Azərbaycan xəbərləri
Jurnalist azadlığa buraxılıb

anews.az saytının bölgə müxbiri Zaur Qəmbərov martın 19-da məhkəmə zalından azadlığa buraxılıb. Gəncə Apellyasiya Məhkəməsi onun ittiham olunduğu maddəni də, verilən cəzanı da dəyişib.
30-yaşlı Qəmbərov 2020-ci ilin oktyabrında yaşadığı Gədəbəy rayonunda Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin müdir müavini və sürücüsünə qarşı xuliqanlıq ittihamı ilə 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinmişdi. Silah qismində əşya dedikdə isə, stul nəzərdə tutulur. İddia olunur ki, jurnalist Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində müdir müavini İbrahim Ələsgərova stul atıb.
Gəncə Apellyasiya Məhkəməsi ittihamı dəyişərək CM-in 221.2.2 maddəsinə tövsif edib. Ona 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qəmbərov özü isə iddia edir ki, onu icra başçısının sifarişi ilə həbs ediblər, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsinin rəhbərliyi də sifarişi icra edib. Səbəb isə rayondakı məmur özbaşınalığı, korrupsiya barədə faktları yaymasıdır.
Şöbə müdiri Elsun Xudaverdiyev isə istintaqa ifadəsində iddia edib ki, hadisə günü iş otağında kameradan dəhlizdə bir neçə nəfərin olduğunu görüb, söyüş söyüldüyünü eşidib və çıxıb. Çıxanda Qəmbərovun şöbənin işçilərini vurmağa çalışdığını, təhqirlər səsləndirdiyini görüb.
Jurnalist isə bildirir ki, Gədəbəy sakinlərindən birinin uşağına pensiya təyin edilməsi ilə bağlı şikayətini araşdırmaq üçün Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə getmişdi.
Bütün xəbərləri izləyin
8 ayda 25 minə yaxın piyada cərimələnib
Bu ilin səkkiz ayında Bakıda 25 minə yaxın piyada cərimələnib. Bu barədə bu gün, sentyabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 2025-ci ilin səkkiz ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Bakı şəhərində piyadaların cərimələnməsi ilə bağlı bundan əvvəl də statistikalar açıqlansa da, bu məlumatlarda ardıcıllığa əməl edilməyib. Ona görə də Azərbaycan paytaxtında piyadaların cərimələnməsi statistikasında artım və azalma illər üzrə tam bəlli deyil. Amma son illər piyadalarla bağlı cərimələrin məbləği təqribən iki dəfə artırılıb.
NİİM 2011-ci ildə yaradılıb. Məqsəd paytaxt Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarətin təmin edilməsi olub. Hərçənd, bir sıra ekspertlərin fikrincə, bu sistemin qurulmasına böyük pullar sərf edilsə də, o, qarşıya qoyulan məqsədlərə nail olmayıb.
Azərbaycan neftinin ixrac qiymətində düşüş davam edir
Azərbaycan neftinin ixrac qiymətində düşüş davam edir.
Rəsmi AZƏRTAC-ın məlumatına görə, bununla bağlı rəqəmi sentyabrın 17-də Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov dilə gətirib. O deyib ki, bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6.7 milyard ABŞ dolları artaraq 77.7 milyard ABŞ dollarına çatıb.
Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70.7 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 301 ABŞ dolları təşkil edib.
Halbuki, 2025-ci ilin birinci yarısında Azərbaycan neftinin bir barelinin orta ixrac qiyməti 73.8 ABŞ dollarına bərabər olub.
Son açıqlanan rəqəm büdcədə neftin bir barelinin götürülmüş qiymətindən (70 ABŞ dollar) cüzi yüksəkdir.
Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin qiymətlərində düşüş davam edərsə, bu, Azərbaycan dövlət büdcəsinin icrasında problemlər yarda bilər. Onlar vurğulayırlar ki, Azərbaycan ixracının 90 faizi neft və qazın payına düşür.
Sentyabrın 17-də "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki günlə müqayisədə 1.25 dollar və ya 1.8 faiz azalaraq 70.68 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.
'Benfika'nın baş məşqçisi 'Qarabağ'a məğlubiyyətdən sonra istefaya göndərilib

"Benfika" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ"a uduzduqları ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.
"Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
Çempionlar Liqası: 'Qarabağ' səfərdə 'Benfika'nı məğlub edib
Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nı məğlub edib.
Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonuna qədər geridönüş etməyi bacarıb - 2:3.
Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.
"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.
Azərbaycan çempionu tarixində ikinci dəfə idi ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanmışdı.8 il əvvəl həmin mərhələdə “Qarabğ” yalnız iki xal qazanmışdı. Bu dəfə isə Ağdam təmsilçiləri ilk görüşündəcə 3 xala yiyələnib Bu mərhələdə “Qarabağ”ı daha 7 oyun gözləyir. Azərbaycan çempionunun sonrakı rəqibləri "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"dir (Danimarka)
Final uğrunda ümumilikdə 36 klub mübarizə aparır. Səkkiz oyunun nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan komandalara qatılacaq.
25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış olacaqlar.
Şagirdin məktəbdə öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq sentyabrın 16-da orta məktəbdə şagirdin öldürülməsi ilə bağlı cinayət işi başlandığını bildirib. Cəlilabad rayonunda yetkinlik yaşına çatmayan N.M. (şərti) təhsil aldığı tam orta məktəbdə öldürülüb. Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlandığı bildirilir.
“APA” informasiya agentliyi hadisənin rayonun Xəlilabad kənd tam orta ümumtəhsil məktəbində baş verdiyini, 11-ci sinif şagirdinin sinif yoldaşına xəsarət yetirdiyini yazıb. Xəsarət alan yeniyetmənin xəstəxanada ölüdüyü bildirilir. Agentlik hadisəni törətməkdə şübhəli bilinən məktəblinin saxlanıldığını qeyd edib.
AzadlıqRadiosu faciəvi insidentlə bağlı əlavə informasiya ala bilməyib.
Ötən ilin yanvarında Gəncədə 8 saylı tam orta məktəbin qarşısında məktəbin 11-ci sinif şagirdini məktəbə daxil ola bilməyən kənar şəxsin bıçaqladığı deyilirdi. Şagirdin həyatını xilas etmək mümkün olmamışdı. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığı açıqlanmışdı.
Hökumət qarşıdakı 4 ildə manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır, amma...
Azərbaycan hökuməti qarşıdakı illərdə də manatın məzənnəsini sabit saxlamağı hədəfləyir.
İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Hazırda rəsmi olaraq 1 ABŞ dolları 1.70 manata bərabərdir. Bu məzənnə 2017-ci ilin yazından dəyişməz qalır.
2015-ci ildə isə Azərbaycanda ardıcıl iki devalvasiya baş verib və nəticədə manat iki dəfədən çox dəyər itirib.
Amma Azərbaycanda bir çox müstəqil iqtisadçılar deyirlər ki, manatın məzənnəsi reallıqda neftin dünya qiymətlərindən asılıdır və hökumətin proqnozları bir növ nisbi xarakter daşıyır.
Bu gün, sentyabrın 16-da Azərbaycan neftin bir bareli 69 dollar civarında qərarlaşıb. 2025-ci il dövlət büdcəsində neftin bir barelinin ixrac qiyməti isə 70 dollar götürülüb. Bu ilin yeddi ayı ərzində Azərbaycan neftinin orta qiyməti 73.6 ABŞ dollarına bərabər olub.
İqtisadçılar hesab edirlər ki, neftin qiymətlərində düşüş sürətlənərsə, bu, büdcənin icrasında problemlər yarada bilər. Onların fikrincə, neftin qiymətlərində düşüş uzunmüddətli olarsa, növbəti devalvasiya belə qaçılmaz olacaq.
Büdcə xərcləri 0.3, təkcə müdafiə və milli təhlükəsizlik xərcləri isə 3.8 faiz artırılır

2026-cı ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon, xərcləri isə 41 milyard 548 milyon manat proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin "Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama"sında bildirilir.
Bu ilin büdcə sənədi ilə müqayisədə gəlirlərdə 0.2, xərclərində isə 0.3 faiz artım var.
Gələn ilə aid layihədə büdcə kəsrində də artım var. Sənəddə kəsir 3 milyard 125 milyon manat proqnozlaşdırılır. Bu də bu ilə aid eyni göstəricidən 2.4 faiz çoxdur.
Sənəddə neftin bir barelinin ixrac qiyməti 65 dollar göstərilib. Bu isə builki büdcə ilə müqayisədə neftin bir barelinə görə 5 dollar azalma deməkdir. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.
Layihədə bu il ilə müqayisədə bəzi vergi sahələri üzrə gəlirlərin artırılması proqnozlaşdırılır. Nəticədə növbəti il büdcə gəlirlərinin 62 faizə yaxını vergi və gömrük xətti ilə daxil olmalıdır. Bu, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların bu il ilə müqayisədə artırılacağından xəbər verir.
Sənəddə diqqət çəkən daha bir məqam müdafiə və milli təhlükəsizlik üzrə xərclərdəki artımdır. 2026-cı ildə həmin sahələrə 8 milyard 714.8 milyon manat ayrılması proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik üzrə xərclər 2025-ci illə müqayisədə 318.5 milyon manat, yaxud 3.8 faiz çox olacaq. Bunun əvəzində bəzi sahələr, məsələn, kənd təsərrüfatı üzrə xərclərin azaldılması nəzərdə tutulur.
Son 5 ildə SOCAR-ın işçiləri 3 min 600 azalıb
2025-ci il yanvarın 1-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib.
Bu barədə SOCAR-ın yeni açıqlanan 2024-cü il hesabatında bildirilir.
Vurğulanır ki, 48 min 69 nəfərdən 5 min 798-i rəhbər işçi, 8 min 471-i mütəxəssis, 729-u texniki icraçı və 33 min 71-i fəhlədir. O cümlədən 17 min 805 nəfəri ali təhsillidir
Bu açıqlamanın əvvəlki illərə aid hesabatlarla müqayisəsi göstərir ki, SOCAR-da işçi sayı son bir ildə 251, beş ildə 3 min 627, 10 ildə isə 6 min 645 ştat azalıb.
Xatırlatma
SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.
Məqsəd kimi ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək və yanacaq-enerji kompleksinin inkişafını təmin etmək göstərilir.
SOCAR-ın fəaliyyəti, əsasən, altı sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.
Son 7 ildə birinci sinfə gedənlərin sayı 35 min azalıb
Bu gün, sentyabrın 15-də Azərbaycanda 2025-2026-cı tədris ilinə start verilir
Elim və təhsil Nazirliyi bildirir ki, sentyabrın 15-də təqribən 2.2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır. "2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1.6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan 130 mindən çoxu birinci sinif, təqribən 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq", - nazirliyin məlumatına vurğulanır.
Son illər Azərbaycanda doğuşun kəskin azalması ilə bağlı birinci sinfə gedən uşaqların sayında da ciddi azalma müşahidə edilir. Rəsmi qurumlar 7 il əvvəl, 2018-ci ildə bildirmişdi ki, həmin il orta məktəblərin birinci sinfinə 165 mindən çox uşaq yollanıb.
Xankəndində atışma olub, saxlanan və yaralananlar var

Sentyabrın 14-də Xankəndi şəhərində 1967-ci il təvəllüdlü Karen Avanesyan soyadlı şəxsin saxlandığı bildirilir. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda vurğulandığına görə, o, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb. "Bu zaman K.Avanesyan üç əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib", - DİN qeyd edib.
Nazirliyin əlavə etməsinə görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır, - rəsmi məlumatda vurğulanır.
Rəsmi məlumata tutulan şəxsin özündən və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. Üstəlik, məlumatda sözügedən tədbir haqqında da detallı açıqlama verilmir.
Hazırda prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə səfərdə olduğu bildirilir.
Xankəndi şəhəri Qarabağ bölgəsinin mərkəzi şəhəridir. Həmin şəhər Azərbaycan SSR dönəmi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Yerevan 2023-cü ildə keçirilən birgünlük əməliyyatı "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Bakı isə onu "antiterror tədbiri" kimi təqdim edib. Həmin ilin sentyabrın 20-də Qarabağ separatçıları Bakının tərkisilah haqqında şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Rəsmi Bakı bildirib ki, Qarabağda erməni əhalisinə reinteqrasiya planı təqdim edib və onlar könüllü Azərbaycanı tərk ediblər. Rəsmi Bakının vurğulamasına görə, Xankəndində az sayda erməni əsilli şəxslər könüllü şəkildə qalıb yaşamaqdadır.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılıb. Nəhayət, bu il sentyabrın 8-də iki ölkənin xarici işlər nazirləri ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi sənədini paraflayıblar.
Azərbaycanda işsiz kimi qeydiyyata düşənlər artır
2025-ci il sentyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olub. Onların 50.1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436.7 manata yüksəlib.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.
Bu ilin əvvəlində qeydiyyata alınmış işsizlər 217.2 min nəfər olub. Həmin vaxt onların 47.6 faizi qadınlar idi.
Həmin rəqəmlərin təhlili göstərir ki, səkkiz ayda işsiz kimi qeydiyyata düşənlərin sayı 20 min artıb.
DSK-nın məlumatına görə, ilin əvvəlindən ölkədə muzdla işləyənlərin sayı da ümumilikdə 10 mindən, ayrıca dövlət sektorunda çalışanlar isə 24 mindən çox azalıb.
Müstəqil iqtisadçılar rəsmi işsizlərin sayı ilə bağlı rəqəmə şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, ölkədə faktiki işsizlər bu rəqəmdən daha çoxdur.
Son rəsmi rəqəmlərə görə, ölkədə məşğul əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Muzdla işləyənlər isə 1.7 milyondan bir qədər çoxdur. Müstəqil ekspertlər hesab edir ki, ölkədə bir neçə milyon insan qeyri-rəsmi fəaliyyət göstərir.
Təhsil İnstitutu: Dinlənən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub
"Dörd ildə 400 məktəbdə 17 min 300 dərsdinləmə aparılıb".
AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, sentyabrın 12-də Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə söyləyib.
O bildirib ki, dinlənən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub.
Azərbaycanda 4 min civarında orta məktəb olduğu bildirilir. Tədrisin keyfiyyəti ilə bağlı tez-tez valideynlər və ayrı-ayrı ekspertlərdən də narazılıqlar eşidilir.
Hətta bildirilir ki, orta məktəblərdə təhsil keyfiyyətli tədris olunmadığından valideynlər repetitorlara müraciət etməli olurlar. Bu da onların ailə büdcələrinə mənfi təsirlər göstərir.
'Formula 1' zamanı bəzi məktəblərdə tədris onlayn keçiriləcək
"Formula 1" ilə bağlı bəzi məktəblərdə tədris müvəqqəti onlayn formada keçirilə bilər.
Yerli saytların məlumatına görə, bunu bu gün, sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi və digər mərkəzə yaxın müəssisələrdə tədris bəzi günlər distant formada təşkil ediləcək: "Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil".
Bu il "Formula 1" Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək. Yeni tədris ili isə sentyabrın 15-də başlayır.
2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bununla bağlı tədbirlərin təşkilinə milyon manatlarla vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. Bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.
Tənqidçilər isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.
ABŞ-dən gələn elçilər Bakıda Anlaşma Memorandumunun icrasından danışıblar

Bu gün, sentyabrın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkənin münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
"Vaşinqton görüşü nəticəsində Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülh müqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olan strukturların ləğvi üzrə atılan addımların vacibliyi vurğulanıb", - məlumatda əlavə edilib.
Bu il avqustun 8-də Azərbaycan ilə Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Həmin gün habelə Vaşinqtonda Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.
Azərbaycanda inflyasiyanın 4.9 faiz olması inandırıcıdırmı?
Dövlət Statistika Komitəsi bu gün, sentyabrın 10-da bildirib ki, 2025-ci ilin avqustunda istehlak qiymətləri indeksi 2024-cü ilin avqustuna nisbətən 4.9 faiz olub. O, cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6.6 faiz, qeyri-qida məhsulları 2.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 4.9 faiz bahalaşıb.
Amma Azərbaycanda bir çox müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Onların fikrincə, ölkədə real inflyasiya ikirəqəmlidir.
Elə bu gün, sentyabrın 10-da Mərkəz Bankı (AMB) da bildirib ki, son aylar inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. "Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur", - açıqlamada vurğulanır.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə isə, 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7, o cümlədən ərzaq qiymətləri indeksi 3.3 faiz azalıb.
Müstəqil iqtisadçılar da hesab edirlər ki, ölkədə bahalaşmaya daha çox daxili amillər təsir göstərir. Onlar xatırladırlar ki, elə bu il hökumət bir sıra sahələrdə kommunal xərcləri artırıb.
ABŞ təmsilçiləri Bakıda Orta Dəhlizi müzakirə ediblər

Sentyabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, görüşdə bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr, imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub. Bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Açıqlamaya görə, görüşdə habelə, Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub: “Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub...”
"Rusiya və İran dəhlizin istifadəyə verilməsini istəmir"
ABŞ şirkətləri "Tramp yolu" ilə bağlı layihələrdə iştirak etmək və tenderlərdə öz təkliflərini təqdim etmək imkanını böyük məmnuniyyətlə dəyərləndirəcəklər. Bunu ABŞ İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Angel ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərə bildirib. Xəbəri APA informasiya agentliyi yayıb.
K.Angel "Tramp yolu" ilə əlaqədar bir sıra geosiyasi faktorların olduğunu vurğulayıb:
"Bir tərəfdə Rusiya, digər tərəfdə isə İran bu dəhlizin istifadəyə verilməsini istəmir. Türkiyə isə əksinə, dəhlizin açılmasına dəstək nümayiş etdirir. Ermənistan da bu prosesdə maraqlıdır, çünki marşrutdan keçəcək yüklərdən rüsum toplamaq imkanı onlar üçün üstünlük hesab olunur. Məncə, bu məsələ müəyyən təhlükəsizlik təminatları və diplomatik yanaşma tələb edəcək. Lakin bu, iqtisadi tərəqqidən fərqli bir mövzudur".
Rəsmi Yerevan da bugünlərdə ABŞ təmsilçiləri ilə müzakirələr haqda informasiya veriləcəyiini bildirib.
Bundan əvvəl ABŞ biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsi gerçəkləşib. Onlar Qazaxıstandan Azərbaycana sentyabrın 7-də gəliblər.
- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Trans-Caspian International Transport Route) və ya Orta Dəhliz (Middle Corridor) - Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhliz 2017-ci ildə fəaliyyətə başlayıb.
- Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə ( onilliklər boyu münaqişədə olublar) arasında Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.