Keçid linkləri

2025, 02 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:09

Əlvida, 'Lenin': Qırğızıstan Sovet abidələrini sökməyə davam edir


Oş şəhərinin mərkəzi meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin abidəsi.
Oş şəhərinin mərkəzi meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin abidəsi.

Rusiyalı qanunvericilərin daha əvvəl "ruslaşdırmadan imtina" (derussifikasiya) kimi tənqid etdiyi təşəbbüsü davam etdirən Qırğızıstan Sovet lideri Vladimir Leninə aid daha iki heykəli götürüb və onun adını bir neçə küçə və məktəbdən silib.

İyunda ölkənin cənubunda yerləşən Oş şəhərində 25-metrlik Lenin heykəli sökülüb. Bu, Mərkəzi Asiyada Leninin ən hündür heykəli idi. Bir neçə gün sonra isə qonşu Cəlalabad bölgəsində də başqa bir Lenin abidəsi postamentindən qaldırılıb.

İyulda Oş şəhərinin mərkəzindəki Lenin küçəsinin adı 19-cu əsrin görkəmli qırğız siyasi xadimi Alımbek-datkanın şərəfinə dəyişdirilib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, 50 il ərzində Oşun əsas simvollarından biri olan Lenin heykəlinin yerində 95 metrlik dövlət bayrağı dirəyi ucaldılacaq.

Qırğızıstan hökuməti Leninin adına olan bütün küçələrin adının dəyişdirilərək onların yerinə qırğızların əfsanəvi qəhrəmanı Manasın adının verilməsini təklif edib.

Həmçinin kəndlərin və digər coğrafi məkanların adlarına yenidən baxmaq təklif edilib.

30 ildən çoxdur ki Qırğızıstan müstəqillik əldə etsə də, bu ölkə hələ də Mərkəzi Asiyadakı qonşuları arasında Sovet dövründən qalma ən çox toponim və heykəllərə sahibdir. Ölkənin paytaxtı Bişkek hər birinin adı kommunist dövrünə aid olan dörd rayondan ibarətdir: Lenin, Sverdlov (Sovet siyasətçisinin adını daşıyır), 1 May və Oktyabr (Oktyabr İnqilabının şərəfinə).

Qırğızıstan rəsmilərinin Bişkekin rayonlarının adının dəyişdirilməsi ilə bağlı çağırışları Rusiya siyasətçilərini qəzəbləndirib. Onlar bunu "ən erkən mərhələdə" dayandırılması gərəkən "çox mənfi" prosesin təhlükəli ilk addımı kimi qiymətləndiriblər.

Sosial şəbəkələrdən yayılan fotoda Oşda Leninin abidəsinin sökülməsi əks olunub.
Sosial şəbəkələrdən yayılan fotoda Oşda Leninin abidəsinin sökülməsi əks olunub.

Məsələ ilə bağlı ictimai rəy bölünür

Əksər qırğızlar kommunist dövrünə aid toponimləri qırğız adları ilə əvəzləmək kampaniyasını dəstəkləyir. Lakin həm rəsmi şəxslər, həm də ictimaiyyət, xüsusilə də yaşlı nəsil arasında bu təşəbbüsə qarşı çıxanlar da var.

Oş şəhərindən Nurjiqit Ajibekov AzadlıqRadiosuna bildirib ki, o, hakimiyyətin abidələri sökmək və küçələrin adlarını dəyişdirmək qərarını dəstəkləyir. "Artıq bunları (Sovet ideologiyasını) arxada qoymağın vaxtıdır", - o deyib.

Yerli məktəb müəllimi Roza isə bildirib: "Zaman dəyişir, insanlar dəyişir və hər ölkədə bəzi tarixi dəyişikliklər baş verir. Biz də irəliləməliyik".

Lakin Oş şəhərindən başqa bir sakin Sıdık Mamıtov kampaniyaya qarşı çıxanlardandır. O, Lenin və Sovet İttifaqının qırğız xalqı üçün mühüm rol oynadığına inandığını qeyd edib: "Sovet hakimiyyəti altında müəyyən sərhədlər və institutlara sahib olaraq ilk dəfə rəsmi dövlətçilik qazandıq". Baxmayaraq ki, suverenlik Moskvanın əlində idi.

Oş Şəhər Məclisi Lenin küçəsinin adının dəyişdirilməsini "tarixi addım" kimi alqışlayıb.

Şəhərin meri Jenişbek Toktorbayev bu ilin əvvəlində Qırğızıstanda hələ də rus və sovet şəxsiyyətlərinin adlarını daşıyan bir çox məktəbin adını dəyişdirməyi təklif etmişdi. Bunlara kosmonavt Yuri Qaqarin, yazıçı Maksim Qorki və bolşevik inqilabçıları Sergey Kirov, Mixail Kalinin və başqaları daxildir.

Qırğızıstan parlamentinin sədr müavini Nurbek Sıdıqaliyev paytaxt Bişkekin Köhnə Meydanında yerləşən Lenin heykəlinin götürülməsinə çağırış edib.

Lakin tənqidçilər bildirir ki, Qırğızıstan ölkənin tarixinin bir hissəsi olan öz sovet keçmişini silməyə çalışmamalıdır.

Qırğızıstanlı siyasi müşahidəçi Amantur Manapbayev xəbərdarlıq edib ki, ölkə üzrə ad dəyişikliyi kampaniyası dərin "bölücü" xarakter daşıyır və "ictimai vəsaitin israfıdır".

Kommunist Partiyasının lideri İsxak Masaliyev isə bu kampaniyanı "böyük səhv" adlandırıb.

Bişkekdə Leninin heykəli
Bişkekdə Leninin heykəli

"Ukrayna ssenarisi"ni təkrarlamaq

Rusiyalı deputat Sergey Obuxov Qırğızıstanın bu addımlarına görə Rusiya Xarici İşlər Nazirliyinin tədbir görməsini tələb edib. O, Oşdakı səlahiyyətlilərin bu addımlarını Rusiyaya qarşı "qeyri-dost hərəkət" adlandırıb.

Rusiya Kommunist Partiyasının yüksəkvəzifəli üzvü Obuxov qeyd edib ki, Moskvanın Qırğızıstan üzərində kifayət qədər təsir gücü var. Rusiya pul köçürmələrindən asılı olan yoxsul Qırğızıstandan gələn yüz minlərlə işçi miqranta ev sahibliyi edir.

"Rusiya yalnız Qırğız vətəndaşlarını qəbul etmir, həm də onların uşaqlarına pulsuz təhsil almaq hüququ verir", - Obuxov iyulun 15-də "Teleqram" hesabındakı paylaşımda bildirib. Onun sözlərinə görə, Rusiyada təxminən 111 min qırğız miqrant uşağı məktəblərdə pulsuz təhsil alır.

Obuxov iddia edib ki, Qırğızıstan "Ukrayna ssenarisini təkrar edir: əvvəl dekommunizasiya, sonra derusifikasiya". (kommunist dövrünə aid simvolların, abidələrin, küçə adlarının və digər atributların aradan qaldırılması və rus mədəniyyəti, dili və simvollarının təsirinin azaldılması, ölkənin milli kimliyini gücləndirmək üçün Rusiya ilə bağlı elementlərin dəyişdirilməsi).

Oş şəhər hakimiyyəti isə məsələnin siyasiləşdirilməməli olduğunu vurğulayıb və Leninin abidəsinin sökülməsini kiçik bir hadisə kimi qiymətləndirib. Onlar bildiriblər ki, bu addım şəhər planlaşdırmasının bir hissəsidir və "ərazinin memarlıq və estetik görünüşünü yaxşılaşdırmaq" məqsədi daşıyır.

Rəsmilər açıqlamasında abidənin şəhərin başqa yerinə köçürüləcəyini bildiriblər.

Yazını AzadlıqRadiosunun aparıcı müxbiri Fərəgiz Nəcbullah və radionun "Azattiq Asia" xidməti hazırlayıb.

XS
SM
MD
LG