Hazırda Türkiyədə 45 min nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Qurum bildirir ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların (sertifikat, attestat, diplomun) tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19 faiz) Türkiyənin payına düşür.
Ötən altı ilə münasibətdə Türkiyədə təhsillə bağlı həmin müraciətlərin 5 min 107-si barədə müsbət, 220-dən isə imtina qərarı verilib. "İmtina səbəblərinə nəzər saldıqda Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan "açık öğretim" təhsil forması üzrə kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması... əsas diqqət yetirilməli olan məqamlardır", - məlumatda əlavə edilir.
Qurumun açıqlamasına görə, 2019–2024-cü illər üzrə Türkiyənin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün edilən müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunsa da, ümumi 5 min 327 müraciətdən yalnız 19.71 faizi beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərə aiddir.
Hər il Azərbaycandan Türkiyəyə ali təhsil üçün gedənlərin sayı artır. Dörd-beş il öncə Türkiyədə təhsil alan Azərbaycan gənclərinin sayı 20 mindən bir qədər çox göstərilirdi.