Keçid linkləri

2025, 08 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

'Həyatını, illərini oğurladığınız adamları kim başa düşsün?'


'AbzasMedia işi'ndə yekun qərar: 'Məqsəd bizi susdurmaqdır'
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

'AbzasMedia işi'ndə yekun qərar: 'Məqsəd bizi susdurmaqdır'

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan yeddi jurnalist, o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə onlar haqqında çıxarılmış hökmdən apellyasiya şikayəti versə də, ədalətli nəticə gözləmirlər. Bunu sentyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən jurnalistlər özləri deyib.

F.Mehralızadə ilə yanaşı, "AbzasMedia"nın təsisçisi və icraçı direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Abbasovanın (Vaqifqızı), koordinatoru Məhəmməd Kekalovla jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın, "Turan" informasiya agentliyinin şöbə müdiri Hafiz Babalının apellyasiya şikayətinə Zəfər Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Sentyabrın 5-dəki məhkəmədə prokuror İlkin Yusifov iddia edib ki, jurnalistlərə verilmiş valyuta qaçaqmalçılığı, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması və s. ittihamlar sübuta yetirilib, yetərincə dəlillər ortaya qoyulub. Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətli araşdırma aparıldığını söyləyən prokurorun sözlərinə görə, sübutlardan biri də təqsirləndirilən M.Kekalovun istintaqdakı ifadəsidir. O, məhkəmədə həmin ifadəsindən imtina etdiyini bildirsə də, prokuror həmin ifadənin başqa dəlillərlə təsdiqləndiyini iddia edir.

"Həbs olunandan eşitdiyimiz söz budur ki, "bizi başa düşün""

Təqsirləndirilən şəxslər prokurorun yalan danışdığını bildiriblər. Onlar vurğulayıblar ki, vəkillərin qaldırdığı, iş üçün önəmli onlarla vəsatətin heç biri təmin olunmayıbsa, hansı ədalətli araşdırmadan danışmaq olar?

S.Vaqifqızı
S.Vaqifqızı

"AbzasMedia"nın baş redaktoru S.Vaqifqızı Bakı Ağır Cinayətlər Məhkəməsində "açar" şahidlərin heç birinin çağrılıb dindirilmədiyinə diqqət çəkir: "Hansı üzlə demək olar ki, ədalətli məhkəmə araşdırması aparılıb? Bizim onsuz da sizlərdən heç bir gözləntimiz yoxdur. Həbs olunandan eşitdiyimiz söz budur ki, "bizi başa düşün". İnsanların taleyi ilə oynayın, bunun qarşılığında pullar qazanın, biz də sizi başa düşək? Həyatını, illərini oğurladığınız adamları kim başa düşsün?".

Təqsirləndirilən jurnalist N.Absalamova da prokurorun çıxışından təəccüblənmədiyini bildirib, üstəlik, apellyasiya məhkəməsindən də ədalətli qərar gözləmədiyini vurğulayıb. Onun sözlərinə görə, arzusu nə vaxtsa Azərbaycan məhkəmələrində də özünə və qanunlara sayqı göstərən hakimlərin yer almasıdır: "Hazırda isə bu məhkəmə oyundan başqa bir şey deyil. Siz də verilən sifarişlərin icraçılarısınız...".

N.Absalamova əlavə edib ki, içində cəmi 13 qəpik pul olan bank kartını belə bloklayıblar: "Görünür, mənim 13 qəpiyimə qalıblar...".

Fərid Mehralızadə
Fərid Mehralızadə

AzadlıqRadiosunun jurnalisti F.Mehralızadə prokurorun çıxışına münasibət bildirərkən, özəlliklə Kekalovun istintaqdakı ifadəsinin sübut kimi qiymətləndirilməsinə toxunub: "Necə olur, Məhəmmədin digər altı nəfərlə bağlı dediklərini doğru qəbul edirsiniz, mənimlə bağlı hissəsini qəbul etmirsiniz? Məhkəməyə çağırdığınız şahidlərin yarısı məni tanımadı, bir hissəsi də iqtisadçı kimi mediadan tanıdığını bildirdi. Yazmısınız ki, mənim ofisimlə "Abzas"ın ofisi iç-içə olub. Vəkilimlə tələb etdik ki, anten məlumatları çıxarılsın, bu məsələ sübut olunsun. Mən "Abzas"ın ofisinin harada olduğunu bilmirəm, heç vaxt orada olmamışam. Bu vəsatətimiz təmin edilmədi. Hansı ədalətli məhkəmə araşdırmasından danışırsınız?".

Jurnalist H.Babalı da heç bir sübut-dəlil olmadan qaçaqmalçılıqda suçlanmasını "absurd" adlandırıb. Onun sözlərinə görə, ittiham irəli sürülür, amma heç bir fakt ortaya qoyulmur.

Vəkillər Günay İsmayılova, Zibeydə Sadıqova, Rəsul Cəfərov və digər müdafiəçilər də prokurorun çıxışının tam əsassız olduğunu vurğulayaraq müvəkkillərinə bəraət verilməsini istəyiblər.

Məhkəmə prosesi zamanı qalmaqal yaşanıb. Təqsirləndirilən jurnalistlər zala təxribatçının buraxıldığını bildirərək, onun çıxarılmasını tələb ediblər. Lakin hakim razılıq verməyib, həmin şəxsin çıxarılmayacağını deyib.

Jurnalistlər həmçinin apellyasiya məhkəməsindən ədalətli qərar gözləmədiklərini, hər dəfə istintaq təcridxanasından məhkəməyə gedib-gəlmək istəmədiklərini söyləyiblər. Onlar yekun qərarın elan olunmasını istəsələr də, hakim prosesi sentyabrın 9-na saxlayıb.

Ülvi Həsənlinin saxlanması: 'AbzasMedia' korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ü.Həsənli, S.Vaqifqızı, F.Mehralızadə və H.Babalının hər biri 9 il, N.Absalamova və E.Qasımova 8 il, M.Kekalovsa 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər.

Jurnalistlər özlərini təqsirli saymır, Əliyevlər ailəsi də daxil, hakimiyyətdə təmsil olunan yüksəkvəzifəli şəxslərin korrupsiyasını araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.

Son iki ilə yaxın müddətdə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-ə yaxın siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG