəmənin qərarını eşitmək mümkün olmayıb. Sonradan aydınlaşıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəyə qarşı hökmün qüvvədə saxlanmasını pisləyir
AzadlıqRadiosunun prezidenti Stiv Kapus qərarı pisləyib. "Məhkəmənin Fəridə qarşı haqsız və əsassız hökmü qüvvədə saxlamasını qətiyyətlə pisləyirik. Bu gün Fərid həyat yoldaşı və körpəsinin yanına qayıtmalıydı. Əvəzində o, dəmir barmaqlıqlar arxasında qalır, layiq olduğu ədalətdən məhrum edilir", – radio prezidentinin yaydığı bəyanatda deyilir.
Xatırlatma
"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə və Hafiz Babalının hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalovsa 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər.
Jurnalistlər özlərini təqsirli saymır, Əliyevlər ailəsi də daxil, hakimiyyətdə təmsil olunan yüksəkvəzifəli şəxslərin korrupsiyasını araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.
Son iki ilə yaxın müddətdə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-ə yaxın siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.