İki həftədir həbsdə olan vəkil Zabil Qəhrəmanov deyir ki, saxlanılanda təkcə özünün yox, azyaşlı övladının da hüquqları pozulub. Onlara münasibətdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) maddəsinin pozulduğunu vurğulayan vəkil bununla əlaqədar prokurorluğa şikayət edib.
Z.Qəhrəmanov şikayətində göstərib ki, oktyabrın 23-də 21:30 radələrində saxlanılanda azyaşlı oğlu da yanında olub. Onun sözlərinə görə, polislərdən uşağı onların nəzarəti altında aparıb evə qoymağa imkan yaradılmasını istəyib: "Hətta təklif etdim ki, polislərin avtomobili ilə uşağı aparıb evə qoyaq. Buna da icazə vermədilər. Gecə vaxtı uşağı evdən uzaqda, küçənin ortasında qoydular".
O vurğulayıb ki, polis idarəsinə gətiriləndən sonra da ailəsi ilə əlaqə saxlamaq hüququ məhdudlaşdırılıb. Ona bu imkan yaradılmayıb.
Polislə yaşananlar
Gəncə şəhər Baş Polis İdarəsində vətəndaşların başına gətirilənləri ictimaiyyətə açıqladığına görə cəzalandırıldığını deyən vəkil şikayət məktublarında bu qurumun rəhbərliyi və əməkdaşlarının ona qarşı qərəzli olduğunu vurğulayıb. Həbsindən öncə onlarla aralarında yaşanan olaylardan bəhs edib.
Vəkil yada salıb ki, müvəkkillərindən birinin hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər Baş Polis İdarəsində olarkən hətta Cinayət-Axtarış İdarəsinin bölməsinin rəis müavini Şahin Musayev ona zor tətbiq etmişdi. Həmin hadisədən sonra polisin hərəkətlərindən prokurorluğa şikayət etmişdi.
Z.Qəhrəmanovun sözlərinə görə, Gəncədə narkotik ittihamı ilə həbs olunub məhkəmədə təqsirsizliyi ortaya çıxan və bəraət alan şəxslərdən bəziləri cibinə narkotiki Ş.Musayevin atdığını deyib. Belə işlərin birində hakim təqsirləndirilən şəxsə bəraət verməklə yanaşı, polis polkovnik-leytenantı Musayev ilə bağlı araşdırma aparılması üçün onun haqqında xüsusi qərar da çıxarıb. Nəticədə həm Ş.Musayev, həm də Cinayət-Axtarış İdarəsinin rəisi Xanlar Məmmədov daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə cəzalandırılıb – X.Məmmədova töhmət verilib, Ş.Musayev isə xidmətə yararsız hesab olunub. Lakin Musayev bir müddət sonra Gəncə şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinə rəis təyin edilib.
Vəkil polis idarəsində başqa bir müvəkkilinin hədələnməsi, müstəntiq Rəşad Süleymanov ilə bu üzdən aralarında yaşanan problemi də şikayətində xatırladıb.
Z.Qəhrəmanov haqqında cinayət işinin istintaqı da müstəntiq R.Süleymanova həvalə olunub.
Xatırlatma
Gəncə Regional Vəkil Bürosunda fəaliyyət göstərən Z.Qəhrəmanov oktyabrın 23-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2 (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.
İddia olunub ki, saxlandığı gün Z.Qəhrəmanov avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib, onu vurub.
İddiaya görə, vəkil saxlandığı gün Şəmkir sakini Emin İbrahimov da Gəncə şəhər Baş Polis İdarəsinə ondan şikayət edib. Göstərib ki, Z.Qəhrəmanov ona vəkillik edib və prosesin onun istədiyi kimi başa çatacağına söz verib, 5 min 600 manat pulunu alıb. Lakin son nəticədə proses onun istədiyi kimi yekunlaşmayıb.
Z.Qəhrəmanov isə hər iki ittihamın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.
Həbsindən iki həftə öncə - oktyabrın 8-də Daxili İşlər Nazirliyindən gələn şikayət əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Z.Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 aylıq dayandırılmasına qərar verilmişdi.
Z.Qəhrəmanov bir sıra səs-küylü işlərdə müdafiəçi qismində çıxış edib. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamı ilə 11 il cəza alıb 4 il sonra bəraət hökmü ilə azadlığa çıxan Polad İsmayılovun, Tərtər hadisələrində bir neçə zərərçəkmişin və bir sıra ictimai-siyasi fəalların vəkili olub.