Keçid linkləri

2025, 16 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

Azərbaycan xəbərləri

Azərbaycan və İranın xarici işlər nazirləri danışıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hossein Amir Abdollahian
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hossein Amir Abdollahian

Oktyabrın 23-də Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramovla  Hüseyn Əmir-Abdullahianınin telefon danışığı baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər- deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Bütün xəbərləri izləyin

Son 5 ildə SOCAR-ın işçiləri 3 min 600 azalıb

SOCAR-da 5 min nəfər işdən çıxarılır? 'İndi ailəni necə saxlayım?'
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

2025-ci il yanvarın 1-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib.

Bu barədə SOCAR-ın yeni açıqlanan 2024-cü il hesabatında bildirilir.

Vurğulanır ki, 48 min 69 nəfərdən 5 min 798-i rəhbər işçi, 8 min 471-i mütəxəssis, 729-u texniki icraçı və 33 min 71-i fəhlədir. O cümlədən 17 min 805 nəfəri ali təhsillidir

Bu açıqlamanın əvvəlki illərə aid hesabatlarla müqayisəsi göstərir ki, SOCAR-da işçi sayı son bir ildə 251, beş ildə 3 min 627, 10 ildə isə 6 min 645 ştat azalıb.

Xatırlatma

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Məqsəd kimi ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək və yanacaq-enerji kompleksinin inkişafını təmin etmək göstərilir.

SOCAR-ın fəaliyyəti, əsasən, altı sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.

Son 7 ildə birinci sinfə gedənlərin sayı 35 min azalıb

Bir məktəblini dərsə yola salmaq neçəyə başa gəlir?
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Bu gün, sentyabrın 15-də Azərbaycanda 2025-2026-cı tədris ilinə start verilir

Elim və təhsil Nazirliyi bildirir ki, sentyabrın 15-də təqribən 2.2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır. "2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1.6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan 130 mindən çoxu birinci sinif, təqribən 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq", - nazirliyin məlumatına vurğulanır.

Son illər Azərbaycanda doğuşun kəskin azalması ilə bağlı birinci sinfə gedən uşaqların sayında da ciddi azalma müşahidə edilir. Rəsmi qurumlar 7 il əvvəl, 2018-ci ildə bildirmişdi ki, həmin il orta məktəblərin birinci sinfinə 165 mindən çox uşaq yollanıb.

Xankəndində atışma olub, saxlanan və yaralananlar var

Karen Avanesyan olduğu bildirilən şəxs
Karen Avanesyan olduğu bildirilən şəxs

Sentyabrın 14-də Xankəndi şəhərində 1967-ci il təvəllüdlü Karen Avanesyan soyadlı şəxsin saxlandığı bildirilir. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda vurğulandığına görə, o, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb. "Bu zaman K.Avanesyan üç əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib", - DİN qeyd edib.

Nazirliyin əlavə etməsinə görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır, - rəsmi məlumatda vurğulanır.

Rəsmi məlumata tutulan şəxsin özündən və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. Üstəlik, məlumatda sözügedən tədbir haqqında da detallı açıqlama verilmir.

Hazırda prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə səfərdə olduğu bildirilir.

Xankəndi şəhəri Qarabağ bölgəsinin mərkəzi şəhəridir. Həmin şəhər Azərbaycan SSR dönəmi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Yerevan 2023-cü ildə keçirilən birgünlük əməliyyatı "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Bakı isə onu "antiterror tədbiri" kimi təqdim edib. Həmin ilin sentyabrın 20-də Qarabağ separatçıları Bakının tərkisilah haqqında şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Rəsmi Bakı bildirib ki, Qarabağda erməni əhalisinə reinteqrasiya planı təqdim edib və onlar könüllü Azərbaycanı tərk ediblər. Rəsmi Bakının vurğulamasına görə, Xankəndində az sayda erməni əsilli şəxslər könüllü şəkildə qalıb yaşamaqdadır.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılıb. Nəhayət, bu il sentyabrın 8-də iki ölkənin xarici işlər nazirləri ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi sənədini paraflayıblar.

Azərbaycanda işsiz kimi qeydiyyata düşənlər artır

'Prezidentə çatdırın ki, yiyəsiz rayondur' - Lerikin yolsuz, işsiz kəndlərindən REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

2025-ci il sentyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olub. Onların 50.1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436.7 manata yüksəlib.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Bu ilin əvvəlində qeydiyyata alınmış işsizlər 217.2 min nəfər olub. Həmin vaxt onların 47.6 faizi qadınlar idi.

Həmin rəqəmlərin təhlili göstərir ki, səkkiz ayda işsiz kimi qeydiyyata düşənlərin sayı 20 min artıb.

DSK-nın məlumatına görə, ilin əvvəlindən ölkədə muzdla işləyənlərin sayı da ümumilikdə 10 mindən, ayrıca dövlət sektorunda çalışanlar isə 24 mindən çox azalıb.

Müstəqil iqtisadçılar rəsmi işsizlərin sayı ilə bağlı rəqəmə şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, ölkədə faktiki işsizlər bu rəqəmdən daha çoxdur.

Son rəsmi rəqəmlərə görə, ölkədə məşğul əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Muzdla işləyənlər isə 1.7 milyondan bir qədər çoxdur. Müstəqil ekspertlər hesab edir ki, ölkədə bir neçə milyon insan qeyri-rəsmi fəaliyyət göstərir.


Təhsil İnstitutu: Dinlənən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub

İmişli sakini: 'Kənddə qızları məktəbdən çıxarırlar ki, adına söz çıxar'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

"Dörd ildə 400 məktəbdə 17 min 300 dərsdinləmə aparılıb".

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, sentyabrın 12-də Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə söyləyib.

O bildirib ki, dinlənən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub.

Azərbaycanda 4 min civarında orta məktəb olduğu bildirilir. Tədrisin keyfiyyəti ilə bağlı tez-tez valideynlər və ayrı-ayrı ekspertlərdən də narazılıqlar eşidilir.

Hətta bildirilir ki, orta məktəblərdə təhsil keyfiyyətli tədris olunmadığından valideynlər repetitorlara müraciət etməli olurlar. Bu da onların ailə büdcələrinə mənfi təsirlər göstərir.

'Formula 1' zamanı bəzi məktəblərdə tədris onlayn keçiriləcək

'Formula-1 Gəncədə, Mingəçevirdə, nə bilim, Sumqayıtda ola bilərdi'
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

"Formula 1" ilə bağlı bəzi məktəblərdə tədris müvəqqəti onlayn formada keçirilə bilər.

Yerli saytların məlumatına görə, bunu bu gün, sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi və digər mərkəzə yaxın müəssisələrdə tədris bəzi günlər distant formada təşkil ediləcək: "Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil".

Bu il "Formula 1" Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək. Yeni tədris ili isə sentyabrın 15-də başlayır.

2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bununla bağlı tədbirlərin təşkilinə milyon manatlarla vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. Bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.

Tənqidçilər isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.

'Əsas qazancı oliqarxlar götürür' – 'Formula 1'dən kim qazanır?
Gözlə

No media source currently available

0:00 0:08:40 0:00


ABŞ-dən gələn elçilər Bakıda Anlaşma Memorandumunun icrasından danışıblar

Ceyhun Bayramov və Brendan Hanrahanın görüşü
Ceyhun Bayramov və Brendan Hanrahanın görüşü

Bu gün, sentyabrın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkənin münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

"Vaşinqton görüşü nəticəsində Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülh müqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olan strukturların ləğvi üzrə atılan addımların vacibliyi vurğulanıb", - məlumatda əlavə edilib.

Bu il avqustun 8-də Azərbaycan ilə Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Həmin gün habelə Vaşinqtonda Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.

Azərbaycanda inflyasiyanın 4.9 faiz olması inandırıcıdırmı?

'Yeni tariflər qiymətləri artıracaq' - Azərbaycanda inflyasiya əslində necə hesablanmalıdır?
Gözlə

No media source currently available

0:00 0:07:30 0:00

Dövlət Statistika Komitəsi bu gün, sentyabrın 10-da bildirib ki, 2025-ci ilin avqustunda istehlak qiymətləri indeksi 2024-cü ilin avqustuna nisbətən 4.9 faiz olub. O, cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6.6 faiz, qeyri-qida məhsulları 2.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 4.9 faiz bahalaşıb.

Amma Azərbaycanda bir çox müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Onların fikrincə, ölkədə real inflyasiya ikirəqəmlidir.

Elə bu gün, sentyabrın 10-da Mərkəz Bankı (AMB) da bildirib ki, son aylar inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. "Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur", - açıqlamada vurğulanır.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə isə, 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7, o cümlədən ərzaq qiymətləri indeksi 3.3 faiz azalıb.

Müstəqil iqtisadçılar da hesab edirlər ki, ölkədə bahalaşmaya daha çox daxili amillər təsir göstərir. Onlar xatırladırlar ki, elə bu il hökumət bir sıra sahələrdə kommunal xərcləri artırıb.

ABŞ təmsilçiləri Bakıda Orta Dəhlizi müzakirə ediblər

Ceyhun Bayramov ABŞ nümayəndə heyəti ilə görüşdə
Ceyhun Bayramov ABŞ nümayəndə heyəti ilə görüşdə

Sentyabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr, imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub. Bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Açıqlamaya görə, görüşdə habelə, Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub: “Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub...”

"Rusiya və İran dəhlizin istifadəyə verilməsini istəmir"

ABŞ şirkətləri "Tramp yolu" ilə bağlı layihələrdə iştirak etmək və tenderlərdə öz təkliflərini təqdim etmək imkanını böyük məmnuniyyətlə dəyərləndirəcəklər. Bunu ABŞ İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Angel ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərə bildirib. Xəbəri APA informasiya agentliyi yayıb.

K.Angel "Tramp yolu" ilə əlaqədar bir sıra geosiyasi faktorların olduğunu vurğulayıb:

"Bir tərəfdə Rusiya, digər tərəfdə isə İran bu dəhlizin istifadəyə verilməsini istəmir. Türkiyə isə əksinə, dəhlizin açılmasına dəstək nümayiş etdirir. Ermənistan da bu prosesdə maraqlıdır, çünki marşrutdan keçəcək yüklərdən rüsum toplamaq imkanı onlar üçün üstünlük hesab olunur. Məncə, bu məsələ müəyyən təhlükəsizlik təminatları və diplomatik yanaşma tələb edəcək. Lakin bu, iqtisadi tərəqqidən fərqli bir mövzudur".

Rəsmi Yerevan da bugünlərdə ABŞ təmsilçiləri ilə müzakirələr haqda informasiya veriləcəyiini bildirib.

Bundan əvvəl ABŞ biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsi gerçəkləşib. Onlar Qazaxıstandan Azərbaycana sentyabrın 7-də gəliblər.

  • Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Trans-Caspian International Transport Route) və ya Orta Dəhliz (Middle Corridor) - Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhliz 2017-ci ildə fəaliyyətə başlayıb.
  • Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə ( onilliklər boyu münaqişədə olublar) arasında Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Bakıda 'Sonsuz qardaşlıq – IV' təlimi keçirilir

'Sonsuz qardaşlıq – IV' təlimi
'Sonsuz qardaşlıq – IV' təlimi

Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi keçirilir.

Bu barədə bu gün, sentyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Sentyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin açılış mərasimində iştirak edib.

"Birgə təlimin əsas məqsədinin dost, müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb", - məlumatda vurğulanıb.

Bundan əvvəl, ötən il sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq – III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrinin təlimi keçirilmişdi. Həmin təlimə də sözügedən altı ölkədən xüsusi təyinatlılar qatılmışdı.

Xatırlatma

Azərbaycanda bir sıra müxalif partiyalar isə ölkənin, əsasən, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlığı gücləndirməsini vacib sayırlar. Hakimiyyət rəsmiləri də NATO ilə əməkdaşlığın vacibliyini inkar etməsələr də, onlar bu qurma üzvlüyün qarşıda məqsəd kimi olmadığını açıqlayıblar.

Müxalif qüvvələrinə görə, bu siyasət Rusiyanı qıcıqlandırmaq istəməmək və gerçək islahatlara hazır olmamaqdan irəli gəlir.

Komitə həbsdə olan Əhməd Məmmədlinin səhhətindən narahatdır

Əhməd Məmmədli
Əhməd Məmmədli

Həbsdə olan ictimai fəal Əhməd Məmmədlinin bir gözündə problem yarandığı bildirilir.

Bu barədə Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Açıqlamaya görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi fəalın vəkili Elçin Sadıqovun tibbi təminatla bağlı müraciətinə cavab verib. Orada vurğulanır ki, mayın 29-da Məmmədlinin saxlandığı təcridxanaya dəvət edilmiş oftalmoloq fəala "xorioretinal distrofiya" (görmənin əhəmiyyətli dərəcədə itirilməsi) diaqnozu qoyaraq ambulator təyinat verib.

Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi əlavə edir ki, fəal genetik astma xəstəsidir və saxlanan zaman işgəncə nəticəsində əvvəllər əməliyyat edilmiş gözlərindən zərbələr alıb.

"İşgəncədən sonra onun bir gözü tamamilə bulanıq görür. Həmçinin, 3 sentyabr 2025-ci ildə Əhməd Məmmədli barəsində qondarma cinayət işi üzrə məhkəmə iclası təxirə salındı. Bununla da, Əhmədin həbsdə qalmaq müddəti daha da uzanır, bu vəziyyət isə Əhmədin sağlamlığı üçün təhlükəlidir. Həbsxana şəraiti Əhməd Məmmədlinin sağlamlıq vəziyyəti üçün uyğun deyil. Əhmədin ev dustaqlığına buraxılmasını tələb edirik", - komitənin müraciətində deyilir.

Bu müraciətə uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli mayın 6-da saxlanılıb və sonra barəsində həbs-qətimkan tədbiri seçilib. Amma onun saxlanan zaman işgəncəyə məruz qalması ilə bağlı iddiaları rəsmi qurumlar təsdiqləməyiblər.

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.

Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və sonra jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

'Bu, həbsi üçün son damla oldu' - Ailəsi Əhməd Məmmədlinin səhhətinin pisləşdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Xatırlatma

Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə izah etmişdi.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 375 siyasi məhbus var. Hökumət nümayəndələri isə bu tip hesabatları rədd edir və həbs olunanların konkret əməllərə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

Azərbaycanın terrorçuluqda ittiham etdiyi şəxs Rusiyada saxlanıb

Həbs
Həbs

Bakı Moskvadan Azərbaycanda terrorçuluq məqsədilə təlim keçmək və digər cinayətlərdə ittiham olunan şəxsin ekstradisiyasını istəyib. Bunu "RİA Novosti" məhkəmə sənədlərinə istinadla yazıb.

Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün ekstradisiya olunmasını istəyir.

Agentlik yazır ki, Rusiya məhkəməsi bu ekstradisiyaya hər hansı açıq maneə olmadığını bildirib.

Moskva məhkəməsi sözügedən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq onu istintaq təcridxanasına göndərib.

Həmin şəxs Azərbaycanda cinayətkar birlik (cinayətkar təşkilat) yaratmaqda və Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda da ittiham olunur.

ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib

Təyyarənin qəzaya uğradığı yer
Təyyarənin qəzaya uğradığı yer

ABŞ səfirliyinin müşaviri Eşli Tauers Azərbaycanın (AZAL) təyyarəsinin ötən il Qazaxıstanda qəzaya uğradığı yeri ziyarət edib.

Bu barədə bu gün, sentyabrın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyi özünün Facebook hesabında məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, ABŞ biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsində gerçəkləşib: "Aktaudan yola düşməzdən əvvəl ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL – "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət etdilər. Orada biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır".

Xatırlatma

AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar.

Rusiya prezidenti Vladimir Putinin Əliyev ilə telefon danışığında qəzaya görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmədiyi açıqlanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi hələ fevralın əvvəlində bu qəza ilə bağlı təhqiqata dair ilkin hesabatını açıqlayıb. Hesabatda qeyd edilib ki, AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.

update

Azərbaycan və Ermənistanın Vaşinqton razılaşmaları ilə bağlı müzakirələri olub

Mher Qriqoryan və Şahin Mustafayev
Mher Qriqoryan və Şahin Mustafayev

Sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin bir-birlərinin ərazisinə qarşılıqlı səfərləri olub.

AZƏRTAC-ın xəbərinə görə, Vaşinqton razılaşmalarına uyğun, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin delimitasiyası, minalardan təmizlənməsi, zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Habelə, onlar iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Sülh sazişində də tərəflər təsdiq ediblər ki, keçmiş SSRİ respublikalarının sərhədləri müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilib və beynəlxalq birlik onları bu şəkildə tanıyıb. Habelə, onlar bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıblar. Sənəddə gələcəkdə iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlanması da istisna olunmur.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı.

Rusiya AZAL təyyarəsi ilə bağlı ödənən sığortanın məbləğini açıqlayıb

'Tək adam 170 min dollara başa gəlir' - Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaiti ödənilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilib.

Vurğulanıb ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-sının hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl (4.4 milyon dollar) sığorta ödənişi edilib".

Azərbaycan XİN təəccüb edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-in açıqlamasını təəccüblə qarşıladığını bildirir.

XİN vurğulayır ki, "sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil".

"...sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir", - məlumatda deyilir.

Sığortanı məhz Rusiya şirkətinin ödəməsinə gəldikdə, XİN qeyd edir ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir: "Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb".

Xatırlatma

AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar.

Rusiya prezidenti Vladimir Putinin Əliyev ilə telefon danışığında qəzaya görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmədiyi açıqlanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi hələ fevralın əvvəlində bu qəza ilə bağlı təhqiqata dair ilkin hesabatını açıqlayıb. Hesabatda qeyd edilib ki, AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.

Davamı

XS
SM
MD
LG