Zelenski deyir ki, Tramp Rusiyanın enerji obyektlərinə Kiyevin cavab zərbələrini ‘dəstəkləyir’

Ukrayna Krımda Rusiyanın AN-26 təyyarəsini vurduğunu bildirir

Rusiyanın Ukraynada enerji infrastrukturuna hücumlarına cavab olaraq Kiyev də eyni zərbələr endirə bilər. Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyinə görə, bunu ona ABŞ prezidenti Donald Tramp deyib. Bu açıqlama Ukraynanın Rusiyada neft emalı obyektlərini vurduğu vaxtda verilir.

“Onlar bizim enerjiyə hücum edirlərsə, bizim də onların enerji obyektlərinə cavab verməyimizi prezident Tramp dəstəkləyir”, – Zelenski “Axios”un sentyabrın 25-də yaydığı müsahibəsində bildirib.

23 sentyabr görüşündən sonra baş verənlər

Zelenskinin dediyinə görə, Tramp Rusiyanın hərbi zavodlarına cavab zərbələrini də dəstəkləyib. Amma bu obyektlər yüksək səviyyədə müdafiə olunduğundan onlar; vurmaq daha çətin ola bilər, o əlavə edib.

Ukrayna prezidenti sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Tramp ilə görüşüb. Həmin görüşdən sonra Trampın Ukrayna ilə bağlı ritorikasında kəskin dəyişiklik müşahidə olunub. O deyib ki, Ukrayna sərhədlərinə nəzarəti “zamanla, səbirlə və Avropanın, xüsusilə də NATO-nun maliyyə dəstəyi ilə” bərpa edə bilər.

Tramp Rusiyanın ciddi iqtisadi çətinliklərlə üzləşdiyini bildirib. Amma Kreml bu iddianı təkzib edib, “Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müəyyən gərginliklər və problemlər yaşandığını” bildirib.

Ukrayna dronları son günlər Rusiyanın Başqırdıstan bölgəsində yerləşən və ölkənin ən böyük neft-kimya komplekslərindən biri olan Salavat zavoduna hücum ediblər.

Əlavə silah sistemləri ilə “Putinə təzyiq göstərmək olar”

Zelenski müsahibəsində Trampdan əlavə silah sistemləri istədiyini deyib. Bu silahlarla Putini danışıqlar masasına oturması üçün təzyiq göstərməyin mümkün olduğunu vurğulayıb.

Ukraynalı politoloq Volodimir Fesenko isə “Current Time”a deyib ki, ABŞ-nin Ukraynaya hücum xarakterli silahlar satmasını Rusiyaya Avropa və ABŞ sanksiyalarına alternativ güclü təzyiq vasitəsi kimi görür.

“Bu, pulsuz olmayacaq... Amma bununla Putinə təzyiq göstərmək olar”, – Fesenko vurğulayıb.