Türkiyə Böyük Britaniyadan 20 'Eurofıghter' almaq üçün müqavilə imzalayıb

"Eurofighter Typhoon"

Oktyabrın 27-də Türkiyə Böyük Britaniyadan 20 yeni "Eurofighter Typhoon" almaq üçün 8 milyard funt (10.7 milyard dollar) dəyərində razılıq əldə edib. Ankara həmçinin Körfəz ölkələrindən əlavə 24 təyyarə almaq niyyətini açıqlayıb. Xəbəri "Reuters" yayıb.

Müqaviləni Böyük Britaniyanın baş naziri Kir Starmer və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Baş nazir postunda Türkiyəyə ilk səfərini edən Starmer bunu "tarixi an" adlandırıb. Ərdoğan isə birgə müdafiə sənayesi layihələrinin davam edə biləcəyini söyləyib.

Bəzi analitiklərin bu müqaviləni "bahalı" adlandırır.

Müdafiə Nazirliyi isə bildirib ki, Türkiyə Oman və Qətərin hər birindən əlavə 12 "Typhoon" almağı planlaşdırır.

22 oktyabr

Türkiyə 40 ədəd 'Eurofighter Typhoon' əldə etməyə çalışır

Türkiyə Avropadakı tərəfdaşlarına, ABŞ-yə müasir qırıcıları tez əldə edə bilməsinin yollarını təklif edib. Ankara 40 "Eurofighter Typhoon" qırıcısı əldə etmək üçün iyulda ilkin razılaşma da əldə edib, Vaşinqtonun sanksiyalarına baxmayaraq F-35 də ala bilər.

"Reuters" yazır ki, Türkiyənin qonşuları olan İran və Suriyaya İsrailin zərbələri Ankaranı lap təbdən çıxarıb. İsrail ordusunda ABŞ-nin verdiyi yüzlərlə F-15, F-16 və F-35 qırıcıları var.

Digər tərəfdən, Türkiyəyə, əsasən, simvolik, amma həssas təhdid sayılan Yunanıstan növbəti üç ildə müasir F-35-lər əldə edəcək.

Türkiyə artıq Britaniya və digər Avropa ölkələri ilə əldə etməyə yaxın olduğu razılaşma ona 12 işlənmiş "Typhoon" qırıcısını Qətər və Omandan sürətlə almağa imkan verəcək. Bunu agentliyə məsələdən agah mənbə deyib.

"Eurofighter" konsorsiumunun üzvləri olan Britaniya, Almaniya, İtaliya və İspaniya ikinci əl satışını təsdiqləyəndən sonra gələn illərdə Türkiyəyə 28 yeni qırıcı veriləcək.

Bir neçə milyard funt-sterlinqlik 40 təyyarə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 22-23-də Qətər və Omana səfəri zamanı qırıcıların sayını, qiymətini müzakirə edəcəyi gözlənilir.

Daha sonra isə bu ayın sonunda Ərdoğan Britaniyanın baş naziri Kir Starmer və Almaniyanın kansleri Fridrix Mertsi öz ölkəsində qəbul edəcək, razılaşmalar da o zaman imzalana bilər, - mənbələr belə deyirlər.

İyulda Britaniya və Türkiyə anlaşma memorandumu imzalayıblar. Britaniya hökumətinin sözçüsü "Reuters"ə deyib ki, bu sənəd bir neçə milyard funt-sterlinqlik 40-dək təyyarənin sifarişinə yol açır.

Türkiyə Müdafiə Nazirliyi yekun razılaşmanın əldə olunmadığını, Britaniya ilə danışıqların müsbət istiqamətdə getdiyini bildirir. Qətər və Oman məsələni şərh etməyib.

İsrail F-35-lərinin hava şousu

F-35 qırıcılarına gəlincə, Vaşinqtonun 2020-ci ildə tətbiq etdiyi CAATSA sanksiyaları bunu mümkünsüz edir. Məhdudiyyətlər Ankaranın Rusiyadan S-400 havadan müdafiə sistemləri almasına görə qoyulub.

Ayrı-ayrı mənbələrin dediyinə görə, Ankara belə bir təklif irəli sürmək istəyir: ABŞ prezidenti bu sanksiyaları müvəqqəti dondurur və bununla da F-35 məsələsi həllini tapır.

Türkiyənin 40 ədəd F-16 alması ilə bağlı razılaşma üzrə danışıqlar isə dalana dirənib, çünki Ankara bu daha öncəki nəsil qırıcının qiymətindən narazıdır, həm də əvəzində daha müasir F-35 almaq istəyir.

KAAN üçün yerli mühərrik hazır deyil

Bu arada Türkiyə özünün KAAN stels qırıcısını hazırlayıb. Amma rəsmilər onun F-16-ları əvəzləməsi üçün illərin gərəkdiyini etiraf edirlər.

"Forbes" yazır ki, KAAN qırıcısı üçün də Türkiyəyə Amerikanın dəstəyi lazımdır. Ankara 2028-ci ildə ilk modelləri Amerikanın "General Electric" şirkətinin F110 mühərrikləri ilə təchiz etməyi planlaşdırır. Bu, F-16 təyyarələrində istifadə olunan mühərrikdir.Türkiyə istehsalı TF-35000 mühərrikinin 2032-ci ildən tez hazır olacağı gözlənilmir.

Türkiyə KAAN-ı ixrac etməyi də planlaşdırır. Amma yerli mühərrik olmasa, Ankara ABŞ-dən, yaxud mühərrik aldığı istənilən xarici ölkədən icazə almalı olacaq.

Dərgi qeyd edir ki, 2030-cu illərə doğru KAAN qırıcısının inkişafı və F-35-lərin paralel alınması Türkiyə Hərbi Hava Qüvvələrini modernləşdirmək üçün vacibdir. Türkiyənin indiki döyüş təyyarələri donanmasının əsasını 250-dən çox F-16 modelləri təşkil edir. Bura həm köhnə "Block 30"lar, həm də daha müasir "Block 50/52" daxildir.