AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya
Avropa İttifaqının (Aİ) Azərbaycandakı təmsilçiliyinin rəhbəri Peter Mixalko Rusiyada azərbaycanlıların zorakılığa məruz qalmasından narahatlıq bildirib.
"Rusiyada etnik azərbaycanlıların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən zorakılıq, işgəncə, qeyri-insani rəftara məruz qalmasından, bunun ölüm halları ilə nəticələnməsindən dərindən narahatam. Fikirlərim qurbanların və onların ailələrinin yanındadır”, – P.Mixalko X postunda yazıb.
'Rusiya Azərbaycanı cilovlamağa cəhd edir' - Bakı-Moskva gərginliyi pik həddə
Kreml Bakının reaksiyasından təəssüflənir – '... demarşlar üçün əsas olmamalıdır'
Yekaterinburqda baş verənlərlə bağlı Bakının reaksiyasına münasibət bildirən Kreml bəyan edib ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti demarşlar üçün əsas olmamalıdır.
"Bu qərarların qəbul olunmasından səmimi təəssüf hissi keçiririk. Güman edirik ki, Azərbaycan tərəfinin bu cür demarşlara səbəb kimi gördüyü hadisələrin mahiyyəti və səbəbləri ilə bağlı izahat işlərini davam etdirmək vacibdir. Hesab edirik ki, baş verənlər hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlıdır və belə bir reaksiya üçün səbəb ola bilməz və olmamalıdır", - "Interfaks" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan sitat gətirir.
"Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq", - Peskov vurğulayıb.
Yekaterinburqda saxlananlara qətl ilə bağlı ittiham verilib
E1.ru portalı yazıb ki, 2001-ci ildə Yekaterinburqda Azərbaycandan olan Yunis Paşayev mətbəx bıçağı ilə öldürülüb. Bu işdə "Kaspiy" kafesinin sahibləri Hüseyn və Ziyəddin Səfərovlar əsas şübhəli sayılıblar. Bu informasiyanı RBK-yə hüquq-mühafizə orqanları təsdiqləyiblər.
İyunun 29-da Yekaterinburq məhkəməsi Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib, onlara qətllə bağlı ittiham irəli sürülüb. Məhkəmədən fotolarda saxlananlardan birinin üzündə hematoma görünür.
Əhliman Gəncəyev, Şahin Lalayev, Bəkir Səfərov isə 72 saatlıq saxlanıblar. Onlarla bağlı həbs-qətimkan tədbiri daha sonra seçiləcək.