Anlaşılması çətin olay: 3 yaşlı qızın toydan oğurlanması

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Ağstafa rayonunun Aşağı Göyçəli kəndində dörd ay öncə toya gələn ailənin 3 yaşlı qızı elə toy çadırının önündən qaçırılmışdı. Bu olayla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırmalar yekunlaşıb və uşağı oğurlamaqda suçlanan 57 yaşlı Telman Omarova 12 il 6 ay həbs cəzası kəsilib.

Uşağın qəfildən yoxa çıxdığını görən yaxınları onun yaxınlıqdakı arxa düşə biləcəyini düşünüb. Lakin kənd sakini Elmar xəbər verib ki, T.Omarov onu öz "Lexus"una mindirib aparıb. Ona mane olmaq istəsə də, gücü çatmayıb, itələnib yıxıldığından həmin şəxs maşını sürüb gedib. Daha sonra uşağın ailəsi və başqa qohumlar birbaşa Omarovun evinə yollanıblar.

Onun həyətində uşağı aparmağa gələnlərdən birini it qaparaq yaralayıb. Səs-küyə T.Omarov qucağında uşaqla həyətə çıxıb. Bu zaman sərxoş vəziyyətdə olduğuna görə həm özü iki dəfə yıxılıb, həm də uşaq əlindən yerə düşüb.

Şahidlərin dediyinə görə, uşağı evdən çıxaranda onun əynində olan şalvar dizinə qədər aşağı çəkilmiş vəziyyətdə olub. Bu üzdən, ekspertiza uşağa cinsi təcavüz olub-olmadığını da araşdırıb və belə bir hal aşkarlanmayıb.

II qrup Qarabağ əlili olan T.Omarov Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsiylə özünü qismən təqsirli bilir. Həmin toya onun heç çağırılmadığını, toy sahibinin ona borcu olduğuna görə oraya getdiyini söyləyib: "Çöldə uşaq mənə yaxınlaşdı, qucağıma götürüb üzündən öpdüm, yerə qoydum. Maşınla mağazaya apardım ki, ona nəsə alım. Yolda qəza oldu. O biri maşına dəyən ziyanı ödəmək üçün evə pul götürməyə getdim. Yadımdan çıxdı ki, maşında uşaq var. Həyətə çatanda uşaq yadıma düşdü. Evdən pulu götürəndə Paşa zəng elədi ki, uşaq səndədir? Mən də təsdiqlədim, dedim, toya qayıdıram, gətirirəm...".

Onun sözlərinə görə, həyətə çıxanda adamların gəldiyini görüb.

Zərərçəkmiş ailə isə bildirir ki, T.Omarov toy başlanandan sonra bir neçə dəfə onların yanından ötsə də, niyyətini anlamayıblar: "Uşaq yoxa çıxandan sonra bildik ki, o aparıb. Uşaq onu tanımayıb. Ona pul uzadıb, çağırıb. Uşağı qaçıranda Elmar onun əlindən almaq istəyib. Elmarı təpiklə vurub itələyib. Uşaq ağlamasın deyə, ağzını tutub maşına mindirib".