Türkmənistanın qərbində dövlət sektorunda çalışan ifaçılara tapşırılıb ki, Müstəqillik Günü ərəfəsində çəki atsınlar və "səliqəli" görünsünlər. Bu haqda AzadlıqRadiosuna bir neçə işçi məlumat verib.
Türkmənistanda Müstəqillik Günü sentyabrın 27-də qeyd olunur.
Aktyor, müğənni, rəqqasların iddiasına görə, Balkan vilayətində yerli rəsmilər artıq çəkili ifaçılara deyiblər ki, rəsmi bayram tədbirlərinəcən arıqlamasalar, nəticələrə hazır olmalıdırlar.
İddialara görə, arıqlaya bilməyən şəxslərə deyilib ki, səhnəyə və ya televiziyaya çıxmalarına icazə verilməyəcək, hətta işlərini də itirə bilərlər.
Göstərişin Türkmənistanın avtoritar keçmiş prezidenti, Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovdan gəldiyi deyilir. Xalq Məclisi ölkənin hakimiyyət bütün qanadlarını nəzarətdə saxlayır, siyasətlərini müəyyənləşdirir.
"Berdiməhəmmədovun göstərişi əsasında artıqçəkili mədəniyyət işçilərinə sentyabrın 27-cən arıqlamaq, xüsusilə qarın piylərini əritmək tapşırılıb. Onlara açıq və sərt şəkildə xəbərdarlıq edilib ki, arıqlamasalar, mədəniyyət sistemindən çıxarılacaqları", – bir aktyor AzadlıqRadiosuna deyib.
Başqa bir ifaçı isə bildirib ki, rəsmilər onların "çox arıq" olmalarını da istəmirlər.
Onlar adlarının çəkilməməsi şərti ilə danışıblar, çünki təqiblə üzləşə bilərlər. Axı, Türkmənistan hökuməti hər hansı tənqidi qəbul etmir.
Türkmənistan keçmişdə polis işçilərinə arıqlamaq göstərişi verilmişdi, əks halda, işdən çıxarılacaqları deyilmişdi.
Qurbanqulu Berdiməhəmmədov Aşqabadda velosiped sürür
Sağlıqlı qida əlçatan deyil
Region paytaxtı Balkanabatdakı Saparmurat Türkmənbaşı Dövlət Dram Teatrının bir aktyorunun sözlərinə görə, mədəniyyət sahəsində çalışan ifaçılar təyin olunan vaxtadək arıqlamaq üçün tələsik pəhrizə başlayıblar.
Di gəl, çoxları az maaşları ilə sağlam qidalanmağı, idman zallarına üzv olmağı çatdırmırlar.
"Maaşımız keyfiyyətli tərəvəz, meyvə, azyağlı ət almağa çatmır", – deyən aktyor əlavə edib ki, ifaçılar həm də tədbirlərdə geyindikləri bütün kostyumların pulunu ödəmələri olurlar.
Başqa bir işçinin radioya dediyinə görə, az maaş insanları ağ çörək kimi daha ucuz qida məhsullarını almağa vadar edir.
"Məsələn, brokoli çox bahadır. Bir kilo alma 50 manat, bir kilo portağal 60 manatdır, aylıq idman zalı üzvlüyü isə min manatdır. Aylıq 3 min manat maaşımızla bunların çoxunu almaq mümkün deyil", – o deyib.
Türkmənistan Milli Bankının məzənnəsinə görə, bir ABŞ dolları 3.49 manatdır. Amma reallıqda manat rəsmi məzənnədən xeyli ucuz satılır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gündəlik qadağalar
Türkmənistanın qonşuları Tacikistan və Özbəkistanda əvvəllər artıqçəkili polis işçilərinə arıqlamaq üçün altı aylıq müddət veriblər. Müddəti yerinə yetirməyən ən azı 10 tacik polis əməkdaşı vəzifəsindən azad edilib.
Hazırkı prezident Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədov "sağlam həyat tərzi" adlandırdığı mövzuya düşkünlüyü ilə tanınır.
Hər ilin aprelində ölkədə Sağlamlıq və Xoşbəxtlik Ayı qeyd olunur; dövlət işçiləri və tələbələr kütləvi qaçışlar, velosiped yarışlara qatılırlar.
Qazla zəngin bu Orta Asiya ölkəsində çox sayda insan hökumətin repressiv siyasətindən, geniş yayılmış korrupsiyadan, yoxsulluqdan narazıdır. Milyonlarla türkmən ölkələrini tərk etmək məcburiyyətində qalıb.
"İndi Berdiməhəmmədov hətta qarınlarımızın ölçüsünü də nəzarətdə saxlamaq istəyir. Hökumət bircə buna əl qoymamışdı", – Balkanabatdakı dram teatrının işçisi deyib.