ABŞ Dövlət Departamenti Azərbaycanla bu ölkə arasında bu il avqustun 8-də imzalanmış Anlaşma Memorandumunun mətni açıqlayıb.
Sənəddə qeyd edilir ki, Anlaşma Memorandumunun məqsədi iştirakçılar arasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasıdır.
Bildirildiyinə görə, iştirakçılar Strateji İşçi Qrupunda üç sahəyə diqqət yönəltmək niyyətindədirlər:
- Enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar
- Süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr
- Silah satışı və terrorizmlə mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.
Memorandum imzalandığı tarixdən qüvvəyə minir və bir il qüvvədə qalmalıdır. O, iştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər. Hər bir tərəf istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf qarşı tərəfə diplomatik kanallar vasitəsilə 60 gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir.
Həmçinin qeyd edildiyinə görə, iştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirilə bilərlər.
Əlavə edilir ki, Memorandum beynəlxalq və daxili qanunvericilik üzrə heç bir hüquq və öhdəlik yaratmır. Tərəflərdən heç birinin üzərinə maliyyə öhdəliyi qoymur.
Elə bu gün, avqustun 29-da Yerevan da ABŞ-la imzaladığı Anlaşma Memorandumunun mətnini yayıb.
Buna da bax: Ermənistan ABŞ ilə anlaşma memorandumunu dərc edibXatırlatma
Bu ayın birinci 10 günlüyündə Azərbaycan və Ermənistan liderləri ABŞ-da səfərdə olublar.
Avqustun 8-də həmin memorandumlardan əlavə, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni də paraflanıb. İmzalanan bəyannamədə isə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.