Tramp: Putin Zelenski ilə görüşə razılıq verib
19 avqust
Rusiya prezidenti Vladimir Putin avqustun 18-i gecə telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə razılıq verib. Bu barədə "Fox News"a onunla zəngləşən ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp deyib ki, Putin və Zelenski "bir-birləri ilə əvvəl düşündüyündən bir az daha yaxşı yola gedirlər" və buna görə də əvvəlcə təkbətək, daha sonra onunla danışıqlar aparacaqlar. "Hərçənd, mən onların nə vaxtsa yaxşı dost olacağını deməzdim", - o əlavə edib.
"Ümid edirəm ki, Putin özünü yaxşı aparacaq", - Tramp deyib. "Əks təqdirdə çətin vəziyyətə düşəcəyik".
Medvedev: NATO sülhməramlılarını Ukraynaya buraxmayacağıq
20 avqust
Rusiya NATO qoşunlarının Ukraynada olmasına imkan verməyəcək, lakin "beyinsiz Qall xoruzu" inadla bu ideyadan yapışır. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Beyinsiz Qall xoruzu "Ukrayna"ya qoşun yeritmək fikrindən əl çəkə bilmir. Deyilib axı: NATO qoşunları sülhməramlı ola bilməz. Rusiya belə bir "təhlükəsizlik zəmanəti"ni qəbul etməyəcək", - o, "X" hesabında yazıb.
Sülhməramlılar ideyasını Fransa prezidenti Emmanuel Makron milli televiziyadakı çıxışında səsləndirib. O, Rusiyanı "Avropa üçün təhlükə" adlandırıb.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci il "İstanbul formatı"na qayıtmağın mümkün olduğunu bildirib. İstanbul razılaşmalarına görə, təhlükəsizliyin təminatçısı kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa çıxış etməli idi.
Lavrov Putinin Zelenski ilə görüşməsi üçün şərtləri açıqlayıb
21 avqust
Putin bütün məsələlər hərtərəfli işləndikdən və Ukrayna hakimiyyətinin legitimliyi məsələsi həll olunduqdan sonra Zelenski ilə görüşməyə hazırdır, - Rusiya XİN rəhbəri bildirib.
"Bizim prezidentimiz dəfələrlə deyib ki, o, cənab Zelenski ilə də görüşməyə hazırdır. Ancaq bu, yalnız o halda mümkündür ki, yüksək səviyyədə nəzərdən keçirilməsi tələb olunan bütün məsələlər yaxşı işlənsin, ekspertlər və nazirlər müvafiq tövsiyələr hazırlasınlar", - Lavrov vurğulayıb.
"Və təbii ki, gələcəkdə razılığa gəlinəcəyi təqdirdə, Ukrayna tərəfindən bu razılaşmalara imza atacaq şəxsin legitimliyi məsələsi də həll olunmalıdır", - o əlavə edib.
Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Seçkilər ötən il martın 31-də keçirilməli idi, lakin Rusiya təcavüzü başlayandan ölkədə hərbi vəziyyət tətbiq olunduğu üçün ləğv edilib.
Zelenski qoşunları Donbasdan çıxarmaqdan imtina edir
21 avqust
Ukrayna Donbasdan qoşunlarını çıxarmaq və ərazilərin itirilməsini hüquqi olaraq tanımaq niyyətində deyil. Bu barədə Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
"Bunu edə bilmərik", - o, qoşunların Donbasdan çıxarılması ilə bağlı sualı cavablandırarkən deyib. "Məsələ təkcə konstitusiyada deyil. Bu, ölkəmizin sağ qalması məsələsidir, ən güclü müdafiə xətləri, sənaye mərkəzlərinə qədər olan məsafə məsələsidir".
ABŞ prezidenti Donald Tramp daha əvvəl Zelenskinin ərazi məsələləri ilə bağlı açıqlamalarından narazılığını ifadə edib və "bəzi" ərazi mübadiləsinin olacağını vurğulayıb.