Dünya xəbərləri
Keçmiş baş nazir saxlanıb

Qırğızıstanın keçmiş baş naziri və hazırda parlament üzvü Kubanıçbek Jumaliyev korrupsiyada şübhəli bilinərək saxlanıb.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin fevralın 4-də bildirməsinə görə, Jumaliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaqın detalları bəlli olmasa da lisenziya verilməsi və əmlakla bağlı dələduzluq, hakimiyyətdən sui-istifadə ilə əlaqədar olduğu bildirilir.
Jumaliyevin oğlu və daha bir qohumu öncə saxlanmış və sonradan ev dustaqlığına buraxılmışdılar.
Maliyyə Polisinin məlumatına görə, onlar böyük məbləğdə pulla bağlı dələduzluq iddiası ilə almaniyalı təhqiqatçıdan şikayət alıblar.
Jumaliyev Qırğızıstan hökumətində bir neçə vəzifə daşıyıb, nəqliyyat və kommunikasiya naziri də olub, 1998-ci ildə baş nazir də.
O, 2015-ci ildə Bir Bol partiyasından parlamentə seçilib.
Bütün xəbərləri izləyin
İranda İsrailə casusluqda suçlanan şəxs edam edilib

İran sentyabrın 17-də İsrail üçün casusluq etdiyi iddia olunan bir məhbusun edam olunduğunu açıqlayıb. Fəallar isə bu iddianı təkzib edərək deyirlər ki, həmin şəxs saxta etiraf verməsi üçün işgəncələrə məruz qalıb.
Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyi edam edilən şəxsin Babək Şahbazı olduğunu yazıb. Onun İranın data mərkəzləri və təhlükəsizlik obyektlərinə dair həssas məlumatları toplayıb İsrail agentlərinə satdığı iddia edilir.
Fəallar isə Şahbazının Ukrayna prezidenti Volodimir Zelenskiyə məktub yazdığına görə saxlanıldığını bildirirlər. Məktubda o, Zelenskiyə Kiyev üçün döyüşmək istədiyini yazıb.
Moskva İranın verdiyi dronlardan Ukraynaya hücumlarda istifadə edir.
Osloda yerləşən "İran İnsan Haqları" qrupu Şahbazının edam edilə biləcəyi haqda xəbərdarlıq yaymışdı.
Fəallar İranda edam növbəsini gözləyən məhbusların olduğunu deyirlər.
Tehran İsraillə iyunda 12 günlük müharibədən sonra bu ölkəyə casusluq ittihamıyla səkkiz nəfəri edam edib.
İsrailin İrana hava zərbələri 1100-ə yaxın insanın, bir sıra hərbi komandirin həyatına son qoyub. İran da cavabında İsrailə hədəfli raket zərbələri endirib.
BMT İranda ötən il azı 975 nəfərin edam olunduğunu bildirir. "İran İnsan Haqları" isə bu il artıq 940-dan çox edamın gerçəkləşdiyini qeyd edir.
Lukaşenko daha 25 məhbusu azad etdi

Aleksandr Lukaşenko Milli Birlik Günü ərəfəsində 25 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb.
12 qadın və 13 kişi azadlığa çıxıb. Onların arasında "ekstremist" maddələrlə məhkum olunanlar da var. Bir qayda olaraq, Belarus Respublikasında belə maddələrlə siyasi fəalları təqib edirlər.
Bu, son günlər ikinci böyük əfv hadisəsidir. Sentyabrın 11-də Belarusda 52 siyasi məhbus azadlığa buraxılıb. Onların arasında AzadlıqRadiosunun jurnalisti İqar Losik, həmçinin prezidentliyə keçmiş namizəd Mikalay Statkeviç də var. Lakin o, Litvaya getməkdən imtina edib və Belarusa qayıdıb.
ABŞ və Çin 'TikTok' barədə ilkin razılığa gəliblər

Birləşmiş Ştatlar və Çin "TikTok" sosial şəbəkəsinin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək çərçivə razılaşması əldə ediblər. Madriddə qarşılıqlı ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skott Bessent bu haqda açıqlama verib. Prezident Donald Tramp da danışıqların uğurlu keçdiyini, dolayısı ilə "TikTok" məsələsinin həll olunduğunu yazıb.
S.Bessent "Reuters" və "Bloomberg"ə müsahibəsində deyib ki, hazırlıq mərhələsində olan razılaşmanın şərtləri ABŞ-nin milli təhlükəsizlik maraqlarını təmin etməlidir, amma sosial şəbəkə öz "çinli" xüsusiyyətlərini də saxlayacaq. O, detallı danışmasa da, vurğulayıb ki, daha çox gənclər arasında populyar olan bu qısa video platformasının ABŞ-də yasaqlanma təhlükəsi Çin tərəfini danışıqlarda güzəştə meylləndirib.
Tramp isə "Truth Social" platformasında yazıb ki, "ölkəmizin gənclərinin xilas etmək istədiyi" şirkətin satışı ilə bağlı Çinlə razılıq əldə olunub. Söhbətin Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un Amerika bölməsindən getdiyi aydın olub.
Hələ əvvəlki administrasiya dönəmində ABŞ Konqresi hər iki partiyanın dəstəyi ilə qanun qəbul edərək "ByteDance" üzərinə "TikTok"un ABŞ bölməsini satmaq öhdəliyi qoymuşdu, əks halda "TikTok" ABŞ-də tam bloklana bilərdi. Qərar milli təhlükəsizlik məsələləri ilə izah olunurdu. Tramp "TikTok"un satışı üçün qoyulan müddəti uzatmaq, Çinlə danışıqlar aparmaqla bağlı göstəriş vermişdi.
Sentyabrın 19-da Trampın Çin lideri Si Cinpinlə telefonla danışacağı gözlənilir. Həmin gün bu və digər razılaşmaların detalları açıqlanacaq. Bessent vurğulayıb ki, razılaşma əldə olunmasaydı, Tramp və Si Cinpin arasında telefon danışığı baş tutmazdı.
Dron Varşavada hökumət binalarının üzərindən uçub

Bazar ertəsi axşam Polşa Dövlət Mühafizə Xidməti Varşavada hökumət binaları və Belveder prezident sarayı üzərində uçan pilotsuz aparatı zərərsizləşdirib. Baş nazir Donald Tusk hadisə ilə bağlı iki Belarus vətəndaşının saxlanıldığını və hadisənin başvermə şəraitinin araşdırıldığını bildirib.
Tusk dronun növü və necə zərərsizləşdirildiyi barədə ətraflı məlumat verməyib.
Polşada təhlükəsizlik tədbirləri ötən həftə onun hava məkanının dronlarla kütləvi şəkildə pozulması, eləcə də Belarusda keçirilən "Qərb-2025" təlimləri ilə əlaqədar gücləndirilib. Varşava və onun müttəfiqləri dronların Rusiyaya məxsus olduğunu iddia edirlər.
NATO ölkələri bugünlərdə "Şərq gözətçisi" əməliyyatının başladığını elan ediblər, Danimarka, Fransa, Almaniya və Böyük Britaniyadan olan qırıcılar Polşanın hava məkanının qorunmasına qoşulublar.
Polşa Belarusla sərhədini tamamilə bağlayıb.
Rusiya hakimiyyəti Polşanın hava məkanını pozan dronların Rusiyaya məxsus olduğunu inkar edir. Eyni zamanda, Moskva NATO-nu aqressiv niyyətlərdə ittiham edir.
- Belarus Müdafiə Nazirliyinin bildirdiyinə görə, Minskin dəvəti ilə amerikalı hərbçilər "Zapad-2025" təlimlərini izləyiblər. "Reuters" yazır ki, hərbi attaşelərin təlimlərə dəvət edilməsi adi təcrübə olsa da, amerikalı zabitlərin iştirakı ABŞ prezidentinin nümayəndəsinin Belarus paytaxtına son səfərindən və ardınca 50-dən çox siyasi məhbusun azadlığa buraxılmasından sonra Vaşinqtonla Minsk arasında münasibətlərin istiləşməsinin növbəti əlaməti ola bilər. Belarus Müdafiə Nazirliyi də Polşaya dron hücumunda yaxasını kənara çəkir.
Qazaxıstanda yuxarı sinif şagirdlərinin döydüyü yeniyetmə vəfat edib

Qazaxıstanın Cambul vilayətinin Kokkaynar kəndində məktəbdə zorakılıq ölümlə nəticələnib: yuxarı sinif şagirdləri 15 yaşlı yeniyetməni döyüblər, o, vəfat edib.
Polis 16 və 17 yaşlarında iki şübhəlini saxlayır. Onlar sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunurlar.
Yerli cmn.kz nəşri yazır ki, kənddə futbol matçından sonra orta məktəbin 10 və 11-ci sinif şagirdləri arasında dava düşüb. Şahidlərin dediyinə görə, məğlubiyyət buraxılış sinfini özündən çıxarıb. Oyundan sonra 11-ci sinfin azı üç şagirdi rəqib komandanı "cəzalandırmaq" qərarına gəlib. Onlardan biri 15 yaşlı oğlanı sinəsindən vurub. Yeniyetmə huşunu itirib.
Yaxınlıqdakı mağazanın satıcısı davanın şahidi olub, zərərçəkənin anasına xəbər verib. Yeniyetmə evə aparılıb, amma vəziyyəti pisləşib. O, təcili yardım gələnəcən vəfat edib.
Polis sağlamlığa qəsdən ağır zərər vurma maddəsi üzrə ilkin istintaq başladıb.
Qazaxıstanda ilk dəfə deyil məktəbdə zorakılıq ölümlə nəticələnir. 2024-cü ilin sentyabrında ölkənin qərbindəki Aktobe vilayətinin Kopa kəndində 14 yaşlı, 9-cu sinif şagirdi Nurjan Sıdıkovu dərs ilinin ilk günü məktəbdə digər şagirdlər döyüb öldürmüşdü. Onun meyitini kəndin kənarında yoldan keçən tapmışdı.
Bu insidentdən sonra kənd məktəbinin direktoru vəzifəsindən azad edilmiş, şübhəlilər müəyyən olunmuşdu. Təhsil İdarəsi bildirmişdi ki, münaqişədə iştirak edənlərin hamısı imkanlı ailələrdən olublar, heç kimi bu uşaqlardan bu cür qəddarlıq gözləmirmiş.
'Pussy Riot' üzvləri qiyabi olaraq 13 ilədək həbsə məhkum edildilər

Moskvanın Basman məhkəməsi "Pussy Riot" qrupunun beş üzvünü Rusiya ordusu haqqında "saxta" məlumatların yayılmasında təqsirli bilərək qiyabi olaraq 8 ildən 13 ilədək həbsə məhkum edib. Xəbəri "Mediazona" yayıb.
Mariya Alyoxina 13 il, Taso Pletner 11 il, Olqa Borisova, Diana Burkot və Alina Petrova isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər. Onlar vəkilləri vasitəsilə ittihamı qəbul etmədiklərini bildiriblər.
Cinayət işi 2022-ci ildə yayımlanan "Ana, televizora baxma" antimüharibə klipinə, həmçinin 2024-cü ilin aprelində Münxendəki "Müasir incəsənət pinakotekası" muzeyində keçirilən aksiyaya görə açılıb. Aksiya zamanı "Pussy Riot" üzvləri Rusiyanın Ukraynadakı təcavüzkar müharibəni tənqid edib, prezident Vladimir Putini "hərbi cani" adlandırıblar.
Aksiya zamanı iştirakçılardan biri prezidentin portreti üzərinə sidik ifraz edib.
İttiham tərəfi bildirir ki, klipdə Rusiya ordusunun hərəkətləri, Ukraynada dinc sakinlərin qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yer alıb.
Fevralda Basman məhkəməsi "Pussy Riot" üzvləri barəsində qiyabi həbs qərarı çıxarıb və onlar axtarışa verilib. Mayda isə onların qohumlarının evlərində axtarış aparılıb.
Paşinyan: KTMT Azərbaycanı da Ermənistan kimi 'qardaş ölkə' sayır
KTMT Azərbaycanın qurum üçün Ermənistan qədər "qardaş ölkə" olduğunu bildirib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu sentyabrın 15-də təhlükəsizlik konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
N.Paşinyan vurğulayıb ki, KTMT Azərbaycanın ərazi bütövlüyündən danışarkən Qarabağın da buraya aid olduğunu nəzərdə tutub və bunu 44 günlük müharibədən sonra Rusiya prezidenti də təsdiqləyib
Ermənistan KTMT-də üzvlüyünü dondurub, amma hələ də onun üzvü olaraq qalır.
"Bu təhlükəsizlik konsepsiyası, yəni hərbi-siyasi ittifaq Qarabağda baş verənlər kontekstində işləmədi", – Paşinyan bildirib. O qeyd edib ki, əvvəllər hərbi-siyasi ittifaqları ölkənin zəifliyini azaltmağın əsas vasitələri sayıblar, amma tarix bu formulun işləmədiyini göstərib.
Yerevanla Rusiyanın başçılıq etdiyi KTMT-nin münasibətlərində son illər gərginlik artıb. Ermənistan Qarabağ və ətrafındakı Rusiya sülhməramlılarını Azərbaycanın əməliyyatının qarşısını almamaqda ittiham edib. Ermənistan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini deyib, alyansı bunu qınamağa çağırıb. Bakı o zaman mövqelərini dəqiqləşdirdiyini açıqlamışdı.
N.Paşinyan bugünkü çıxışında onu da deyib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Ermənistanın ərazi bütövlüyünü də tanımış olur, çünki başqa yol yoxdur.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Yerevan 2023-cü ildə keçirilən birgünlük əməliyyatı "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Bakı isə onu "antiterror tədbiri" kimi təqdim edib. Həmin ilin sentyabrın 20-də Qarabağ separatçıları Bakının tərkisilah haqqında şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Rəsmi Bakı bildirib ki, Qarabağda erməni əhalisinə reinteqrasiya planı təqdim edib və onlar könüllü Azərbaycanı tərk ediblər. Rəsmi Bakının vurğulamasına görə, Xankəndində az sayda erməni əsilli şəxslər könüllü şəkildə qalıb yaşamaqdadır.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılıb. Nəhayət, bu il sentyabrın 8-də ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi sənədi paraflanıb.
Tramp NATO Rusiyadan neft alışını dayandırmağa, Çinə tarif qoymağa çağırır

ABŞ prezidenti Donald Tramp NATO-nun bütün üzvlərini Rusiyadan neft almağı dayandırmağa çağırıb, bu addımın Ukraynadakı müharibəni dayandırmağa kömək edəcəyini söyləyib.
Tramp sentyabrın 13-də "Truth Social" platformasında NATO-nun bəzi üzvlərini hələ də Rusiyadan neft aldıqlarına görə tənqid edib. Bunu "sarsıdıcı" adlandıran Tramp xəbərdarlıq edib ki, bu, "sizin danışıqlarda mövqeyinizi, Rusiyaya qarşı sövdələşmə gücünüzü zəiflədir".
Bu bəyanatdan bir gün öncə NATO yeni hərbi əməliyyata başlayıb. Məqsəd Rusiyanın ötən həftə Polşanın hava məkanına dron müdaxiləsindən sonra alyansın şərq cinahını möhkəmləndirmək və qorumaqdır.
Tramp NATO-nun üzvlərinə Çinə Rusiya neftini aldığına görə 50-100 faizlik tarif qoymağı təklif edib. Onun fikrincə, tariflər yalnız müharibə bitincə qaldırıla bilər.
ABŞ prezidenti əlavə edib ki, o, Rusiya neftinə "böyük" sanksiyalar qoymağa hazırdır, amma NATO üzvləri də eynisini edərsə.
Türkiyə dünya miqyasında Rusiyadan neft alan üçüncü ölkədir. Macarıstan və Slovakiya da Rusiyadan neft alır.
Nepalda etirazlar: Ölkəni böhrandan qadın baş nazir çıxarmalıdır

Ali Məhkəmənin keçmiş sədri Suşila Karki Nepalın yeni baş naziri olub. O, ilk qadın hökumət başçısıdır. Karki bu vəzifəyə prezident, hərbçilər və "Z nəsli" etiraz hərəkatı nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrdən sonra təyin edilib. Bu həftə görünməmiş kütləvi etirazlar keçmiş baş nazirin və onun kabinetinin istefasına səbəb olub. Son məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 51 nəfər ölüb, mindən çox insan yaralanıb.
Etirazçılar korrupsiyaya qarşı mübarizədə ad çıxarmış Karkini baş nazirliyə əsas namizəd seçiblər. O, müvəqqəti baş nazir statusu alıb və 2026-cı ilin martına təyin olunan yeni seçkilərə qədər Nazirlər Kabinetinin başında qalacaq.
Küçə təzyiqinə boyun əyən prezident etirazçıların irimiqyaslı korrupsiyada günahlandırdığı partiyaların üstünlük təşkil etdiyi parlamenti buraxıb.
Etirazlara bilavasitə səbəb hökumətin ölkədəki əksər sosial şəbəkə və messencerlərə qadağa qoyması olub. Qanlı toqquşmalardan sonra qadağa götürülüb, lakin etirazlar davam edib - bu dəfə korrupsiya əleyhinə şüarlar altında. Etirazçılar hökumət binalarına girərək onları yandırıblar, bir neçə nazir döyülüb, bəziləri isə ölkədən qaçıb. Baş nazir Şarma Oli istefa verib.
Xəbər agentliklərinin məlumatına görə, Nepal tədricən normal həyata qayıdır, Katmanduda mağazalar açılıb, küçələrdə barrikadalar sökülür.
Britaniyanın Rusiyaya sanksiyaları siyahısında azərbaycanlı da var

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək ora daha 27 müəssisə və üç şəxsi əlavə edib. Onların sırasında Türkiyənin "Mastel Makina" şirkəti ilə əlaqəli Azərbaycan vətəndaşı Şanlıq Şükürov da var.
Sanksiyalar Rusiya ilə əməkdaşlıq edən Çin, Hindistan, Türkiyə və Tailand şirkətlərini də əhatələyib.
Sanksiyalar Moskvanın Ukraynada apardığı təcavüzkar müharibəyə cavab olaraq tətbiq edilib. Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağaları daxildir.
2 sentyabr
Biznesmen İlham Rəhimov Avstraliyanın sanksiya siyahısında
Böyük Britaniya və Avstraliya sentyabrın 2-də Rusiyaya qarşı sanksiya siyahılarını genişləndiriblər.
Böyük Britaniyanın sanksiya siyahısına Çeçenistan rəhbərinin anası Aymani Kadırova, Əhməd Kadırov Fondu salınıb. Siyahıda həmçinin hökumətyönlü gənclər təşkilatları olan "Birincilər Hərəkatı", "Qələbə Könüllüləri", Tatarıstanın baş nazir müavini Leyla Fazliyeva, Çeçenistan Daxili İşlər Nazirliyinin Kadırov adına Xüsusi Təyinatlı Polis Alayının komandiri Zamid Çalaev, daha bir neçə məmur da yer alıb. Onlar Ukrayna uşaqlarını qaçırmaqda və onlara Rusiyada rəsmi ideologiya aşılamaqda günahlandırılırlar.
Avstraliyanın xarici işlər naziri Penni Vonq isə sentyabrın 2-də 14 rusiyalıya qarşı sanksiyalar elan edib. Avstraliya onların Ukraynada müharibənin davam etməsinə dəstək verdiyini, siyasi müxalifətin sıxışdırılmasında əli olduğunu bildirir.
Siyahıya Vladimir Putinə yaxın azərbaycanlı biznesmen İlham Rəhimov, Ural Dağ-Metallurgiya şirkətinin həmtəsisçisi Andrey Koziçin, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, Moskva merinin müavini Maksim Liksutov, media meneceri Kristina Potupçik salınıb. Siyahıda olan şəxslərin maliyyə sanksiyaları və səyahət qadağalarına məruz qalacağı bildirilir.
İ.Rəhimova 2023-cü ildə Kanada da sanksiya tətbiq edib, onun Rusiyanın Ukraynada apardığı müharibəni maliyyələşdirən sektorlara töhfə verdiyi bildirilib.
Rüşvət almayan süni intellekt Albaniyada nazir oldu

Albaniya yüksək dövlət vəzifəsinə süni intellekti təyin edən ilk ölkə olub. Bu barədə "Politico" nəşri məlumat verir.
"Diella" adlı bot dövlət satınalmalarına cavabdeh təyin edilib.
Baş nazir Edi Rama Diellanı "hökumətin fiziki mövcud olmayan, lakin süni intellekt alqoritmləri əsasında fəaliyyət göstərən ilk üzvü" kimi təqdim edib. AI-botun əsas vəzifəsi dövlət kontraktlarının paylanması üçün tamamilə şəffaf və "100 faiz korrupsiyasız" sistem yaratmaqdır.
Amma hamı buna əmin deyil. Bir Facebook istifadəçisi yazır: "Hətta Diella da Albaniyada korrupsiyaya uğrayacaq". Digəri əlavə edir: "Oğurluq davam edəcək və bunda Diellanı günahlandıracaqlar".
Alban dilində "günəş" mənasını verən Diella artıq e-Albania milli rəqəmsal platformasına inteqrasiya olunub, onun vasitəsilə vətəndaşlar dövlət xidmətlərinə çıxış əldə edirlər. O, ənənəvi alban geyimindədir və insanlara səsli əmrlər vasitəsilə kömək edir. Diella həmçinin sənədləri elektron möhürlərlə verir ki, bu da bürokratik gecikmələri azaltmağa kömək edir.
Albaniya uzun illərdir dövlət satınalmalarında korrupsiya ilə üzləşir, Avropa İttifaqı bunu qanunun aliliyinə dair hesabatlarında müntəzəm olaraq vurğulayır. 2025-ci ilin mayında dördüncü müddətə yenidən seçilən E.Rama ölkəni 2030-cu ilə qədər Aİ-yə daxil edəcəyinə söz verib.
Ukrayna Rusiyanın hərbi gəmisini vurduğunu deyir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) bildirir ki, xüsusi təyinatlı qüvvələri Krasnodar diyarının Novorossiysk sahillərində Rusiyanın Qara Dəniz Donanmasına məxsus bir gəmini vurub.
QUR-un məlumatına görə, 2015-ci ildə istismara verilmiş gəmi çoxfunksiyalı MPSV07 layihəsinə aiddir. O, dalğıc avadanlıqları, məsafədən idarə olunan qurğular, yan baxış üçün hidrolokator, eləcə də radioelektron kəşfiyyat vasitələri ilə təchiz olunub, dəniz dibinin araşdırılması üçün istifadə edilə bilər.
Kəşfiyyat gəminin dəyərini təxminən 60 milyon dollar olaraq qiymətləndirir. Rusiyanın dörd belə gəmisinin olduğu bildirilir.
"The Insider" nəşri çox güman ki, "Spasatel Demidov" gəmisinin vurulduğunu yazır.
QUR bildirir ki, hücum anında gəmi radioelektron kəşfiyyat aparır, Novorossiysk limanı yaxınlığında patrul xidməti həyata keçirirdi.
Zərbə dronla endirilib. Nəticədə radioelektron kəşfiyyat avadanlıqlarının məhv edildiyi və gəminin sıradan çıxaraq bahalı təmirə ehtiyac duyduğu bildirilir.
Gəminin vurulması ilə bağlı məlumatı, hələlik, müstəqil mənbələr təsdiqləməyib.
Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin təmsilçisi Dmitro Pletençuk demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Krıma ardıcıl zərbələrindən sonra Rusiyanın döyüş qabiliyyətli hərbi gəmiləri qalmayıb.
Peyk görüntüləri Rusiya Qara Dəniz Donanmasının salamat qalan döyüş birləşmələrinin məhz Novorossiysk limanında cəmləşdiyini göstərir.
Ermənistanda hərbi xidmət müddətini 6 ay azaltmaq təklif edilir

Ermənistan Müdafiə Nazirliyi məcburi hərbi xidmətin müddətini 6 ay azaldaraq 18 aya salmağı təklif edir. Qurum qanun layihəsini ictimai müzakirəyə çıxarıb.
Yeni qaydanın 2026-cı ilin yay çağırışından tətbiq olunacağı bildirilir.
"Qanun layihəsinin qəbulu məcburi hərbi xidmətin təşkili ilə bağlı xərclərin 2028-ci ildən azalmasını təmin edəcək. Çünki 2026-cı ilin yay çağırışında 18 aylıq xidmət müddəti iyulun 1-dən başlayacaq və 2027-ci ilin 31 dekabrında başa çatacaq", – əsaslandırmada vurğulanır.
'Habertürk' və 'Show TV' dövlət qəyyumunun nəzarətinə keçdi

Türkiyədə "Habertürk" və "Show TV" daxil 121 şirkət dövlətin nəzarətinə götürüldü.
Türkiyədə "Can Holding"ə qarşı cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və pul yumaq ittihamları ilə əməliyyat başladılıb. Holdinqə bağlı 121 şirkətin əmlak və aktivlərinə həbs qoyulub. İdarəçilərdən Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ daxil olmaqla ittihamlar üzrə 10 şübhəli şəxs barədə saxlama qərarı verilib.
Əmlak və aktivlərinə həbs qoyulan şirkətlər arasında "Show TV", "Habertürk", İstanbul Bilgi Universiteti, "Ciner Media", Doğa Məktəbləri İdarəçiliyi, "Turkish Tobacco" Tütün Məhsulları Satışı Anonim Şirkəti də var. Bu şirkətlərə qəyyum təyin edilib.
İstintaqı Küçükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu aparır. "Can Holding"ə bağlı şirkətlər vasitəsilə cinayət törətmək məqsədilə təşkilat qurulduğu, onun vasitəsilə ixtisaslaşmış dələduzluq, vergi qaçaqmalçılığı və mənbəyi bəlli olmayan gəlirlərin şirkət hesablarına daxil edilməsi və s. çoxşaxəli fəaliyyətlərin aparıldığı iddia olunur.
Maliyyə Cinayətləri Araşdırma Komitəsinin (MASAK) apardığı yoxlamalar əsasında başlanan istintaqda isə "Can Holding"ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan böyük məbləğdə pul daxilolmalarının edildiyi, bu pulların müxtəlif şirkətlər arasında ötürülərək izlərinin gizlədilməyə çalışıldığı vurğulanır. İttihama görə, holdinq altında yaradılan məqsədyönlü cinayət təşkilatı Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib.
Adları çəkilən şəxslərin ittihamlara münasibəti açıqlanmayıb.
'Oracle' şirkətinin qurucusu Larri Ellison dünyanın ən varlı adamı oldu

"Oracle" şirkətinin qurucusu Larri Ellison ilk dəfə "dünyanın ən varlı adamı" statusuna yiyələnib. Bu barədə "Bloomberg" məlumat yayıb. O, İlon Maskı geridə qoyub. Mask bir il idi bu siyahıya liderlik edirdi.
Sentyabrın 10-da 81 yaşlı Ellisonun sərvəti bir günün içində 101 milyard dollar artaraq 393 milyard dollara çatıb. Bu, "Oracle Corp."un rüblük hesabatının dərcindən sonra baş verib. Hesabat gözləntiləri üstələyib, şirkətin gələcəkdə daha da böyüyəcəyini göstərib.
Bu, həm də "Bloomberg" Milyarderlər İndeksinin tarixində bir gündə qeydə alınmış ən böyük sərvət artımıdır.
Ellison hazırda "Oracle" şirkətinin səhmlərinin 41 faizinin sahibdir, idarə heyətinin sədri, həmçinin texniki direktor vəzifələrini icra edir.
İ.Maskın sərvəti isə hazırda 385 milyard dollar təşkil edir.