Keçid linkləri

2025, 31 Oktyabr, Cümə, Bakı vaxtı 01:35

Azərbaycan xəbərləri

update

Kamil Zeynallı sərbəst buraxılıb

Kamil Zeynallı
Kamil Zeynallı

Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan deyib ki, Ermənistanın hərbi cinayətdə ittiham etdiyi Zeynallı saxlanandan az sonra Moskva Yerevanla əlaqəyə girərək bu xəbəri təsdiq edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sarkisyan ittihamın detalları barədə məlumat verməyib.

Erməni tərəfi ittihamın Zeynallının 44 günlük müharibəı zamanı Hadrutda yaşlı bir nəfərin başını kəsməsi iddiası ilə bağlı olduğunu bildirir.

Sarkisyan habelə Azatutyuna deyib ki, nazirlik şübhəlinin mümkün ekstradisiyası üçün laızm olan bütün sənədləri toplayaraq Rusiya hüquq-mühafizə orqanlaırna vermişdi.

Ermənistanın beynəlxalq hüquq ekspertlərindən Ara Qazaryan bu addımı mənasız adlandırıb.

Qazaryan Moskvanın şübhəlini sərbəst buraxmaq qərarının siyasi motivli olduğunu deyib. Ekspert bildirib ki, insident Rusiya-Ermənistan münasibətlərində artmaqda olan gərginliyi əks etdirir.

***

Bundan əvvəl verrilən xəbərdə deyilirdi ki, fevralın 21-də Moskvada saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən də "Turan"a təsdiqləyiblər.

+++

Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı fevralın 21-də gecə saatlarında Moskvanın "Domodedovo" hava limanında saxlanılıb.

Bu barədə onun özü videomüraciət yayıb.

K.Zeynallının sözlərinə görə, polis əməkdaşları ötən ilin mayında Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onu həmin ölkəyə ekstradisiya edə biləcəklərini deyiblər: "May ayından mən üç dəfə Rusiyaya gəlmişəm, indi saxladılar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar".

Onun dediklərini, hələlik, Rusiyanın müvafiq hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Ermənistan təsdiqləyir

Bununla belə, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan AzadlıqRadiosunun erməni xidmətinə adıçəkilən şəxsi qətl ittihamı ilə beynəlxalq axtarışa verdiklərini təsdiqləyib.

Azatutyun-un məlumatına görə, K.Zeynallı 2020-ci ildə müharibə zamanı Hadrutun iki sakininin öldürülməsində ittiham olunur.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı "Turan"a bunları deyiblər: "Bu məsələ səfirliyimizin nəzarətindədir. Vətəndaşa müvafiq dəstək göstərilir. Əlavə məlumat, hələlik, yoxdur".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Bütün xəbərləri izləyin

Prezident Balakənin icra başçısını işdən çıxartdı

İslam Rzayev
İslam Rzayev

Prezident İlham Əliyev İslam Rzayevi Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Sərəncamda bunun səbəbi izah edilmir.

Amma hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra saytlarda bu gün, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsin saxlandığı bildirilir.

Məlumatı, hələlik, DTX və həmin icra hakimiyyətinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

İslam Rzayev kimdir

İ.Rzayev 14 ildir həmin rayona rəhbərlik edirdi. O, əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifələr tutub.

İ.Rzayev 1965-ci ildə Göyçay rayonunda doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami, Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.

O, həmçinin "Azəriqaz"da baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Audit Departamentində rəis müavini olub.

Xatırlatma

Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.

'Hürriyyət TV'nin baş redaktoru Vüqar Məmmədovun saxlandığı bildirilir

Vüqar Məmmədov
Vüqar Məmmədov

"Hürriyyət TV" internet televiziyasının, eyniadlı qəzetin baş redaktoru Vüqar Məmmədovun saxlandığı bildirilir.

AzadlıqRadiosunun məlumatına görə, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu media orqanlarının yerləşdiyi redaksiyada əməliyyat keçirib. Redaksiyada axtarış aparılıb, kompüterlər, sənədlər götürülüb.

"Vüqar Məmmədovla yanaşı, başqa əməkdaşlar da saxlanılaraq DTX-ya aparılıb. Lakin onlar sonradan buraxılıb", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.

V.Məmmədovun saxlandığını onun yaxınları da AzadlıqRadiosuna təsdiqləyib. Əlavə ediblər ki, redaksiyadan sonra evdə də axtarış aparılıb.

"Hürriyyət"in redaksiyasında əməliyyat keçirilməsi, baş redaktorunun saxlanması barədə məlumatlara DTX-dan şərh almaq mümkün olmayıb.

V.Məmmədov 2023-cü ilin iyununda "Hürriyyət TV"nin efirində qadağan edilmiş məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbs olunmuşdu.

V.Məmmədov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun, hazırda xaricdə yaşayan hüquqşünas Qurban Məmmədovun bacısı oğludur.

Q.Məmmədov barəsində Baş Prokurorluqda araşdırma gedir. O, bəzi digər mühacirlər kimi, dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanır.

Xaricdə yaşayan bəzi bloqerlər barədə bu və digər ittihamlarla qiyabi həbs qərarı çıxarılıb. Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.

Baş Prokurorluq Elton Məmmədova xəbərdarlıq edib

Elton Məmmədov
Elton Məmmədov

Baş Prokurorluq keçmiş deputat, Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin keçmiş müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Elton Məmmədova rəsmi xəbərdarlıq verib.

Qurum bildirir ki, E.Məmmədovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb: "Elton Məmmədov açıqlamasında istintaq orqanına çağrılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb".

Qurum vurğulayır ki, "AMEA-da baş verən qanunsuzluqlar" ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr yaranıb: "İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib".

Açıqlamaya görə, bununla yanaşı, mediada "həqiqətəuyğun olmayan, cəmiyyətdə çaşqınlıq yaradan" açıqlamalar yaydığına görə E.Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq verilib.

Bu açıqlamaya E.Məmmədovdan münasibət almaq mümkün olmayıb. Bir neçə gün öncə bəzi saytlarda E.Məmmədova istinadla AMEA ilə bağlı cinayət işinə aid fikirlər yayılmışdı. "İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər... Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın", - E.Məmmədovun belə dediyi iddia edilirdi.

Xatırlatma

Bu vaxta qədər E.Məmmədovun adı bir sıra mübahisəli məsələlərdə hallanıb. Hətta bir neçə il öncə AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev (keçmiş hakim) E.Məmmədovun onu "cinayətkar" adlandırdığını bildirərək onun həbsini istəyirdi. Amma həmin iddianı məhkəmə qəbul etməmişdi.

2019-2022-ci illərdə AMEA-nın prezidenti olan, daha öncə 24 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev haqqında da bugünlərdə hakimiyyətə yaxın media orqanlarında cinayət işinin açıldığı bildirilir. Haqqında ev həbsi qərarı çıxarıldığı deyilən R.Mehdiyevin dövlətə xəyanət və başqa ittihamla üzləşdiyi vurğulanır. R.Mehdiyev iddialara münasibət bildirməyib.

Azərbaycanın dövlət borcunun faizlərinə milyonlar gedir

Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi

Bu ilin doqquz ayında dövlət büdcəsi hesabına təkcə xarici borclar üzrə 435.8 milyon ABŞ dolları məbləğində əsas borc, 191.8 milyon dollar isə faiz borcu ödənişləri həyata keçirilib.

Bu barədə Maliyyə Nazirliyinin bu gün, oktyabrın 29-da bu ilin doqquz ayı üzrə dövlət borcuna dair hesabatında bildirilir.

Hesabata görə, bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365.1 milyon manat təşkil edib. Bunun 4 milyard 893.1 milyon dolları xarici dövlət borcunun payına düşür. Sənəddə vurğulanır ki, xarici dövlət borcunun təqribən 50 faizi beş ilə qədər ödənməlidir.

Son üç ayda Azərbaycanın dövlət borcu 300 milyon azalıb. 2025-ci il iyulun 1-də bu rəqəm 25 milyard 695 milyon manat olmuşdu.

Bu il Azərbaycanın dövlət borcu azalsa da, elə rəsmi hesabatlarda onun qarşıdakı üç ildə artacağı proqnozlaşdırılır. Halbuki, bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.

Dünyada şəkər kəskin ucuzlaşır, amma Azərbaycanda...

Qənd
Qənd

Son aylar dünyada şəkərin qiymətində baş verən kəskin ucuzlaşma Azərbaycanda bir qədər ləng gedir.

Hazırda paytaxt Bakıdakı marketlərdə qənd ortalama 2 manat 10 qəpiyə, şəkər tozu isə 1 manat 49 qəpiyə satılır.

Son aylar şəkər tozunun qiymətində, cüzi də olsa, ucuzlaşma var. Avqustda 1 kiloqram şəkər tozu 1 manat 59 qəpik olub. Bu, təqribən 6 faiz ucuzlaşma deməkdir.

Əvəzində dünyada hazırda şəkərin qiyməti son illərin minimum səviyyəsinə -bir funt (0.45 kq) üçün 14.48 sentə (25 qəpik) enib. Şəkərin qiymətinin son bir ayda 12.04, son bir ildə isə 34.22 faiz düşdüyü bildirilir.

Ekspertlərə görə, bu azalma son yeddi ayda davam edən təzyiqlərin növbəti mərhələsidir və əsas səbəblərdən biri Braziliyada şəkər istehsalının artmasıdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə Azərbaycanda da şəkər, qənd istehsalı (21.6 faiz) artıb.

Bəs onda şəkər nədən dünyada Azərbaycanla müqayisədə daha çox ucuzlaşıb?

Səbəblər...

Bütün bunlara Azərbaycanda şəkər istehsalçılarının və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma bəlli olur ki, son bir ildə Azərbaycandan şəkər ixracı artıb. Bu ilin ilk doqquz ayında Azərbaycandan 46.7 milyon dollar həcmində 65 min 213 ton şəkər ixrac edilib. Rəsmi məlumatlara görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 46.8 faiz, miqdar ifadəsi ilə isə 56.8 faiz çoxdur.

Bu ilin ilk doqquz ayının nəticələrinə görə, Azərbaycanın xaricə satdığı şəkərin orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib.

Müstəqil iqtisadçılar deyir ki, Azərbaycanda məhsulların maya dəyəri baha başa gəlir. Üstəlik, onların fikrincə, ölkədə tam rəqabətə cavab verən şərait hökm sürmür, ona görə də dünya bazarında bəzən baş verən müsbət tendensiyalar Azərbaycanda özünü göstərmir.

Müstəqil iqtisadçılar xatırladırlar ki, Azərbaycanın hökumət rəsmiləri, bir qayda olaraq, inflyasiyanı əsasən idxal amili ilə izah edirlər. Onların vurğulamasına görə, şəkərin qiymətində dəyişikliklər rəsmilərin arqumenti ilə ziddiyyət təşkil edir.

'Əhali borcla evinə əşya alır, təhsilhaqqı ödəyir və ya səyahət edir'

Azərbaycanda problemli kreditlərin məbləği artır
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Azərbaycanda istehlak kreditlərinin həcimi son bir ildə artıb. Bu barədə Mərkəzi Bankın bu gün, oktyabrın 28-də açıqlanan bülletenində məlumat yer alır.

Kredit portfeli son bir ayda 2 faiz və ya 571.4 mln. manat artaraq 29 mlrd. 276.3 mln. manat olub. Onların 53.1 faizi biznes, 31.4 faizi istehlak, 15.5 faizi isə ipoteka kreditlərinin payına düşüb. Bir il əvvəl ilə müqayisədə isə kredit portfelində artım daha yüksəkdir. (9.6 faiz)

2025-ci il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.6 faiz və ya 79 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 10 faiz və ya 48.1 milyon manat artıb.

Amma problemli kreditlərin son bir ayda həcmində cüzi də olsa, azalma var. Avqustun sonunda bu rəqəm 530.9 milyon manata çatmışdı.

Xatırlatma

Müstəqil iqtisadçılar kredit portfelində istehlak kreditlərinin artmasına mənfi yanaşırlar. Onların vurğulamasına görə, bu o deməkdir ki, vətəndaş bankdan faizlə götürdüyü pulu müəyyən qədər biznesə yox, məişət avadanlıqlarının alınmasına xərcləyir. Bu, həm də, onların fikrincə, əhalinin güzəranın o qədər də xoş keçmədiyinin göstəricidir: "Yəni borcla evinə əşya alır, təhsilhaqqı ödəyir və ya səyahət edir".

Avropa ravvinlərinin Bakı konfransı təhlükəsizliklə bağlı ləğv edilib

Ravvinlər
Ravvinlər

Avropa Ravvinləri Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan qurultayı təxirə salınıb. Bu haqda "The Jerusalem Post" yazır.

Tədbirin ləğvi təhlükəsizlik səbəbləri ilə izah olunur.

Avropa Ravvinləri Konfransı bildirir ki, tədbir 3-6 noyabr tarixlərində keçirilməli idi. Qurultayda din azadlığı, Avropada antisemitizm və "İbrahim sazişləri" müzakirə olunacaqdı.

"Ynet" yazır ki, qurultaya 600-dək iştirakçının, o cümlədən Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlərin, dini liderlərin, siyasi və ictimai xadimlərin qatılacağı gözlənilirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi, hələlik, bu xəbəri şərh etməyib.

"İbrahim sazişləri" ərəb ölkələrinin İsraillə münasibətlərini normallaşdırmağı nəzərdə tutur. ABŞ rəsmiləri Azərbaycanın da bu sazişə qoşula biləcəyini istisna etməyiblər.

Bu ilin Avropa Ravvinləri Konfransının Sarayevoda planlaşdırılan konfransı yerli ictimaiyyətin kəskin reaksiyasından sonra təxirə salınmışdı. Avropa Komissiyası bu addımı pisləmişdi.

2023-cü ilin oktyabrında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın İsrailə hücumu, 1200 nəfəri öldürməsi, 250 nəfəri girov götürməsindən sonra İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. Artıq iki həftədir ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzzada atəşkəs əldə olunub, HƏMAS sağ qalan girovları, İsrail isə fələstinli məhbusları azad edib.

İsrailin Qəzzada apardığı dağıdıcı müharibə dünyanın müxtəlif yerlərində etirazlara səbəb olub.

Nazir 9-11-ci siniflərə çatdıqda Azərbaycanda qızlara məhdudiyyətdən danışdı

Emin Əmrullayev
Emin Əmrullayev

"Qadınların inkişafı ilə təhsilin inkişafı arasında sıx əlaqə var". AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində həyata keçirilən "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025"in təqdimat mərasimində deyib.

Nazirin sözlərinə görə, 4-cü sinif üzrə statistikalara baxdıqda qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır: "Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır".

Azərbaycanın bir sıra media orqanlarında yer alan araşdırmalara görə, ölkənin bəzi bölgələrində 9-11-ci siniflərdə qızların sayı kəskin azalır. Bu onlara əsasən ailədə yaradılan maneələrlə izah edilir. Üstəlik, son illər Azərbaycanda doğuş statistikasında oğlanların qızlara nisbətən üstünlük təşkil etdiyi bildirilir. Ekspertlər bunu da selektiv abortla izah edirlər.

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00


Yalançı şirkətlər yaratmaqda şübhəli sayılan 10 şəxs həbs edilib

Baş Prokurorluq
Baş Prokurorluq

Cinayət yolu ilə əldə edilmiş 81.5 milyon manatı leqallaşdırmaqda şübhəli sayılan 30 nəfərin tutulduğu bildirilir.

Bu barədə oktyabrın 27-d Baş Prokurorluq məlumat yayıb.

Məlumatda adları çəkilməyən həmin şəxslərin mütəşəkkil dəstə kimi fəaliyyət göstərməsi, 300-dən çox şəxsi aldadılaraq onların adına ən azı 777 hüquqi və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirmələri iddialarından bəhs edilir: " ...Yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81.5 milyon manatdan çox zərər vurulmasına,... habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox Əlavə Dəyər Vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib".

Ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub: "Həmin təqsirləndirilən şəxslərdən 10-u barəsində... məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib".

Rəsmi açıqlamaya həbs edilən və başqa ittihamlarla üzləşən şəxslərin münasibətini öyrənmək mümkün olmayıb. İttihamlar təsdiqlənərsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.

Bir aylıq şirkət 48 minlik tenderi necə qazanıb?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00


Anar Əsədli həbs edilib

Anar Əsədli
Anar Əsədli

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli bu gün, oktyabrın 23-də həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və A.Əsədli məhkəmə zalında həbs edilib.

Növbəti proses 28 noyabra təyin edilib.

Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan ikisinə dəymiş ziyanın ödənmədiyi iddia edilir.

10 oktyabr

Keçmiş partiya sədri hakim önünə çıxarıldı

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Oktyabrın 10-da onun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.

İclasda A.Əsədlinin anket bilgiləri dəqiqləşdirilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb.

A.Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılıb. Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.

Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da var.

A.Əsədlinin ittiham olunduğu CM-in 178.3.2-ci maddəsiylə suçlanan keçmiş partiya sədrinə 5 ildən 10 ilədək həbs cəzası verilə bilər.

2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın başqanı seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.

2023-cü ilin iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə partiyanın başqanı həbsdə olub.

Həcc ziyarəti gələn il də bahalaşacaq

Həcc ziyarəti monopoliyadadır?
Gözlə

No media source currently available

0:00 0:08:13 0:00

2026-cı ildə də Həcc ziyarətində qiymətdə artımı gözlənir.

Yerli saytlar Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadla bildirir ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 min 100 ABŞ dolları müəyyən edilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Üstəlik, sənəd qəbulunun daha tez olacağı vurğulanır.

Bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 950 ABŞ dolları olmuşdu.

Son illər Azərbaycandan Həcc ziyarətinin qiymətində illik 100-150 dollar civarında artım olur.

Amma ümumilikdə son yeddi ildə ziyarətin qiyməti 1 min 500 dollardan çox artıb.

Azərbaycanda Həcc ziyarətini QMİ təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

Bakıdan gələn təyyarə Yerevanda enib

AZAL təyyarəsi (Foto arxiv)
AZAL təyyarəsi (Foto arxiv)

Dünən, oktyabrın 21-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı Yerevana eniş edib.

Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev Facebook hesabında paylaşıb.

"Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi Yerevan hava limanına enib", - o qeyd edib.

Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün Yerevana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.

Bu haqda "Sputnik-Ermənistan" da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys oktyabrın 21-də, təqribən 16:00-da Yerevanda enib.

"Armenpress" agentliyi də yazmışdı ki, Ermənistan və Azərbaycandan vətəndaş cəmiyyəti təmsilçiləri oktyabrın 21-22-də Yerevanda ikitərəfli dəyirmi masa müzakirəsi keçirəcəklər. Agentliyin yazdığına görə, müzakirələr 8 avqust Vaşinqton görüşündən sonra formalaşan sülh gündəliyinə, iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirlərinə həsr olunacaq. Eyni zamanda, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın inkişaf yolları, hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri götür-qoy olunacaq.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin müzakirələrlə həlli vacib sayılır.

Birinci Qarabağ müharibəsinin başlaması ilə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələri dayanmışdı.

İctimai fəal: Bəhruz Səmədov 'kars'a salınıb

Bəhruz Səmədov
Bəhruz Səmədov

Həbsdə olan tədqiqatçı Bəhruz Səmədov saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (karser) salınıb.

Bu barədə oktyabrın 21-də B.Səmədovun nənəsi Zibeydə Osmanova ilə birlikdə görüş üçün müəssisəyə gedən ictimai fəal Əmrah Təhməzov məlumat yayıb.

O vurğulayıb ki, Z.Osmanovaya nəvəsi ilə görüş verilməyib, yalnız Penitensiar Xidmətə və Ombudsman Aparatına zəng etdikdən sonra müəssisə rəisinin müavini onlara izahat vermək üçün qapıya gəlib. B.Səmədovun oktyabrın 25-nə qədər karserə salındığını bildirib.

Ə.Təhməzovun sözlərinə görə, həbsxana rəhbərliyi qərarı "daxili qaydaların pozulması" ilə əsaslandırıb: "Gətirdiyimiz azuqəni içəri keçirdə bildik".

Bu açıqlamanı Penitensiar Xidmət və cəzaçəkmə müəssisəsindən dəqiqləşdirmək mümkün olmayıb.

20 oktyabr

Bəhruz Səmədov saxlanma şəraitindən şikayətçidir

Çexiyanın Karlova Universitetinin dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun 11 saylı Cəzaçəkmə Müəssisəsində qapalı vəziyyətdə saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar.

Yaxınlarının sözlərinə görə, həmin məsələ ilə bağlı B.Səmədov özü nənəsinə məlumat verib. B.Səmədov deyib ki, onun oradan da Umbakıya (Umbakı Penitensiar Kompleksi – red.) göndəriləcəyi gözlənilir.

Müdafiə tərəfinin məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcəyi bildirilir.

Bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, vurğulayırlar ki, cəzaçəkmə müəssisələrində məhbuslarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli sayılıb. O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.

B.Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəalın ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəldiyi deyilir.

AZAL təyyarəsi məcburi eniş edib

AZAL
AZAL

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Sankt-Peterburqdan Bakıya uçan təyyarənin "Pulkovo" hava limanında təcili enişinin ilkin səbəbi uçuş zamanı şassinin bağlanmaması olub.

+++

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq "Pulkovo" hava limanına eniş etməyə qərar verib".

AZAL-ın yaydığı xəbərə görə, təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən öncə yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyyarənin Bakı vaxtı ilə saat 04:43-də "Pulkovo" hava limanına uğurla endiyi, eniş zamanı uçuş-enmə zolağından cüzi kənara çıxdığı bildirilir.

Göyərtədəki 155 sərnişinin operativ təxliyə olunduğu, xəsarət alan olmadığı xəbər verilir.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

Azərbaycanın Qəzzaya qüvvə göndərəcəyi xəbərləri fonunda ABŞ admiralı Bakıya gəlib

Prezident İlham Əliyev ABŞ admiralı Bred Kuperi qəbul edib.
Prezident İlham Əliyev ABŞ admiralı Bred Kuperi qəbul edib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper oktyabrın 18-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Kuperin Bakıya səfəri Azərbaycanın Qəzzada stabilləşdirici qüvvədə yer alacağı xəbərləri fonunda gerçəkləşib.

"Politico" qəzeti bu həftənin ortalarında Azərbaycanın İndoneziya və Pakistanla birgə Qəzzadakı stabilləşdirici qüvvəyə əsas iddiaçı olduğunu yazıb. Lakin qəzetin yazdığını nə Azərbaycan rəsmiləri, nə də ABŞ rəsmiləri indiyə qədər şərh ediblər.

Kuperin Azərbaycana səfəri günü bənzər iddia ilə "Guardian" qəzeti də çıxış edib. Qəzet stabilləşdirici qüvvəyə BMT vasitəsilə xüsusi səlahiyyətlərin veriləcəyini, ona Misirin rəhbərlik edəcəyini yazıb. Üstəlik, bu qüvvədə Türkiyə, İndoneziya və Azərbaycanın təmsil olunacağı bildirilib. Bakıdan bu iddiaya da reaksiya gəlməyib.

Cəmi üç ay əvvəl vəzifəyə təyin olunmuş Kuperin səfəri barədə ABŞ tərəfi bir şey paylaşmayıb. Azərbaycan prezidentinin saytı və Müdafiə Nazirliyinin yaydığı bəyanatda isə Qəzza məsələsinin tərəflər arasında müzakirəsinə dair məlumat yer almayıb. Azərbaycan Müdafiə Nazirliyi tərəflərin hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə etdiklərini deməklə kifayətlənib.

Trampın Qəzza ilə bağlı planına əsasən, stabilləşdirici qüvvə ABŞ ordusunun iştirakı olmadan bölgəyə yerləşdiriləcək, onlar Fələstin polisinə təlim keçib onu dəstəkləyəcəklər. Bununla belə, qəzetə danışan adının çəkilməsini istəməyən ABŞ rəsmisi demişdi ki, Azərbaycanın CENTCOM-un məsuliyyət zonasında olmaması vəziyyəti çətinləşdirir.

CENTCOM-un məsuliyyət zonası Yaxın Şərq, Cənubi Asiya və Mərkəzi Asiyanı əhatə edir. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi isə ABŞ-nin Avropa Komandalığının məsuliyyət zonasıdır. Bakı CENTCOM-un məsuliyyət zonasında olmasa da, onun bu qurumla işləmək təcrübəsi olub. Belə ki, həm Əfqanıstan müharibəsi, həm də 2003-2011-ci illəri əhatə edən İraq müharibəsi CENTCOM-un məsuliyyət zonasında olub. Azərbaycan hər iki ölkədə özünün sülhməramlıları ilə təmsil olunub.

Azərbaycan da oktyabrın 13-də Misirdə ABŞ-nin rəhbərliyi ilə keçirilən Qəzza sammitində iştirak edib. Qəzza sammitində iştirak fonunda isə Bakı bölgənin yenidən bərpası işlərində yer almağa hazır olduğunu bildirib.

Azərbaycan İsraillə Fələstin arasında konfliktin "ikidövlətli həll" planını dəstəklədiyini bildirir. Müsəlmanların dominantlıq təşkil etdiyi ölkə olmasına baxmayaraq, rəsmi Bakının İsraillə yaxşı münasibətləri mövcuddur. Bununla bərabər Azərbaycan Fələstinin müstəqilliyini tanıyan ölkələrdən biridir.

Davamı

XS
SM
MD
LG