Putin-Zelenski görüşü planlaşdırılmır - Lavrov
22 avqust
Putin və Zelenskinin görüşü, hələlik, planlaşdırılmayıb. Bunu NBC telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Prezident Putin aydın şəkildə deyib ki, o, görüşə hazırdır, bir şərtlə ki, bu görüşün həqiqətən gündəliyi, prezident gündəliyi olsun. Hələ ki, o, yoxdur ", - Lavrov bildirib.
Nazirin sözlərinə görə, Alyaskada Putin və Tramp arasındakı görüşdə Rusiya bəzi məsələlərdə "çeviklik" nümayiş etdirib, lakin "Zelenski hər şeyə "yox" deyib". Lavrov Zelenskinin rədd etdiyi şərtlər arasında Ukraynanın NATO-ya üzvlüyündən imtina, ərazi məsələlərinin müzakirəsi və rus dilindən istifadəyə qoyulan qadağanın ləğvini göstərib.
Tramp Ukrayna ilə bağlı 'çox vacib' qərarın anonsunu verdi
22 avqust
ABŞ prezidenti Donald Tramp yaxın iki həftə ərzində Rusiya və Ukrayna ilə bağlı mövqeyini müəyyənləşdirəcəyini bildirib. "Düşünürəm ki, iki həftədən sonra Rusiyanın və, düzünü desəm, Ukraynanın münasibətini anlayacağam.... Düşünürəm ki, nə edəcəyimizlə bağlı qərar verəcəyəm. Və bu, çox vacib bir qərar olacaq. İrimiqyaslı sanksiyalar da ola bilər, böyük tariflər də və ya hər ikisi. Ya da heç nə etməyəcəyəm və "bu, sizin müharibənizdir" deyəcəyəm", - Tramp Ağ evdə FIFA prezidenti Canni İnfantino ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Putin və Zelenskinin sammitində iştirak edə bilərdi, lakin "çoxları bu görüşdən heç nə çıxmayacağını düşünür".
"Politico" yazır ki, Tramp danışıqlarda Moskvaya təzyiq göstərmək niyyətində deyil, hesab edir ki, Qərbin yardımından asılı olan Kiyev güzəştə getməli və sövdələşməyə razı olmalıdır.