ABŞ prezidenti Donald Tramp son həftələrdə Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə mineral ehtiyatlarla bağlı sazişlər əldə edib. İndi isə diqqətini Orta Asiyaya yönəldir. O, noyabrın 6-da Vaşinqtonda region liderləri ilə görüşəcək.
Orta Asiya ölkələri böyük neft və qaz ehtiyatları ilə tanınır. Bu regionda ABŞ milli təhlükəsizliyi üçün vacib sayılan strateji minerallar və nadir torpaq metallarının çox işlənməmiş zəngin ehtiyatları da mövcuddur. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan mineral sərvətlərini ABŞ ilə daha güclü əlaqələr qurmaq üçün istifadə etməyi planlaşdırır.
"Orta Asiya ölkələri böyük yataqları və Orta Dəhlizə artan investisiyalar səbəbindən əlverişli vəziyyətdə görünürlər", – Vaşinqtondakı Yorktaun İnstitutunda Turan Araşdırmalar Mərkəzinin direktoru Cozef Epşteyn AzadlıqRadiosuna deyib. Orta Dəhliz Çini Orta Asiya və Qafqaz üzərindən Avropaya bağlayan 6 min 500 km-lik yeni ticarət yoludur və Rusiyadan yan keçir.
Tramp Asiya-Sakit okean bölgəsində "xammal diplomatiyası" aparıb, Çin lideri Si Cinpinlə görüşüb. Pekinin nadir torpaq metallarının ixracına məhdudiyyətlər qoyması bu iki ölkə arasında ticarət münaqişəsini qızışdırmışdı.
Çin bu elementlərin qlobal təchizat zəncirini güclü nəzarətdə saxlayır: nadir torpaq mədənlərinin 70 faizindən, emalının 90 faizindən, maqnit istehsalının 93 faizindən çoxunu idarə edir.
Orta Asiyanın nadir element yataqları
Orta Asiyada 170 nadir torpaq metal yatağı mövcuddur. Onlardan 28-i iqtisadi baxımdan səmərəli sayılır, ilkin kəşfiyyat mərhələsində olanlar da var. Bölgənin böyük ölçüdə toxunulmamış yataqları Çinin nadir torpaq metalları təchizatı üzərində inhisarçılığına potensial alternativ ola bilər.
Ekspertlərə görə, Orta Asiya ABŞ investisiyalarına uyğundur. Region ölkələri isə Çinin və Rusiyanın təsirini balanslaşdırmaq, bu iki qonşudan çox asılı olmamaq üçün bu investisiyanı istəyirlər.
"Pekin və Vaşinqton bu fasilədən növbəti ticarət gərginliklərində üstünlük qazanmaqdan ötrü yararlanacaq. Orta Asiya ölkələri çoxvektorlu xarici siyasətlərini qorumağa çalışdığı bir vaxtda ABŞ daha əhəmiyyətli bir balanslaşdırıcı qüvvəyə çevrilir", –Epşteyn deyir.
Vaşinqtonda nələr müzakirə olunacaq?
Tramp yanvarda hakimiyyətə qayıdandan bəri strateji minerallar Ağ evin gündəmində olub. ABŞ Geoloji Xidmətinin milli və iqtisadi təhlükəsizlik üçün vacib saydığı təxminən 50 mineral, o cümlədən nadir torpaq metalları -külək turbini, smartfon və döyüş təyyarəsi mühərriklərində istifadə olunan 17 element də bu sıradadır.
"Bu, Orta Asiya liderləri üçün daxili iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq, xarici birbaşa investisiyaların sürətli axınını təmin etməyə yeni bir yol aça bilər", – "Nightingale Intelligence" qlobal siyasi risk şirkətində araşdırmalar üzrə rəhbər Eldəniz Hüseynov AzadlıqRadiosuna deyib.
Mineral sərvətlərdən əlavə, sammitdə enerji logistikasına, infrastruktur investisiyalarına, ABŞ-dən bölgəyə texnologiya transferinə, təhsil mübadilələrinə, su resurslarının idarə olunmasına da diqqət yetiriləcək.
AzadlıqRadiosunun jurnalisti Reyd Stendiş yazır ki, Orta Asiyadakı keçmiş sovet respublikaları uzun illər genişmiqyaslı insan hüquqları pozuntularında ittiham olunub. Di gəl, bu məsələnin sammitdə əsas mövzu olması gözlənilmir. Bu isə bəzi hüquq müdafiə qurumlarını narahat edir.
"Orta Asiya-ABŞ sammitində gündəmin əsas hissəsini insan hüquqları təşkil etməlidir, özəlliklə də bölgədə repressiyaların artdığı bir vaxtda", – "Human Rights Watch"un Avropa və Mərkəzi Asiya direktoru Hyu Uilyamson belə deyir.
"İştirakçı ölkələr anlamalıdır ki, beynəlxalq tərəfdaşlar investisiya və əməkdaşlıq üçün başqa yerlərdə daha sabit mühit axtarışına çıxsalar, onların əldə etdiyi sosial və iqtisadi tərəqqiyə risk yaranar",– o əlavə edir.
ABŞ ilə Orta Asiyanın beş ölkəsini bir araya gətirən "C5+1" formatı 2015-ci ildə ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə xarici işlər nazirlərinin sammiti ilə başlayıb.
Qazaxıstan Tramp administrasiyasından Cekson-Venik ticarət məhdudiyyətlərini ləğvi vədini almaq istəyəcək. Bundan ötrü administrasiya respublikaçıların nəzarətində olan Konqreslə işləmələdir. Soyuq müharibə dövründən qalan bu qanun emiqrasiyanı məhdudlaşdıran qeyri-bazar iqtisadiyyatlı ölkələr üçün ticarət maneələri qoyur.
Sammitdən öncə Ağ ev Qazaxıstanda yerləşən, dünyanın ən böyük işlənməmiş volfram yataqlarından birinə çıxış əldə etmək üçün danışıqlar aparıb. Pentaqon volframdan sursat və digər silahların istehsalında istifadə olunur.
Bəs Orta Asiya Tramp administrasiyasından nə istəyir?
R.Stendiş yazır ki, Orta Asiya liderləri qarşılarında yaranan fürsəti dərk edirlər. Özbəkistan prezidenti Şavkat Mirziyoyev 500 milyon dollarlıq nadir torpaq metallarının hasilatı layihələri üzrə planlarını açıqlayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il parlamentdə çıxışında nadir torpaq metallarının "yeni neft"ə çevrildiyini, onların işlənməsinin "prioritet vəzifə" olduğunu bildirib.
Amma regiondakı yataqların böyük hissəsi hələ də tədqiq edilməyib, istifadə olunmur, bəzi hallarda isə hələ sovet dövrü geoloji araşdırmalara əsaslanır.
Apreldə Qazaxıstan ehtiyatları 20 milyon tondan çox olan böyük nadir torpaq metalları yataqları aşkarladığını açıqlayıb. Beynəlxalq şirkətlər hələ bunu təsdiqləməlidir. Təsdiqlənərsə, Qazaxıstana nadir torpaq metallarının ehtiyatlarına görə dünyada Çin və Braziliyadan sonra üçüncü yerə çıxa bilər.
ABŞ-nin Qazaxıstandakı keçmiş səfiri, "Rand Corporation" tədqiqat təşkilatının baş elmi işçisi Uilyam Kortni AzadlıqRadiosuna deyir ki, Orta Asiya hökumətləri ABŞ ilə nadir torpaq metallarının, digər mühüm mineralların tədqiqi, hasilatı və ixracı sahəsində əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə onların emalına sərmayə qoyuluşuna maraq göstərirlər.
Çin nadir torpaq metallarının emalı sahəsində, demək olar, tam monopoliyanı saxlayır. Onilliklər boyu davamlı sərmayələr qoyub, emal prosesində ekoloji tənzimləmələr zəif olub.
"Əgər siz ABŞ olaraq rəqabət aparmaq istəyirsinizsə, sərt ekoloji qaydaları olmayan, emalının öz ərazisindən təşkilinə hazır digər ölkələr tapmalısınız", – Kortni deyir.
Bu arada Orta Asiya ölkələri artıq mədən şirkətlərini cəlb etmək üçün qanunvericiliklərini uyğunlaşdırıblar. ABŞ sərmayəsinin cəlbi üçün isə xarici kapitalın bazara daxil olmasına mane olan baryerlər azaldılmalıdır. Bu məsələ də sammitin gündəliyində yer alıb.
Region liderləri logistika marşrutlarına da daha çox sərmayə cəlb etmək istəyirlər.
Rəsmi adı Transxəzər Nəqliyyat Dəhlizi olan Orta Dəhliz regionun mineral sərvətlərinin daşınmasında əsas arteriya rolunu oynayacaq.
Bu marşrut artıq Avropa, Çin və Ərəb Körfəzi ölkələrindən sərmayələr cəlb edib. Orta Asiya liderləri ümid edirlər ki, Vaşinqtonun regionun mineral resurslarına marağı əlavə sərmayələr gətirəcək.
"Minerallara və onların emalına diqqətin yönəldilməsi həm də Orta Dəhlizin inkişafını əsaslandırmağa və onu gücləndirməyə kömək edir", – Hüseynovun sözləridir.