Keçid linkləri

2025, 13 Sentyabr, şənbə, Bakı vaxtı 05:16

Dünya xəbərləri

Abbas Lisani həbsxanaya qaytarılıb

Abbas Lisani
Abbas Lisani

İranda Azərbaycan türklərinin fəallarından sayılan Abbas Lisaninin səhhətində problemlərə baxmayaraq bu yaxınlarda (avqustun 27-də) həbsxanaya qaytarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna İranda yaşayan fəallar məlumat verib. Onların sözlərinə görə, bu qərarı A.Lisaninin 6 aylıq tibbi məzuniyyəti bitməmiş Ərdəbil İnqilab Məhkəməsinin prokuroru verib: "Abbas Lisani 2019-cu ildən həbsdədir. O, tibbi məzuniyyətdə olduğu müddətdə üç dəfə belindən əməliyyat olunub. Həkim əməliyyatdan sonra evdə ona iki həftə mütləq istirahət etməyi və bel ağrıları üçün məşq etməyi tövsiyə edib. Lakin o, yenidən həbsə qaytarılıb".

Bu açıqlamaya İranin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Abbas Lisani 2019-cu ildə "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq" ittihamı ilə 8 il həbs və 2 il sürgünə məhkum edilib.

Daha sonra Apellyasiya Məhkəməsi Lisaninin cəza müddətini 15 ilə qaldırıb.

O, ittihamı qəbul etmir.

Bütün xəbərləri izləyin

Nepalda etirazlar: Ölkəni böhrandan qadın baş nazir çıxarmalıdır

Nepal prezidenti Ram Çandra Paudel yeni təyin olunmuş baş nazir Suşila Karkiyə and içdirir.
Nepal prezidenti Ram Çandra Paudel yeni təyin olunmuş baş nazir Suşila Karkiyə and içdirir.

Ali Məhkəmənin keçmiş sədri Suşila Karki Nepalın yeni baş naziri olub. O, ilk qadın hökumət başçısıdır. Karki bu vəzifəyə prezident, hərbçilər və "Z nəsli" etiraz hərəkatı nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrdən sonra təyin edilib. Bu həftə görünməmiş kütləvi etirazlar keçmiş baş nazirin və onun kabinetinin istefasına səbəb olub. Son məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 51 nəfər ölüb, mindən çox insan yaralanıb.

Etirazçılar korrupsiyaya qarşı mübarizədə ad çıxarmış Karkini baş nazirliyə əsas namizəd seçiblər. O, müvəqqəti baş nazir statusu alıb və 2026-cı ilin martına təyin olunan yeni seçkilərə qədər Nazirlər Kabinetinin başında qalacaq.

Küçə təzyiqinə boyun əyən prezident etirazçıların irimiqyaslı korrupsiyada günahlandırdığı partiyaların üstünlük təşkil etdiyi parlamenti buraxıb.

Etirazlara bilavasitə səbəb hökumətin ölkədəki əksər sosial şəbəkə və messencerlərə qadağa qoyması olub. Qanlı toqquşmalardan sonra qadağa götürülüb, lakin etirazlar davam edib - bu dəfə korrupsiya əleyhinə şüarlar altında. Etirazçılar hökumət binalarına girərək onları yandırıblar, bir neçə nazir döyülüb, bəziləri isə ölkədən qaçıb. Baş nazir Şarma Oli istefa verib.

Xəbər agentliklərinin məlumatına görə, Nepal tədricən normal həyata qayıdır, Katmanduda mağazalar açılıb, küçələrdə barrikadalar sökülür.


Britaniyanın Rusiyaya sanksiyaları siyahısında azərbaycanlı da var

Sanksiyalar
Sanksiyalar

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək ora daha 27 müəssisə və üç şəxsi əlavə edib. Onların sırasında Türkiyənin "Mastel Makina" şirkəti ilə əlaqəli Azərbaycan vətəndaşı Şanlıq Şükürov da var.

Sanksiyalar Rusiya ilə əməkdaşlıq edən Çin, Hindistan, Türkiyə və Tailand şirkətlərini də əhatələyib.

Sanksiyalar Moskvanın Ukraynada apardığı təcavüzkar müharibəyə cavab olaraq tətbiq edilib. Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağaları daxildir.

2 sentyabr

Biznesmen İlham Rəhimov Avstraliyanın sanksiya siyahısında

Böyük Britaniya və Avstraliya sentyabrın 2-də Rusiyaya qarşı sanksiya siyahılarını genişləndiriblər.

Böyük Britaniyanın sanksiya siyahısına Çeçenistan rəhbərinin anası Aymani Kadırova, Əhməd Kadırov Fondu salınıb. Siyahıda həmçinin hökumətyönlü gənclər təşkilatları olan "Birincilər Hərəkatı", "Qələbə Könüllüləri", Tatarıstanın baş nazir müavini Leyla Fazliyeva, Çeçenistan Daxili İşlər Nazirliyinin Kadırov adına Xüsusi Təyinatlı Polis Alayının komandiri Zamid Çalaev, daha bir neçə məmur da yer alıb. Onlar Ukrayna uşaqlarını qaçırmaqda və onlara Rusiyada rəsmi ideologiya aşılamaqda günahlandırılırlar.

Avstraliyanın xarici işlər naziri Penni Vonq isə sentyabrın 2-də 14 rusiyalıya qarşı sanksiyalar elan edib. Avstraliya onların Ukraynada müharibənin davam etməsinə dəstək verdiyini, siyasi müxalifətin sıxışdırılmasında əli olduğunu bildirir.

Siyahıya Vladimir Putinə yaxın azərbaycanlı biznesmen İlham Rəhimov, Ural Dağ-Metallurgiya şirkətinin həmtəsisçisi Andrey Koziçin, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, Moskva merinin müavini Maksim Liksutov, media meneceri Kristina Potupçik salınıb. Siyahıda olan şəxslərin maliyyə sanksiyaları və səyahət qadağalarına məruz qalacağı bildirilir.

İ.Rəhimova 2023-cü ildə Kanada da sanksiya tətbiq edib, onun Rusiyanın Ukraynada apardığı müharibəni maliyyələşdirən sektorlara töhfə verdiyi bildirilib.

Rüşvət almayan süni intellekt Albaniyada nazir oldu

Diella
Diella

Albaniya yüksək dövlət vəzifəsinə süni intellekti təyin edən ilk ölkə olub. Bu barədə "Politico" nəşri məlumat verir.

"Diella" adlı bot dövlət satınalmalarına cavabdeh təyin edilib.

Baş nazir Edi Rama Diellanı "hökumətin fiziki mövcud olmayan, lakin süni intellekt alqoritmləri əsasında fəaliyyət göstərən ilk üzvü" kimi təqdim edib. AI-botun əsas vəzifəsi dövlət kontraktlarının paylanması üçün tamamilə şəffaf və "100 faiz korrupsiyasız" sistem yaratmaqdır.

Amma hamı buna əmin deyil. Bir Facebook istifadəçisi yazır: "Hətta Diella da Albaniyada korrupsiyaya uğrayacaq". Digəri əlavə edir: "Oğurluq davam edəcək və bunda Diellanı günahlandıracaqlar".

Alban dilində "günəş" mənasını verən Diella artıq e-Albania milli rəqəmsal platformasına inteqrasiya olunub, onun vasitəsilə vətəndaşlar dövlət xidmətlərinə çıxış əldə edirlər. O, ənənəvi alban geyimindədir və insanlara səsli əmrlər vasitəsilə kömək edir. Diella həmçinin sənədləri elektron möhürlərlə verir ki, bu da bürokratik gecikmələri azaltmağa kömək edir.

Albaniya uzun illərdir dövlət satınalmalarında korrupsiya ilə üzləşir, Avropa İttifaqı bunu qanunun aliliyinə dair hesabatlarında müntəzəm olaraq vurğulayır. 2025-ci ilin mayında dördüncü müddətə yenidən seçilən E.Rama ölkəni 2030-cu ilə qədər Aİ-yə daxil edəcəyinə söz verib.

Ukrayna Rusiyanın hərbi gəmisini vurduğunu deyir

MPSV07 layihəli Rusiya gəmisi
MPSV07 layihəli Rusiya gəmisi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) bildirir ki, xüsusi təyinatlı qüvvələri Krasnodar diyarının Novorossiysk sahillərində Rusiyanın Qara Dəniz Donanmasına məxsus bir gəmini vurub.

QUR-un məlumatına görə, 2015-ci ildə istismara verilmiş gəmi çoxfunksiyalı MPSV07 layihəsinə aiddir. O, dalğıc avadanlıqları, məsafədən idarə olunan qurğular, yan baxış üçün hidrolokator, eləcə də radioelektron kəşfiyyat vasitələri ilə təchiz olunub, dəniz dibinin araşdırılması üçün istifadə edilə bilər.

Kəşfiyyat gəminin dəyərini təxminən 60 milyon dollar olaraq qiymətləndirir. Rusiyanın dörd belə gəmisinin olduğu bildirilir.

"The Insider" nəşri çox güman ki, "Spasatel Demidov" gəmisinin vurulduğunu yazır.

QUR bildirir ki, hücum anında gəmi radioelektron kəşfiyyat aparır, Novorossiysk limanı yaxınlığında patrul xidməti həyata keçirirdi.

Zərbə dronla endirilib. Nəticədə radioelektron kəşfiyyat avadanlıqlarının məhv edildiyi və gəminin sıradan çıxaraq bahalı təmirə ehtiyac duyduğu bildirilir.

Gəminin vurulması ilə bağlı məlumatı, hələlik, müstəqil mənbələr təsdiqləməyib.

Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin təmsilçisi Dmitro Pletençuk demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Krıma ardıcıl zərbələrindən sonra Rusiyanın döyüş qabiliyyətli hərbi gəmiləri qalmayıb.

Peyk görüntüləri Rusiya Qara Dəniz Donanmasının salamat qalan döyüş birləşmələrinin məhz Novorossiysk limanında cəmləşdiyini göstərir.

Ermənistanda hərbi xidmət müddətini 6 ay azaltmaq təklif edilir

Yeni çağırışçılar
Yeni çağırışçılar

Ermənistan Müdafiə Nazirliyi məcburi hərbi xidmətin müddətini 6 ay azaldaraq 18 aya salmağı təklif edir. Qurum qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

Yeni qaydanın 2026-cı ilin yay çağırışından tətbiq olunacağı bildirilir.

"Qanun layihəsinin qəbulu məcburi hərbi xidmətin təşkili ilə bağlı xərclərin 2028-ci ildən azalmasını təmin edəcək. Çünki 2026-cı ilin yay çağırışında 18 aylıq xidmət müddəti iyulun 1-dən başlayacaq və 2027-ci ilin 31 dekabrında başa çatacaq", – əsaslandırmada vurğulanır.

'Habertürk' və 'Show TV' dövlət qəyyumunun nəzarətinə keçdi

Habertürk
Habertürk

Türkiyədə "Habertürk" və "Show TV" daxil 121 şirkət dövlətin nəzarətinə götürüldü.

Türkiyədə "Can Holding"ə qarşı cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və pul yumaq ittihamları ilə əməliyyat başladılıb. Holdinqə bağlı 121 şirkətin əmlak və aktivlərinə həbs qoyulub. İdarəçilərdən Mehmet Şakir Can, Kemal Can Kenan Tekdağ daxil olmaqla ittihamlar üzrə 10 şübhəli şəxs barədə saxlama qərarı verilib.

Əmlak və aktivlərinə həbs qoyulan şirkətlər arasında "Show TV", "Habertürk", İstanbul Bilgi Universiteti, "Ciner Media", Doğa Məktəbləri İdarəçiliyi, "Turkish Tobacco" Tütün Məhsulları Satışı Anonim Şirkəti də var. Bu şirkətlərə qəyyum təyin edilib.

İstintaqı Küçükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu aparır. "Can Holding"ə bağlı şirkətlər vasitəsilə cinayət törətmək məqsədilə təşkilat qurulduğu, onun vasitəsilə ixtisaslaşmış dələduzluq, vergi qaçaqmalçılığı və mənbəyi bəlli olmayan gəlirlərin şirkət hesablarına daxil edilməsi və s. çoxşaxəli fəaliyyətlərin aparıldığı iddia olunur.

Maliyyə Cinayətləri Araşdırma Komitəsinin (MASAK) apardığı yoxlamalar əsasında başlanan istintaqda isə "Can Holding"ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan böyük məbləğdə pul daxilolmalarının edildiyi, bu pulların müxtəlif şirkətlər arasında ötürülərək izlərinin gizlədilməyə çalışıldığı vurğulanır. İttihama görə, holdinq altında yaradılan məqsədyönlü cinayət təşkilatı Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib.

Adları çəkilən şəxslərin ittihamlara münasibəti açıqlanmayıb.

'Oracle' şirkətinin qurucusu Larri Ellison dünyanın ən varlı adamı oldu

Larri Ellison
Larri Ellison

"Oracle" şirkətinin qurucusu Larri Ellison ilk dəfə "dünyanın ən varlı adamı" statusuna yiyələnib. Bu barədə "Bloomberg" məlumat yayıb. O, İlon Maskı geridə qoyub. Mask bir il idi bu siyahıya liderlik edirdi.

Sentyabrın 10-da 81 yaşlı Ellisonun sərvəti bir günün içində 101 milyard dollar artaraq 393 milyard dollara çatıb. Bu, "Oracle Corp."un rüblük hesabatının dərcindən sonra baş verib. Hesabat gözləntiləri üstələyib, şirkətin gələcəkdə daha da böyüyəcəyini göstərib.

Bu, həm də "Bloomberg" Milyarderlər İndeksinin tarixində bir gündə qeydə alınmış ən böyük sərvət artımıdır.

Ellison hazırda "Oracle" şirkətinin səhmlərinin 41 faizinin sahibdir, idarə heyətinin sədri, həmçinin texniki direktor vəzifələrini icra edir.

İ.Maskın sərvəti isə hazırda 385 milyard dollar təşkil edir.

'Coca-Cola' 'Koka-kola kompani'ni Rusiyada məhkəməyə verib

"Coca Cola"
"Coca Cola"

ABŞ-nin "The Coca-Cola Company" şirkəti tanınmamış Cənubi Osetiya Respublikasında qeydiyyatdan keçmiş "Koka-kola kompani"ni məhkəməyə verib. Məlumatı RBK yayıb.

Moskva Arbitraj Məhkəməsi sentyabrın 8-də iddianı qeydə alıb. Tələblərin mahiyyəti açıqlanmır. "Kommersant" "Rospatent"ə istinadla yazır ki, "The Coca-Cola Company" "Coke" və "Coca-Cola" ticarət nişanlarının sahibidir, bu müstəsna hüquq 2032-ci iləcən uzadılıb.

2025-ci ilin martından Novosibirskdə yerləşən "PKV" şirkəti Cənubi Osetiyanın "Koka-kola kompani" şirkəti ilə razılaşma çərçivəsində "Coca-Cola" brendi ilə içki buraxmağa başlayıb. "PKV" ucuz "Loca" limonadları da istehsal edir.

"KİAP" vəkil bürosundan Eldar Quliyev "Kommersant"a deyib ki, Rusiya Federasiyasında "Coca-Cola" ticarət nişanı qüvvədədir və şirkətdən icazəsiz ondan istifadə pozuntu sayılır. Şirkət Rusiya bazarından gedib.

"The Coca-Cola Company" 2022-ci ilin martında, Rusiya Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayandan sonra Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. İyunda onun Rusiyadakı distributoru (Coca-Cola HBC) "Coca-Cola", "Fanta", "Sprite", "BonAqua", "Fuzetea", "Schweppes" kimi içki brendlərinin istehsalı və satışının dayandırıldığını bildirib. Sonradan distribütorun adı dəyişdirilərək "Multon Partners" qoyulub, yerli brendlərin istehsalına fokuslanıb.

Rusiyada müxalifətçi iki ayda üçüncü dəfə karserə salınıb

Mixail Kriqer
Mixail Kriqer

Rusiyada müxalif fəal Mixail Kriqer iki ay ərzində üçüncü dəfə cərimə kamerasına (karser) salınıb.

Bu barədə "Svobodu Kriqeru!" Teleqram kanalı məlumat verib. Kriqerin karserə 15 günlüyə salındığı açıqlanıb. Cəzanın səbəbi bəlli deyil.

Tərəfdarları deyirlər ki, o və Orlov vilayətindəki 5 saylı Cəzaçəkmə Müəssisəsindəki digər məhbuslar məktublara cavab verə bilmirlər. Onlara məktub üçün blanklar hələ də verilməyib. Blankların pulu isə artıq ödənilib.

Rusiya məhkəməsi Kriqeri terrorçuluğun legitimləşdirilməsi və nifrət oyatmaq maddələri üzrə təqsirli bilib. O, 2023-cü ilin payızında 7 il həbsə məhkum edilib. Ona internetdə Vladimir Putinin edamına çağırması, Arxangelskdə özünü FSB binasına çırparaq partladan tələbə Mixail Jlobitskinin hərəkətinə haqq qazandırması ilə əlaqədar ittihamlar verilib.

Kriqerin dörd il müddətinə sayt idarə etməsi də yasaqlanıb.

O, özünü təqsirli bilməyib, deyib ki, məhkəmə onu müharibəyə qarşı çıxdığına, indi isə Ukraynanı açıq müdafiə etdiyinə görə mühakimə edir. Kriqer 2022-ci ilin noyabrında həbs olunub.

Əvvəllər o, müxtəlif etiraz aksiyalarında, o cümlədən müharibəyə qarşı aksiyalarda saxlanılıb. Həmin ilin iyulunda avtomobilinə yapışdırdığı "Navalnı mənim prezidentimdir" və "Mən Putinə qarşıyam. Navalnının tərəfdarıyam" yazılmış stikerlərə görə 10 günlüyə həbs olunmuşdu.

Fevralda M.Kriqerin 65 yaşı tamam olub.

Tramp Aİ-yə təklif edib ki, Çinə 100 faizlik tarif qoysun

Çindən yük konteynerləri
Çindən yük konteynerləri

ABŞ mediasının məlumatına görə, prezident Donald Tramp Avropa ölkələrinə təklif edib ki, Çin və Hindistandan idxal olunan mallara gömrük rüsumlarını qaldırsınlar. Məqsədin Pekin və Yeni Dehlini Rusiya enerji resurslarının alışını azaltmağa və ya tamamilə dayandırmağa inandırmaq olduğu bildirilir. Prezident Tramp ABŞ-nin də oxşar rüsumları tətbiq edəcəyini deyib.

Məlumatda deyilir ki, D.Tramp təklifi hazırda Vaşinqtonda Tramp administrasiyası ilə sanksiyaları müzakirə edən Avropa İttifaqı nümayəndə heyəti ilə telefon danışığı zamanı səsləndirib. Prezident Tramp iki ölkədən gələn mallara 100 faiz idxal rüsumunun tətbiqi ehtimalından danışıb. "The Financial Times" qəzeti Ağ evdəki mənbəyə istinadla yazdığına görə, prezidentin mövqeyincə, "aydın yanaşma budur ki, çinlilər neft alışını dayandırana qədər təsirli rüsumlar tətbiq edilsin və qüvvədə saxlansın".

Tramp Aİ-yə açıq çağırışlar etməyib. Amma ABŞ administrasiyası Rusiya Ukraynada sülhə razılaşmazsa, ondan enerji resursları alan ölkələrə gömrük rüsumlarının tətbiq oluna biləcəyini dəfələrlə bəyan edib.

Ukrayna baş naziri Yuliya Sviridenko da ABŞ və Avropa nümayəndələrinin görüşündə iştirak edib. O, iştirakçıları Rusiyanı müharibəni aparmağa imkan verən resurslardan məhrum etməkdən ötrü qətiyyətli addımlar atmağa çağırıb.

Avqustun sonunda prezident Tramp Hindistana gömrük rüsumlarını yarıbayarı artıraraq 50 faizə çatdırıb. Çünki Nyu Dehli Rusiya neftinin alışını azaltmaqdan imtina etməyib. Çin mallarının çoxuna isə hələ də 30 faiz rüsum tətbiq olunur. D.Tramp daha öncə Çin mallarına idxal rüsumlarının 145 faizə qaldırılması planını təxirə salıb və Çinlə ticarət danışıqlarını uzadıb.

Əmək miqrantlarına ailələrini Rusiyaya gətirmək qadağan oluna bilər

Rusiyada miqrantlar üçün qaydalar sərtləşdi
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

"Ədalətli Rusiya-Həqiqət naminə" fraksiyasının deputatları Dövlət Dumasına əmək miqrantlarının öz ailə üzvlərini Rusiyaya gətirməsinə qadağa qoyan qanun layihəsi təqdim ediblər.

Qanun layihəsinin müəllifləri təkliflərini onunla əsaslandırırlar ki, əmək miqrantlarının ailələrinin Rusiyada qalması "dövlətin sosial infrastrukturuna, o cümlədən təhsil müəssisələri və səhiyyə sisteminə əhəmiyyətli yükə gətirib çıxarır". Onların iddiasına görə, qadağa tətbiq olunarsa, miqrasiya axını 15-20 faiz azalacaq. Belarusdan olan miqrantlar və "yüksəkixtisaslı xarici mütəxəssislər" üçün istisna təklif edilir.

Qanun layihəsi Rusiya Dövlət Dumasının qanunvericilik bazasında dərc olunub.

Makron Fransanın yeni baş nazirini seçdi

Emmanuel Makron və Sebastyen Lekornyu
Emmanuel Makron və Sebastyen Lekornyu

Fransa prezidenti Emmanuel Makron müdafiə naziri Sebastyen Lekornyunu ölkənin yeni baş naziri təyin edib. 39 yaşlı Lekornyu Makronun yaxın müttəfiqi sayılır və təcrübəli, diplomatik siyasətçi kimi tanınır.

8 sentyabr

Fransa bir ildə ikinci dəfə hökumətsiz qalıb

Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Fransua Bayru hökumətinə etimadsızlıq votumu elan edib. İndi baş nazir istefa verməlidir.

364 deputat kabinetə etimadsızlığa səs verib, yalnız 194 deputat Bayrunu dəstəkləyib.

74-yaşlı mərkəzçi Bayru cəmi doqquz ay əvvəl baş nazir olub. O vaxt o, parlamentin dəstəyini almışdı. Lakin bu dəfə həm solçu, həm də sağçı müxalifət kabinetin istefasını tələb edib. Prezident Emmanuel Makronun tərəfdarları parlamentdə çoxluqda deyillər və onun baş nazirliyə parlamentdə dəstək tapacaq namizədi təqdim edə bilib-bilməyəcəyi bəlli deyil.

Şərhçilər deyirlər ki, dövlət maliyyəsinin vəziyyəti Bayru hökumətinin süqutunun əsas səbəbidir. Bayru qənaət tədbirləri ilə büdcə kəsirinin azaldılmasını nəzərdə tutan büdcəni parlamentdən keçirməyə çalışdı. Lakin bunu nə sağçı, nə də solçu populistlər dəstəklədi.

Sosialistlər Makron baş nazir postunu onlara həvalə edərsə, hökumətin rəhbərliyini öz üzərilərinə götürməyə hazır olduqlarını bildiriblər. Birləşmiş solçular son seçkilərdə ifrat sağçı Milli Birliyi qabaqlayaraq qalib gəliblər. Bununla belə, Makron artıq iki dəfə solçuların nümayəndələrinə kabinet qurmağı etibar etməyib.

Milli Birlik və ifrat solçu "Əyilməz Fransa" parlamentin buraxılmasını və yeni seçkilərin təyin olunmasını tələb edir. Şərhçilər Makronun sonda bu addımı atacağını istisna etmirlər. Halbuki əvvəlki seçkilər cəmi bir il əvvəl, həm də vaxtından əvvəl keçirilib.

Yelisey Sarayından bildiriblər ki, Makron "yaxın günlərdə" yeni baş nazir təyin edəcək, o da hökuməti formalaşdırmaq üçün parlamentin dəstəyini almalı olacaq.

Zelenski Rusiyanın Donetskə 'qəddar' zərbəsindən 24 nəfərin öldüyünü deyir

Yarova kəndi
Yarova kəndi

Rusiyanın Ukraynanın şərqində bir kəndə "qəddar" hücumu 24 dinc sakinin həyatına son qoyub. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib və beynəlxalq ictimaiyyəti hücuma "uyğun reaksiya" verməyə çağırıb.

Zelenski deyib ki, sentyabrın 9-da Donetsk vilayətinin Yarova kəndinə zərbə birbaşa insanları, sadə vətəndaşları hədəfə alıb.

Bu xəbərdən bir neçə saat öncə isə Moskva bildirib ki, Ukrayna qüvvələri Donetskin Rusiya nəzarətində olan ərazilərinə dron və raket hücumu edib. Həmin hücumlarda iki nəfər həlak olub.

"İlkin məlumata görə, ölənlərin sayı 20-dən çoxdur. Söz tapmaq olmur...", – Zelenski sosial şəbəkə paylaşımında yazıb.

Sentyabrın 9-da Londonda Ukrayna üzrə Əlaqələndirmə Qrupunun toplantısı keçirilir. Həmin qrupa 50-dən çox ölkə, NATO üzvləri və NATO-ya üzv olmayan bəzi tərəfdaşları daxildir.

Ukrayna Donetskin işğal altında olan hissəsini vurub

Ukrayna qüvvələri şərqi Donetsk vilayətinin işğal altında olan hissələrinə dron və raket zərbələri endirib. İki nəfər ölüb, 16 nəfər yaralanıb. Bunu vilayətə Rusiyanın başçı təyin etdiyi Denis Puşilin deyib. Onun sözlərinə görə, Ukrayna Donetsk və Makyevka şəhərlərində hədəfləri vurub.

İki zərbəyə azı 20 dronun cəlb olunduğu bildirilir.

Ukrayna rəsmiləri hücumları şərh etməyib.

Donetskin 75 faizi Rusiya qüvvələrinin nəzarəti altındadır, qalan hissəsini də ələ keçirməyə çalışırlar

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 8-də axşam videomüraciətində deyib ki, Rusiya qüvvələri Ukraynanın enerji sektoruna hücumları gücləndirir.

"Əlbəttə, buna cavab verir və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir", – o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp həftəsonu deyib ki, Rusiyaya sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdır.

Sentyabrın 8-də isə Aİ-nin sanksiyalar üzrə baş rəsmisi bir qrup ekspertlə Vaşinqtona gedib. Onlar Rusiyaya qarşı blokun və Vaşinqtonun ilk addımlarını müzakirə edəcəklər.

Yerevanda ABŞ ilə 'Tramp yolu' danışıqları olmalıdır

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Yaxın vaxtlarda Ermənistan ABŞ ilə danışıqlar, o cümlədən "Tramp yolu" (TRIPP) ilə bağlı müzakirə aparacaq. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib. Onun sözlərinə görə, amerikalı tərəfdaşların Yerevana səfəri və keçirilən müzakirələr haqda məlumat uyğun vaxtda veriləcək.

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni də paraflanıb. İmzalanan bəyannamədə isə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

"Tramp yolu"nun detalları indilik qeyri-müəyyən olaraq qalır. ABŞ prezidenti bu layihədə Amerikanın 99 il ərzində iştirakından danışmışdı. Amma Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri sonradan 99 illik icarə üzrə razılaşmanın mövcud olmadığını bildiriblər. Paşinyan sonuncu brifinqində deyib ki, Vaşinqtonda əldə olunmuş razılaşmaların müzakirələrinə sentyabrda ABŞ və Azərbaycan ilə başlanacaq.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.

'Sistema' Solovyovun prodüserinin çınqıl biznesini üzə çıxarıb

Marqarita Jitnitskaya
Marqarita Jitnitskaya

Marqarita Jitnitskaya Marqo Krjişevskaya kimi tanınır. O, rusiyalı aparıcı Vladimir Solovyovun şoularının prodüseridir, ona maaş da ödəyir. "Sistema" araşdırma layihəsi üzə çıxarıb ki, 2024-cü ilin noyabrından o həm də Rusiyanın şimalında, Kareliyada yerləşən çınqıl istehsalı holdinqinin sahibidir.

Holdinq bir neçə hüquqi şəxsdən ibarətdir, əsas şirkətisə Kareliyanın ən iri beş şirkətindən biridir. Holdinq çınqıldan əlavə, öz yatağında qranit da çıxarır. 2024-cü ildə dövriyyəsi 1,5 milyard rubl (təxminən 16,5 milyon dollar) olub, əsas müştərilərindən biri Rusiya Dəmir Yollarıdır (RJD).

Əvvəlki və indiki sahibləri

Holdinq "Qazprom"un keçmiş baş meneceri Andrey Dmitriyevə bağlı olub. 2023-cü ildə “Qazprombank” bu biznesi 500 milyon rubla (təxminən 6 milyon dollar) alıb. Təxminən həmin dövrdə vergi orqanları holdinqin əvvəlki rəhbərlik dövründə necə işlədiyini yoxlamağa başlayıb və 118 milyon rubl (təxminən 1,3 milyon dollar) vergi və cərimə hesablayıblar.

İndiki sahiblərə gəlincə, 2024-cü ilin noyabrında Kareliya holdinqi "RNM Qrup" adlı şirkətə elə 500 milyon rubl qiymətinə satılıb. Bu məbləği "RNM Qrup" kredit şəklində alıb, çox güman ki, elə Qazprombankdan, çünki holdinqin səhmləri 99,9 faizi banka girov qoyulub.

Solovyova nə dəxli var? "RNM Qrup"un 24% faizi Marqarita Jitnitskayaya məxsusdur. O, həm də şou-biznes və təbliğatdan milyardlar qazanan M-Production şirkətinin sahibidir. M-Production teleaparıcı Vladimir Solovyovun bütün layihələrinin prodüseridir və ona maaş ödəyir.

Jitnitskayanın "RNM Qrup"dakı ortağı iş adamı Vardan Axnazarovdur. Onların birlikdə başqa layihələri də olub. Bundan əlavə, Axnazarovun Rusiya ordusuna iaşə xidməti göstərən "RBE" qrupu ilə də ortaq biznesi var.

Davamı

XS
SM
MD
LG