Keçid linkləri

2025, 02 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:09

Ermənistan ABŞ ilə anlaşma memorandumunu dərc edib


D.Tramp və N.Paşinyan
D.Tramp və N.Paşinyan

Yerevan Vaşinqton ilə qarşılıqlı anlaşma memorandumunu sənəd imzalanandan 20 gün sonra dərc edib.

Ermənistanın "Sülh qovşağı" layihəsi üzrə tərəfdaşlıqla bağlı hissədə qeyd olunur ki, iki dövlət Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bildirir. Layihəyə sərmayə yatırmağa, ölkənin infrastrukturunu və sərhəd təhlükəsizliyini yaxşılaşdırmağa qarşılıqlı maraq ifadə olunur.

Tərəflər Ermənistanın infrastruktur və sərhəd təhlükəsizliyi sahəsindəki potensialını artırmaq, ölkəni regional və qlobal ticarət üçün səmərəli tranzit mərkəzinə çevirməyə yönəlik birgə niyyətlərini təsdiqləyirlər: "Memorandumun məqsədi – iştirakçılar arasında sərmayələr, resurslar, təlimlər və tərəfdaşlıq yolu ilə Ermənistanın infrastruktur və sərhəd təhlükəsizliyinin yaxşılaşdırılması üçün əməkdaşlıq etməkdir".

Sənəddə həmçinin qeyd olunur ki, hər iki ölkə Ermənistanın infrastruktur və sərhəd təhlükəsizliyi ilə bağlı özəl sektorun sərmayələrini təşviq etmək, gömrük nəzarətinin effektivliyini artırmaq, sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığı və potensialın artırılmasını genişləndirmək istəyir.

Memorandumdan enerji təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq məsələlərindən də söz açılır.

Nikol Paşinyan
Nikol Paşinyan

İkitərəfli memorandum TRIPP-lə "birbaşa bağlı deyil"

Sentyabrda Yerevan, Vaşinqton və Bakı Ermənistandan keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək tranzit dəhlizi ilə bağlı əlavə danışıqlar aparacaq. Bunu avqustun 28-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Hazırda heç bir müzakirə aparılmır, çünki müzakirələrə sentyabrda başlamağa razılaşmışıq", – o deyib.

İkitərəfli memorandum TRIPP-lə "birbaşa bağlı deyil"

Avqustun 8-də Ağ evdə ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və N.Paşinyan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) ilə bağlı razılığa gəliblər. Dəhlizlə bağlı Vaşinqtona eksklüziv hüquqların veriləcəyi bildirilir, amma detallar bəlli deyil.

Birgə bəyanatda TRIPP-ə ümumi istinad yer alır. Azərbaycan və Ermənistanın ABŞ ilə imzaladıqları memorandumların məzmunu ictimaiyyətə açıqlanmayıb.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistan hökumətinin sənədi hələ də dərc etməməsi müxalifətdə bu memorandumun Bakının tələb etdiyi ekstraterritorial dəhlizi nəzərdə tutması ehtimallarını artırır. Paşinyan isə bu iddiaları rədd edib, sənədin tezliklə açıqlanacağına söz verib. O bildirib ki, bu memorandum TRIPP-lə birbaşa bağlı deyil.

"Sənədin mətnini deyil, məzmununu açıqlamaqla bağlı razılığa gəlmişdik. Amma ictimai marağın artdığını nəzərə alaraq, inanıram ki, tezliklə ABŞ tərəfdaşlarımızla razılığa gəlib bu sənədləri dərc edəcəyik", – baş nazir jurnalistlərə bildirib.

Rəsmi Bakı isə Vaşinqtonla imzalanan memorandumla bağlı ictimaiyyətə informasiya verməyib. Avqustun 26-da Nazirlər Kabinetində prezident İ.Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov iclasda deyib ki, Vaşinqtondakı görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb və ilkin müzakirə aparılıb.

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

"Tramp yolu" konsorsiuma icarəyə veriləcək?

Tramp avqustun 8-də Ermənistanın Sünik vilayətindən keçəcək tranzit marşrutunun ABŞ-yə uzunmüddətli icarəyə verilməsi ilə bağlı xəbərləri təsdiqləmiş kimi görünüb. O deyib ki, Ermənistan bu dəhliz üzrə Birləşmiş Ştatlarla "eksklüziv tərəfdaşlıq" quracaq və bu tərəfdaşlıq 99 ilədək davam edə bilər.

"Sonra onlar söz verirlər ki, 99 ildən sonra onu uzadacaqlar, düzdür?", – Tramp Paşinyana baxaraq deyib.

Qərb mediasının adını çəkmədiyi ABŞ rəsmilərinə görə, ABŞ hökuməti həmin ərazini bir sıra özəl şirkətlərdən ibarət konsorsiuma yenidən icarəyə verməyi planlaşdırır.

"Hazırda 99 il də daxil olmaqla heç bir sabit razılaşmamız yoxdur", – Paşinyan deyib.

Azərbaycan prezidenti İ.Əliyevin indiyədək verdiyi açıqlamalara görə, Sünikdən keçəcək insan və yük daşımaları Ermənistanın sərhəd nəzarətindən azad olmalıdır. Vaşinqton sammitindən öncə o deyib ki, Naxçıvana gedib-gələn azərbaycanlılar "hər dəfə orada sərhədçi erməninin simasını görməli deyillər".

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni də paraflanıb. İmzalanan bəyannamədə isə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.

XS
SM
MD
LG