Gəncədəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də bu barədə qərar qəbul edib.
Qərara əsasən, Zabil Qəhrəmanov 6 ay vəkil kimi fəaliyyət göstərə bilməyəcək.
Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi və orada bir sıra qərarların qəbulu barədə məlumat yaymışdı. Orada bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”.
Lakin Vəkillər Kollegiyası cəzalandırılan vəkillərin kimliyini açıqlamamışdı.
Z.Qəhrəmanovla yanaşı, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.
Z.Qəhrəmanov Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına görə cəzalandırılıb. R.Rüstəmov haqqında intizam icraatı isə vətəndaş şikayəti əsasında başlanıb və nəticədə onun da fəaliyyəti dayandırılıb.
Z.Qəhrəmanov bir sıra səs-küylü işlərdə müdafiəçi qismində çıxış edib. Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb, meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamıyla 11 il cəza alıb, 4 il sonra bəraət hökmüylə azadlığa çıxan Polad İsmayılovun vəkili Z.Qəhrəmanov olub. O, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü, şahmat müəllimi Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 1-də keçirilən iclasında isə 2 vəkilin – Elxan Osmanovla Cavidan Osmanlının fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edilib. Bunun üçün Vəkillər Kollegiyası məhkəməyə üz tutacaq.