Tramp və Orta Asiya minerallar üzrə razılığa gəlir. Qazaxıstan 'Avraam sazişləri'nə qoşulur

ABŞ prezidenti Donald Tramp və digər yüksəkvəzifəli ABŞ rəsmiləri Ağ evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüblər.

Noyabrın 6-da ABŞ prezidenti Donald Tramp ilə Orta Asiyadan beş liderin sammitində ticari, diplomatik və minerallarla bağlı razılaşmalar əldə olunub.

Tramp deyib ki, ABŞ-nin Orta Asiya ilə əlaqələrini "həmişəkindən daha güclü" etmək istəyir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də əlaqələrin yeni erasının başladığını deyiblər.

1.1 milyard dollarlıq saziş

Qazaxıstan ABŞ ilə böyük mineral sazişinin bağlandığını elan edib. ABŞ-nin "Cove Kaz Capital Group" şirkəti Qazaxıstanla birgə sazişdə 70 faizlik pay əldə edəcək. Sazişin dəyəri 1.1 milyard dollar olacaq. ABŞ İxrac-İdxal Bankı (EXIM Bank) isə 900 milyon dollarlıq maliyyə ayırmaq niyyətini açıqlayıb.

Sammitdə Qazaxıstan, Tacikistan və Özbəkistana toplam 37 "Boeing" təyyarəsinin satılması da razılaşdırılıb.

Orta Asiya Çin və Rusiyanın üstünlük təşkil etdiyi ticari və təhlükəsizlik əlaqələrini ABŞ ilə münasibətləri dərinləşdirməklə balanslaşdırmağa çalışır. Sentyabrda Rusiya prezidenti Vladimir Putin Tacikistanda Orta Asiya liderləri ilə görüşüb. İyunda isə Çin prezidenti Si Cinpin Qazaxıstana səfər etmişdi.

Regionun mineral ehtiyatları Vaşinqtonun diqqət mərkəzindədir. Külək turbinlərindən tutmuş, smartfonlara qədər istifadə olunan 17 nadir element burada mövcuddur.

Bu sazişlərdən öncə isə Pekinlə Vaşinqtonun ticarət müharibəsində atəşkəs əldə olunub. İki ölkə nadir torpaq metallarının ixracı ilə bağlı rəqabəti gücləndirir.

Qazaxıstan 'Avraam sazişləri'nə qoşulur

Qazaxıstan isə 'Avraam (İbrahim) sazişləri'nə qoşulduğunu açıqlayıb. Trampın birinci prezidentliyi dövründə əldə olunan bu sazişlərin məqsədi İsraillə müsəlman dünyası arasında əməkdaşlığı möhkəmləndirməkdir.

2020-ci ildə BƏƏ, Bəhreyn və Mərakeş sazişi imzalayıb. Tramp administrasiyasının bu təşəbbüsü genişləndirmək istədiyi bildirilir. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın noyabrın 18-də Vaşinqtona planlaşdırılan səfəri zamanı bu məsələ müzakirə olunacaq.

Məlumatlara görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində ölkəsinin razılaşmaya qoşulmaq niyyətini açıqlayıb. Amma Astana 30 ildən çoxdur İsraillə tam diplomatik münasibətlər saxlayır.

Vaşinqtondakı "Yorktown Institute" analitik mərkəzindən Cozef Epşteyn AzadlıqRadiosuna deyib ki, Qazaxıstanın bu addımı simvolik görünsə də, gələcəkdə diplomatik baxımdan əhəmiyyət kəsb edə bilər: "Astananın 'Avraam sazişləri'nə qoşulmaq qərarı yeni bir mərhələnin başlanğıcını qoyur, bu razılaşmaları Yaxın Şərq sülh təşəbbüsündən ABŞ yönümlü, tolerantlıq və rifaha sadiq mötədil müsəlman ölkələrinin koalisiyasına çevirir".