Dünya xəbərləri
Rusiya Kiyevi dron və raketlərlə hədəfə alır, yanğınlar güclənir
Rusiya sentyabrın 2-də səhər Kiyevi dronlar, qanadlı və ballistik raketlərlə hədəfə alıb. Hücumlar nəticəsində azı iki nəfər xəsarət alıb, yanğınlar güclənib, evlərə, infrastruktura ziyan dəyib.
Kiyev su zavodunda buxar qazanına ziyan dəyib. Svyatoşinski rayonunda bomba sığınacağı kimi istifadə olunan metrostansiyanın girişi də zədələnib. Məlumatı Kiyevin meri Vitali Kliçko verib. Onun sözlərinə görə, vurulan raketlərin qalıqlarının düşdüyü bir neçə rayona fövqəladə xidmətlər göndərilib.
"Hər şey üçün cavab verəcəklər. Düşmən bunu hiss edəcək", – prezident aparatının rəhbəri Andrey Yermak hücumdan sonra Telegram-da yazıb.
Kiyev və ətraf rayonlar üzərində azı 10 qanadlı və 10-dək ballistik raketin, eləcə də bir dronun vurulduğu bildirilir.
Sentyabrın 2-də Ukraynada iki saat ərzində hava həyəcanı eşidilib. NATO üzvü Polşa özünün hava məkanının təhlükəsizliyini təmin etmək üçün təyyarələrini işə salıb, - "Reuters" yazır.
Bir gün öncə Rusiya ordusu ölkənin çoxsaylı regionlarını hədəfə alan 158 Ukrayna dronunu aşkarlayaraq məhv etdiyini bildirib. Bu, Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan bəri Ukraynanın ən böyük hücumlarından biri sayılır.
Bir neçə həftə öncə isə Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə girib. Moskva, hələlik, onları geri oturda bilməyib, Kreml cavab verəcəyini bildirib.
Bütün xəbərləri izləyin
Tatarıstanda hərbi xidmətdən yayınan şəxs tutulub. Onu konvoydan qaçırmışdılar
Tatarıstanın Naberejnıye Çelnı şəhərində hərbi xidmətdən yayınma ittihamı ilə axtarılan şəxs oktyabrın 25-də tutulub. Bundan öncə onu Kazanda konvoy avtomobilinə hücum edən naməlum şəxslər qaçırmışdı.
"Veçernaya Kazan" və "Kommersant" qaçan şəxsin tutulduğunu yazıb. Onun Kazan şəhərindəki hərbi komendantlığa qaytarıldığı bildirilir. "Kommersant"ın yazdığına görə, onun qaçmasına kömək edənlər də saxlanılıb. Amma bu haqda rəsmi informasiya verilməyib.
Konvoy avtomobilinə hücum oktyabrın 24-də axşam Kazanın Qvardeyskaya küçəsində baş verib. "Kommersant"ın məlumatına görə, iki nəfər nömrəsiz qara avtomobillə svetoforda konvoya yaxınlaşıb, arxa qapını açıb, sözügedən şəxsi çıxararaq qaçıblar. "Baza" hücum edənlərin konvoy işçilərini döydüyünü bildirir. "Idel.Realii" Kazanda "Perexvat" planının işə salındığını, amma qaçan şəxsin dərhal tutulmadığını yazıb.
"Ostorojno, Novosti" saytının bilgisinə görə, qaçan tatarıstanlı daha əvvəl də hərbi hissədən qaçdığı üçün saxlanıb. "Mediazona" isə qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin "Zvezda" televiziya kanalı qaçan şəxsin kimliyini açıqlayıb. O, 32 yaşlı Fadis Qaripovdur, hərbi komendantlıq onu Naberejnıye Çelnıdan Kazana aparırmış. Bu adda şəxs avqustda Tatarıstanda Ukraynaya qarşı müharibəyə qatıldığı üçün medalla təltif edilib. "Ostorojno, Novosti" mənbəsi bildirir ki, söhbət "İgidliyə görə" medalından gedir. Qaçan və yenidən həbs edilən şəxsin kimliyi rəsmi təsdiqlənməyib.
PKK Türkiyədən qüvvələrini çıxardığını elan edib
Türkiyə, ABŞ və Avropa İttifaqının (Aİ) terror təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə ərazisindən qüvvələrini çıxardığını bəyan edib. Bu, qruplaşmanın silahları təhvil verməsi prosesi çərçivəsində gerçəkləşdirilir. Xəbəri "Reuters" yayıb.
PKK bildirir ki, "azad, demokratik və qardaşcasına" həyatın əsaslarını qoymaq məqsədilə bütün qüvvələrini geri çəkmək qərarı verib. Partiya bəyanatında onu da vurğulayır ki, Ankara kürdlərin inteqrasiyasına dair qanunlar qəbul etməlidir.
Bu silahlı qruplaşma mayda, ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalanın Türkiyə dövlətinə qarşı silahlı mübarizəni dayandırmaq, silahları yerə qoymaqla bağlı çağırışından sonra özünü buraxdığını elan edib. Yay aylarında Türkiyə, İraq və Suriyadakı kürd qüvvələri silahlarını təhvil verməyə başlayıblar.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi bildirib ki, PKK-nın qüvvələrini çıxarmaq qərarı Ankaranın məqsədinə çatmasının göstəricisidir.
Son illərdə Türkiyənin cənub-şərq sərhədlərindən sıxışdırılıb çıxarılan PKK qüvvələri İraqın şimalına yerləşib. Türkiyə ordusu bu ərazidə kürd bazalarına daimi zərbələr endirir, bir neçə hərbi dayaq məntəqəsi yaradıb. Ankara kürdlərin hüquqlarının qorunduğunu, amma separatçılığa yol verməyəcəyini bildirir.
A.Öcalan 1974-cü ildə solyönlü hərəkat yaradıb, 1978-ci ildə onu Kürdüstan Fəhlə Partiyası adı ilə rəsmiləşdirib. 1979-cu ildə Öcalan Suriyaya keçərək orada silahlı dəstələr formalaşdırıb. 1984-cü ildən partiya Türkiyəyə qarşı silahlı mübarizəyə başlayıb.
1999-cu ildə Ankaranın Dəməşqə təzyiqindən sonra Öcalan Suriyanı tərk etdi. O, Keniyada tutulub Türkiyəyə təhvil verilib. Əvvəlcə ölüm cəzasına məhkum olunub, sonradan bu hökm ömürlük həbslə əvəz edilib. O vaxtdan Öcalan Mərmərə dənizindəki İmralı adasında saxlanılır.
PKK-nın ilkin tələbi müstəqil Kürdüstanın yaradılması idi. Sonradan tələblərini yumşaldıb, Türkiyənin cənub-şərqində kürdlərin hüquqlarının genişləndirilməsini, muxtariyyət verilməsini tələb edib.
Türkiyə ilə PKK arasında bir neçə dəfə barışığa cəhd olub. 2013-2015-ci illərdə atəşkəs qüvvədə olub, Suriya kürdlərinin PKK-ya bağlı silahlı dəstələrinin Suriyanın şimal-şərqində nəzarəti gücləndirməsindən sonra pozulub.
Putinin xüsusi elçisi ABŞ-yə danışıq aparmağa gedib
Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-də səfərdədir. O, bu il Rusiya ilə ABŞ arasında yüksəksəviyyəli danışıqlarda iştirak etmişdi. Bu haqda oktyabrın 24-də Rusiyanın "RİA Novosti" agentliyi, eləcə də ABŞ-nin CNN və "Axios" media qurumları mənbələrə istinadla məlumat yayıb.
Səfər barədə ictimai açıqlama verilməyib. Dmitriyev Donald Tramp administrasiyasının siyasətini, Rusiya ilə əlaqəsi olmayan məsələlərdə də tez-tez tərifləyir. Onun ABŞ-yə səfəri barədə xəbər ABŞ administrasiyasının Rusiyaya Ukrayna müharibəsi ilə bağlı ilk ciddi sanksiyalarını elan etməsindən iki gün sonra yayılıb. Tramp yanvarda prezident postuna keçəndən ilk dəfədir Rusiyaya sanksiyalar sərtləşdirilir.
CNN mənbələrə istinadla yazır ki, Dmitriyev ABŞ administrasiyasının təmsilçiləri ilə rəsmi danışıqlar aparmağı planlaşdırır. Görüşlərdə ABŞ-Rusiya münasibətləri müzakirə olunacaq. "Axios"un müxbiri Barak Ravid isə adı açıqlanmayan mənbəyə istinadla bildirib ki, şənbə günü – oktyabrın 25-də Putinin elçisi Trampın xüsusi təmsilçisi Stiven Uitkoffla görüşmək niyyətindədir.
Həftənin əvvəlində ABŞ Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə sanksiyalar elan edib. Prezident Tramp isə Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Putin daxil Rusiya rəsmiləri bu qərarları tənqid ediblər. Amma onu da deyiblər ki, gələcəkdə görüşün keçirilməsi mümkündür, ABŞ ilə dialoq davam etməlidir.
Sanksiya qərarından əvvəl Dmitriyev sosial şəbəkələrdə Çukotka ilə Alyaskanı Berinq boğazından keçməklə birləşdirəcək tunel tikməyi təklif etmişdi. ABŞ prezidenti D.Tramp bu ideyadan xəbərsiz olduğunu desə də, onu "maraqlı" adlandırıb, amma sonradan bu məsələyə qayıtmayıb.
Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozub
Oktyabrın 23-də Litva Rusiyanın iki təyyarəsinin ölkənin hava məkanına girməsinə etirazını bildirib. Rusiyanın Vilnüsdəki səfirliyinin müvəqqəti işlər vəkilinə güclü etiraz notası təqdim edib.
Elə həmin gün Rusiyanın Kalininqrad anklavından havaya qalxan SU-30 qırıcısı və "İL-78" yanacaqdaşıyan təyyarəsi 18 saniyə ərzində Litvanın hava məkanından keçib. Bunun havada yanacaqdoldurma təlimi zamanı baş verdiyi ehtimal olunur. Məlumatı Litva ordusu yayıb.
Vilnüs Rusiyadan Litva hava məkanının pozulmasının səbəblərini dərhal izah etməyi, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyi tələb edib.
Litva prezidenti Qitanas Nauseda insidenti "beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün açıq şəkildə pozulması" adlandırıb. O, X sosial platformasında yazıb ki, bu hadisə Avropa hava hücumundan müdafiə hazırlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir.
Rusiya Müdafiə Nazirliyi isə insidentin baş verdiyini inkar edib. "Uçuşlar Rusiya ərazisi üzərində hava məkanından istifadə qaydalarına tam uyğun gerçəkləşdirilib. Təyyarələr marşrutdan yayınmayıb, digər dövlətlərin sərhədlərini pozmayıb", – nazirlik Telegram-da bildirib.
Hadisəyə cavab olaraq Baltik regionunda NATO hava patrul missiyasına daxil iki İspaniya "Eurofighter Typhoon" qırıcısı havaya qaldırılıb.
Estoniya və Latviya Litvaya tam həmrəylik bildiriblər.
NATO üzvü, Ukraynanın qəti tərəfdarları olan bu üç Baltik ölkəsinin ərazisini son aylar Rusiya təyyarələri və ya dronları bir neçə dəfə pozub.
Sentyabrda Rusiyanın üç "MiQ-31" qırıcısı Finlandiya körfəzi üzərindən Estoniyanın hava məkanına girərək təxminən 12 dəqiqə orada qalıb.
Bundan sonra Tallin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini, NATO-nun 4-cü maddəsinin işə salınmasını istəyib. Bu maddə üzvlərdən birinə təhdid yarandıqda məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.
Çelyabinskdə zavoddakı partlayışda ölənlərin sayı 12-yə çatıb
Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki zavodda partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb. Bunu vilayətin başçısı Aleksey Teksler bildirib.
Onun sözlərinə görə, “müəssisənin daha 10 əməkdaşının harada olduğu dəqiqləşdirilir”. Fövqəladə Hallar Nazirliyi hadisə yerində axtarış işlərini davam etdirir.
Daha öncə partlayış nəticəsində 19 nəfərin xəsarət aldığı açıqlanmışdı. Onlardan 5-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vilayət rəhbərliyi oktyabrın 24-nü matəm günü elan edib.
Oktyabrın 22-də axşam “Plastmass” zavodunda partlayış baş verib. Müəssisədə digər məhsullarla yanaşı partlayıcı maddələr də istehsal olunur.
Rəsmilər hadisənin Ukrayna dronlarının hücumu ilə əlaqəli olmadığını bildiriblər.
İstintaq Komitəsi təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi üzrə cinayət işi açıb.
Kramatorska dron zərbəsindən iki ukraynalı jurnalist həlak olub
Rusiyanın "Lancet" dronunun Kramatorska zərbəsindən iki jurnalist həlak olub. Ukraynanın FREEДОМ beynəlxalq yayım kanalının hərbi müxbiri Alyona Qramova (Qubanova) və operator Yevgeni Karmazin həlak olub, xüsusi müxbir Aleksandr Kolıçev yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Xəbəri Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin yayıb, telekanal da təsdiqləyib.
Telekanal hadisə zamanı jurnalistlərin yanacaqdoldurma məntəqəsində avtomobildə olduqlarını bildirib. Filaşkin zərbə dəyən avtomobilin fotosunu yayımlayıb.
Qramova Donetsk və Dnepropetrovsk vilayətlərinin ən qaynar nöqtələrində işləyib. Karmazin və o, Donetsk vilayətində anadan olublar. 43 yaşlı Qramovanın doğulduğu Yenakiyevo şəhəri hazırda Rusiya qoşunlarının işğalı altındadır. Kramatorskda doğulmuş Karmazin 33 yaşında idi.
Ukrayna mediası Rusiya-Ukrayna müharibəsinin başlayandan 114 ukraynalı jurnalistin peşə borcunu yerinə yetirərkən həlak olduğunu bildirir.
Oktyabrın əvvəlində Donbasa dron hücumunda fransız fotojurnalist Antoni Lallikan həlak olub. Rusiya tərəfdən də müharibəni işıqlandıran jurnalistlər arasında itkilər var – bugünlərdə Zaporojye vilayətində "RİA Novosti"nin müxbiri İvan Zuyev həyatını itirib.
Tbilisidə etirazçıları saxlayıblar
Tbilisidə polis Rustaveli prospektində parlament qarşısında etiraz aksiyası iştirakçılarından azı 25-ni saxlayıb. Onların arasında 2019-cu ildə Tsxinvali bölgəsində sərhəd xəttində saxlanılaraq 48 gün həbsdə qalan həkim Vaja Qaprindaşvili də var.
"Exo Kavkaza" xəbər verir ki, axşam saat 8 radələrində bir neçə nəfər yolun ortasına çıxıb: yazıçı İrakli Lomuri gətirdiyi stulda əyləşib, başqa bir iştirakçı isə birbaşa asfalta oturub. Polis yolu boşaltmağı tələb edib. Bu an aksiyanın iştirakçılarından biri polis maşınının üstünə çıxıb, sonra düşüb.
Əraziyə əlavə polis qüvvələri gətirilib, saxlanılanlar olub. Polis səkilər boyunca baryerlər qurub, nümayişçilərin yola çıxmasına icazə verməyib.
Gürcüstanın Daxili İşlər Nazirliyi təxminən 20 nəfərin inzibati qaydada saxlanıldığını bildirir. Polis maşınının üstünə çıxan bir qadının polis əməkdaşını təhqir etdiyi bildirilir, xuliqanlıq maddəsi ilə saxlanılıb. Nazirlik etirazçıları qanun pozuntusundan çəkinməyə çağırıb.
Gürcüstanda Avropayönümlü etirazlar 330 gündən çoxdur davam edir. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, həbs olunan aksiya iştirakçılarının azad olunmasını tələb edirlər. Nümayişlər ötən il noyabrın sonunda baş nazir İrakli Kobaxidze avrointeqrasiya prosesinin 2028-ci ilə qədər dayandırdığını bəyan edəndən sonra başlayıb.
Gürcüstanda 4 oktyabr yerli özünüidarəetmə seçkilərindən sonra da mitinq keçirilib, saxlananlar olub. Bəzi etirazçılar prezident sarayına girməyə çalışıblar.
Saxarov mükafatı həbsdə olan jurnalistlərə verildi
Avropa Parlamentinin 2025-ci il Saxarov mükafatının qalibləri həbsdə olan iki jurnalist – polyak-belaruslu Andjey Poçobut və gürcüstanlı jurnalist Mziya Amaqlobelidir.
Demokratiya və vətəndaş cəmiyyətindən yazan bu iki jurnalistlər hazırda həbs cəzası çəkirlər.
Qaliblərin adları oktyabrın 22-də açıqlanıb.
"Hər iki jurnalist hazırda saxta ittihamlarla, sadəcə işlərini gördüklərinə, ədalətsizliyə qarşı çıxdıqlarına görə həbsdədir", – Avropa Parlamentinin prezidenti Roberta Metsola deyib.
Mükafatın qısa siyahısında bir ildən çox Belqradda hökumətə etiraz etmiş serbiyalı tələbələr, Fələstində jurnalistlər və humanitar yardım işçiləri vardı.
Poçobut Belarus və Polşa nəşrləri üçün işləyib, Belarusda polyak azlığını təmsil edən qurumun liderlərindən olub. Avtoritar lider Aleksandr Lukaşenkonun açıq tənqidçisi olan jurnalist dəfələrlə həbs edilib. 2021-ci ildə müxalifətə, vətəndaş cəmiyyətinə siyasi təzyiq kampaniyası çərçivəsində saxlanan Poçobut sonradan 8 il həbsə məhkum olunub.
Gürcüstanda "Batumelebi" və "Netqazeti" kimi müstəqil nəşrlərin təsisçisi olmuş Amaqlobeli bu ilin əvvəlində saxlanıb, təhlükəsizlik əməkdaşına müqavimət ittihamı ilə 2 il həbsə məhkum edilib. O, ötən ilin parlament seçkilərindən sonrakı avropayönlü etirazlara çıxırdı. Jurnalistin həbsdə səhhətinin pisləşməsi barədə xəbərlər gəlir. Amaqlobeli Gürcüstan 1991-ci ildə müstəqillik qazanandan ilk qadın siyasi məhbus, həm də Saxarov mükafatını alan ilk gürcüstanlıdır.
Mükafatın təqdimetmə mərasimi dekabrın 16-da Strasburqda keçiriləcək.
50 min avro (58 min dollar) dəyərində olan mükafat 1988-ci ildə rusiyalı alim və dissident Andrey Saxarovun şərəfinə təsis edilib. Repressiv rejimlər çox vaxt namizədlər və qaliblərlə bağlı Avropa qanunvericilərinə sərt reaksiya verirlər.
İndiyədək mükafata Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela, Rusiyanın müxalifət lideri Aleksey Navalnı, pakistanlı təhsil fəalı Malala Yusifzay da layiq görülüb.
Tramp hökumət açılmayınca, demokratlarla görüşməyəcəyini deyir
ABŞ prezidenti Donald Tramp oktyabrın 21-də Konqresdəki aparıcı demokratların görüş təklifini rədd edib. O deyib ki, üç həftədir davam edən şatdaun (hökumətin bağlanması) bitməyənəcən görüşmək istəmir.
"Onlarla görüşmək istərdim, amma bir şərtim var – hökumət yenidən açılarsa, görüşərəm", – Tramp jurnalistlərə deyib.
ABŞ Senatında azlığın lideri Çak Şumer və Nümayəndələr Palatasında azlığın lideri Hakim Ceffris prezidentlə "istənilən vaxt, istənilən yerdə" görüşməyi təklif etmişdilər.
Demokrat senatorlardan üçü respublikaçıların müvəqqəti maliyyələşdirmə ilə bağlı qanun layihəsini dəstəkləmir. Onlar dekabrın 31-də müddəti bitəcək Əlçatan Tibbi Xidmət Qanununa (ACA) aid vergi güzəştinin uzadılmasını tələb edirlər.
ACA güzəşti uzadılmasa, milyonlarla amerikalı səhiyyə xidmətlərinə görə daha çox ödəniş etməli olacaq. Demokratlar bunu "səhiyyə böhranı" adlandırırlar.
Konqresə nəzarət edən respublikaçılar isə mövcud durumdan çıxmaq üçün demokratlarla növbəti addımlar barədə danışmağa başlayıblar.
100 üzvdən ibarət Senatda respublikaçılar cüzi – 53-47 üstünlüyə malikdirlər. Əksər qanun layihələrinin keçməsi üçün 60 səs tələb olunur.
Oktyabrın 1-də, yeni maliyyə ilinin başlanğıcında federal agentliklər fəaliyyətlərini məhdudlaşdırıb və minlərlə dövlət işçisi məzuniyyətə göndərilib.
Polşa Putinə hava məkanını pozmamaqla bağlı xəbərdarlıq edib
Oktyabrın 21-də Polşa Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Macarıstanda ABŞ prezidenti Donald Trampla sammitə gedərkən bu ölkənin hava məkanından istifadə etməsin. Əks halda, Varşava beynəlxalq həbs qərarını icra etmək məcburiyyətində qala bilər.
Tramp keçən həftə demişdi ki, Ukraynadakı müharibəni bitirməklə bağlı danışıqlar üçün Macarıstanın paytaxtı Putinlə görüş planlaşdırır.
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2023-cü ildə Putinlə bağlı həbs qərarı çıxarıb. Rusiya lideri Ukraynadan yüzlərlə uşağı qanunsuz deportasiyasında, yəni müharibə cinayətlərində ittiham olunur.
Rusiya BCM-in yurisdiksiyasını tanımır və ittihamları rədd edir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski "Radio Rodzina"ya deyib ki, ölkəsində məhkəmənin təyyarəni müşayiət edərək şübhəlini Haaqa məhkəməsinə təhvil verməsi haqda qərar çıxarmayacağına zəmanət vermir.
BCM-in həbs qərarı üzv dövlətlər üzərinə Putin onların ərazisinə daxil olarsa, onu həbs etmək öhdəliyi qoyur.
Macarıstanın baş naziri Viktor Orban Putinlə yaxşı münasibət saxlayır. O deyib ki, Budapeşt Putinin sammit üçün ölkəyə daxil olub geri dönməsini təmin edəcək.
Ancaq Rusiyanın nümayəndə heyəti Ukrayna üzərindən keçməmək üçün azı bir Avropa İttifaqı ölkəsinin hava məkanından istifadə etməli olacaq. Aİ üzvlərinin hamısı BCM üzvləridir. Macarıstan isə məhkəmədən çıxmaq üzrədir.
NATO üzvü Polşa 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan Kiyevin ən sadiq tərəfdarlarından olub.
Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir
Avropa İttifaqının (Aİ) Şurası oktyabrın 20-də Rusiya qazından mərhələli şəkildə imtina təşəbbüsünü təsdiqləyib. Avropa Parlamenti də sənədi təsdiqləsə, Aİ 2028-ci il yanvarın 1-dək Rusiyadan qaz tədarükünü tamamilə dayandıracaq.
Qadağa həm boru kəməri ilə nəql edilən, həm də mayeləşdirilmiş qaz tədarükünə aid olacaq və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qüvvədə olan müqavilələr üçün keçid dövrü müəyyən edilib, bu müddətdə Rusiya qazı Avropaya tədarük oluna bilər. Qısa müddətli müqavilələr üçün keçid dövrü 2026-cı il iyunun 17-dək qüvvədə olacaq, uzunmüddətli müqavilələr üçün 2028-ci il yanvarın 1-də bitəcək.
Qadağa xüsusi hallarda, məsələn Aİ-yə digər mənbələrdən qaz tədarükünə təhlükə yaranarsa, müvəqqəti dayandırıla bilər.
Macarıstan və Slovakiya tam qadağaya qarşı çıxıblar. Amma qərarın qəbulu üçün yekdillik tələb olunmayıb.
Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan Aİ Rusiya qazından asılılığını əhəmiyyətli şəkildə azaldıb. Əksər Aİ ölkələri artıq Rusiyadan qaz idxalını dayandırıb. Bəzi ölkələr hələ də “Türk axını” boru kəməri və ya mayeləşdirilmiş qaz vasitəsilə qaz alır, lakin bu tədarükün payı davamlı azalmaqdadır.
Rusiya qazının yerini ABŞ, Qatar, Norveç, Azərbaycan və digər ölkələrin yanacağı tutur. ABŞ isə Aİ-nin Rusiyadan qaz idxalından imtinasını tələb edir, bunu Rusiya əleyhinə Amerika sanksiyalarının sərtləşdirilməsi üçün şərtlərdən biri sayır.
Türk Kiprində seçkini vahid dövlət tərəfdarı olan siyasətçi udub
Oktyabrın 19-da türk Kiprində prezident seçkisində mötədil siyasətçi sərt xətt tərəfdarını məğlub edib. "Reuters" yazır ki, bu vacib səsvermə BMT-nin Kiprin birləşdirilməsi üzrə dayanmış danışıqları yenidən canlandıra bilər.
Sol-mərkəzçi siyasətçi Tufan Erhürman 218 mindən çox qeydiyyatdan keçmiş seçicinin 62.8 faizinin səsini yığaraq qalib gəlib. O, indiki prezident Ersin Tatarı məğlub edib. Erhurman Kiprin gələcəyi üzrə yunan Kipri ilə danışıqları yenidən canlandırmaq vədi vermişdi.
İxtisasca vəkil olan Erhürman BMT-nin dəstəklədiyi federal həll variantını araşdıracağını bildirib. Bu variant təxminən 50 ildən sonra adanın birləşdirilməsini nəzərdə tutur.
Kiprin şimalındakı Şimali Kipr Türk Respublikasını tanıyan Türkiyə və Tatar iki dövlət siyasətini dəstəkləyir. Yunan Kipri isə bunu rədd edir.
2020-ci ildə hakimiyyətə gələn Tatar seçicilərin 35.8 faizini qazanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Erhürmanı qələbəsi münasibətilə təbrik edib. O, deyib ki, səsverməni türk Kiprinin demokratik yetkinliyinin əks etdirib.
"Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik", -– Ərdoğan X platformasında yazıb.
Kiprin prezidenti və yunan Kiprinin lideri Nikos Kristodulidis də Erhürmanı təbrik edib, sülh danışıqlarının bərpasına sadiq olduğunu bildirib.
Kipr 1974-cü ildə Türkiyənin müdaxiləsi ilə iki hissəyə bölünüb. Bu, Yunanıstanın dəstəklədiyi qısa bir çevrilişdən sonra baş verib. 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan olunub. Sülh danışıqları isə 2017-ci ildən dayanıb.
Yunan Kipri Avropa İttifaqında təmsil olunur, Ankara isə bloka üzv olmağa çalışır, rəsmən namizəd ölkədir.
SAXAL Qəzzanın cənubunda Rəfaha zərbələr endirib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə zərbələr endirib. Ordu bildirir ki, ABŞ və Aİ-nin terror təşkilatı kimi tanıdığı HƏMAS silahlıları Rəfahda razılaşma şərtlərinə uyğun olaraq terror infrastrukturunu məhv edən israilli hərbçilərə atəş açıblar.
SAXAL bunun cavabında hava zərbələrinə başlayıb, artilleriya ilə cavab atəşi açıb. Nəticədə bir neçə dayaq məntəqəsi, "terror fəaliyyəti qeydə alınmış" hərbi obyektlər məhv edilib.
İsrail ordusu hərbçilər arasında xəsarət alan olmadığını bildirir.
HƏMAS isə atəşkəs razılaşmasına sadiq qaldığını bəyan edib. Qruplaşma İsrail patrulunun deyil, HƏMAS-a qarşı çıxan yerli silahlı dəstənin liderinin hədəf alındığını bildirib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunu müharibəni "tam miqyasda" bərpa etməyə çağırıb, HƏMAS-ın razılaşmanı pozduğunu deyib.
Oktyabrın 13-də Qəzzada hərbi əməliyyatların dayandırılmasına dair razılaşma imzalanıb. Razılaşmaya əsasən, İsrail atəşi dayandırıb. HƏMAS sağ qalan israilli girovları azad edib. İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslara dəyişib. Həlak olmuş girovların meyitlərini də təhvil verməyə başlayıb.
Oktyabrın 19-na keçən gecə HƏMAS Qırmızı Xaç təmsilçilərinə iki girovun meyitini təhvil verib. Atəşkəs razılaşmasına əsasən, HƏMAS 28 meyit təhvil verməlidir, indiyədək 13-ünü qaytarıb.
ABŞ Dövlət Departamenti oktyabrın 18-də HƏMAS-ın Qəzza sakinlərinə hücumlar planlaşdırdığı barədə xəbərdarlıq edib, bununla razılaşmanın ciddi şəkildə pozulacağını bildirib.
Gürcüstanda keçmiş vəzifəlilərin evlərində axtarış aparılıb
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş sədri Qriqol Liluaşvilinin və keçmiş baş prokuror Otar Partsxaladzenin evlərində axtarışlar aparılıb. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Baş prokuror Georgi Qvarakidze brifinqdə bildirib ki, “müxtəlif elektron cihazlar, sənədlər və böyük miqdarda pul müsadirə olunub”. Axtarışlar oktyabrın 17-də səhər 10-dan başlayaraq ölkə üzrə 22 ünvanda eyni vaxtda aparılıb.
Qvarakidze jurnalistlərin suallarını cavablandırmayıb, istintaqın hansı maddələr üzrə aparıldığını açıqlamayıb.
"Exo Kavkaza" xəbər verir ki, vaxtaşırı keçmiş baş nazir və hakim “Gürcü Arzusu” partiyasının keçmiş lideri İrakli Qaribaşvilinin, həmçinin DTX-nın keçmiş rəhbəri Qriqol Liluaşvilinin korrupsiya işləri üzrə mümkün həbsi barədə şayiələr yayılırdı. “Gürcü Arzusu”nun bir sıra keçmiş tərəfdarları, o cümlədən keçmiş müdafiə naziri Cuanşer Burçuladze və onun qaynı, keçmiş iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze saxlanılıb.
Q.Liluaşvilinin adı mediada 4 oktyabr hadisələri ilə əlaqədar hallanıb. “Formula” televiziya kanalı mənbəsinə istinadla xəbər verib ki, o, ikiüzlü fəaliyyət göstərib, həm müxalifətlə əlaqədə olub, həm də hakimiyyətə məlumat ötürüb.
Baş nazir İrakli Kobaxidze daha öncə demişdi ki, “Gürcü Arzusu”nun bir keçmiş üzvü müxalifətlə əməkdaşlıq edib, amma adını çəkməyib.
Otar Partsxaladze 2013-cü ilin noyabr-dekabr aylarında Gürcüstanın baş prokuroru vəzifəsində çalışıb. 2023-cü ildə ABŞ ona qarşı sanksiyalar tətbiq edib, bunu “Rusiyanın Gürcüstandakı təsirinin gücləndirilməsi” ilə əsaslandırıb. Mətbuatın məlumatına görə, o, Moskvada yaşayır, Rusiya siyasi elitası ilə əlaqələrini qoruyur və “Gürcü Arzusu” hökuməti ilə sıx təmaslar saxlayır. Sanksiyalardan sonra Gürcüstan prezidenti Salome Zurabişvili onu vətəndaşlıqdan məhrum edib, bundan sonra o, soyadını Partxaladze-Romanova dəyişib. 2025-ci il mayın 9-da O.Partxaladze Moskvada Qırmızı Meydanda Qələbə Paradının qonaqları arasında görünüb. Ona qarşı Böyük Britaniya və Litvanın da sanksiyaları qüvvədədir.
Serbiyada miqrant qaçaqmalçılığında şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub
Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Subotitsa şəhər bölməsinin əməkdaşları sərhədi qanunsuz keçmə, habelə insan qaçaqmalçılığında şübhəli bilinən 1983-cü il təvəllüdlü D.P. və Azərbaycandan olan 2002-ci il təvəllüdlü N.P.-ni saxlayıblar.
Yoxlama zamanı polis şübhəlilərin idarə etdiyi avtomobillərdə doqquz qanunsuz miqrant aşkarlayıb.
Ehtimal olunur ki, D.P. və N.P. miqrantları müəyyən ödəniş əvəzində Macarıstan sərhədinə çatdırmalı, sonra onlar qeyri-qanuni yolla oranı piyada keçməli idilər.
Subotitsa Baş Prokurorluğunun qərarı ilə şübhəlilər barədə 48 saatlıq həbs-qətimkan tədbiri seçilib.